19 oktyabr 2020 18:33
2295

Ali təhsili olmayan məşhurlar

Bu yazıda sizə ali təhsili olmayan məşhurları təqdim edirik

Maykl Dell 

Maykl ilk qazancını hələ məktəbdə təhsil alarkən qazanıb. O, vətəni Hyustonda qəzet və jurnal satmaqla məşğul olub. Sonra isə Maykl kompüterlə maraqlanaraq kustar üsulu ilə hazırlanmış elmi hesablama maşınları satmağa başlayıb. Onun hazırladığı EHM-lər o dərəcədə maraq doğurub ki, Maykl təhsil almadan “Dell Computer Corporation” şirkətinin əsasını qoymaqla, dünyanın ən yaxşı kompüterlərindən birini hazırlamağa başlayıb.

Mark Zükerberq

Maraqlı faktlardan biri də odur ki, məşhur "Facebook» sosial şəbəkəsinin yaradıcısı və prezidenti Mark Çukerbergi yüksək sosial statusa və dünyanın ən yaxşı mağazalarından geyim almaq üçün maliyyəsinin olmasına baxmayaraq, hələ də dünənki tələbə kimi geyinir. Mark Harvard universitetində psixologiya fakültəsində təhsil aldığı zaman yoldaşları ilə birləşərək 2004-cü ildə “Facebook” sosial şəbəkəsinin əsasını qoyub. Lakin sonra  ali təhsilini başa vurmayıb. Buna baxmayaraq, hal-hazırda onun sərvəti 84 milyard dollar təşkil edir.

Koko Şanel

Dərziliklə məşğul olaraq böyük fransız modelyerinə çevrilən Koko Şanelin heç bir təhsili yox idi. O, yetimxanada böyüyür, sonra kafeyə işə düzəlir. Burada həm tikiş işləri ilə məşğul olur, həm də oxuyur. Şanelin stil və dəbə tamamilə qeyri-adi baxışları var idi. Kişilərin dəstəyindən istifadə edərək özünün ilk şlyapa emalatxanasını açır. Onun ilk müştəriləri istedadlı gənclər və reklamçıları olur. Kiçik şəxsi biznes sonradan böyük modalar evinə çevrilir. Koko Şanel - qadın necə görünməlidir, barədə təsəvvürləri tamamilə dəyişdirərək baxışlarda inqilab etdi. Onun sərbəst, eleqant, universal geyimləri, demək olar ki, təkcə görkəmi deyil, planetin qadınlarının xarakterini də dəyişdirdi. Şaneli XX əsrin 100 ən nüfuzlu şəxsiyyətlərindən biri hesab edirlər.

Roman Abramoviç

“Çelsi” klubunun sahibi və siyasətçi R Abramoviç Uxtin universitetində meşə texnikası fakültəsində təhsil alırmış. Lakin  təhsilə marağı olmadığından o, tezliklə tələbəlikdən imtina edib. 80-ci illərdə kiçik biznesə başlayır, o, əvvəlcə istehsaldan başlayır, daha sonra isə ticarət və vasitəçilik əməliyyatlarına keçir. Daha sonra isə neft ticarəti onun başlıca istiqamətinə çevrilir. O, sıx şəkildə Boris Berezovski və Boris Yeltsin ilə münasibət qurmağa başlayır. Deyirlər ki, məhz bu səbəbdən, o, «Sibneft » neft şirkətini əldə edə bilmişdir.

Qavril Yuşvaev

Gənc yaşlarında Moskvaya gələn Mahaçqala sakini olan Qavril Yuşvaev də ali təhsil almayıb. 23 yaşında o, soyğunçuluğa görə həbs olunaraq ömrünün 9 ilini dəmir barmaqlıqlar arasında keçirib. 1989-cu ildə həbsxanadan çıxdıqdan sonra gələcəkdə gələcəyin digər təhsilsiz milyarderi David Yakobaşvili ilə “Triniti” avtosalonunu açır və onların bu salonunda  yalnız  ABŞ istehsalı olan maşınlar satılırdı. Sonra isə biznesmenlər kazino açıblar.

Valeri Koqan

Valeri Rusiyanın ən böyük hava limanı olan Domodedovonun sahibidir.  Valeri “Forbes” jurnalında özünəməxsus yer tutub. Deyilənlərə görə,sərvəti 2,5 milyard təşkil edən bu məşhur ali təhsil almayıb.

Oleq Tinkov

O, hələ məktəbdə oxuyarkən  şose kənarında satılan malları ucuz qiymətə alıb satmaqla məşğul olardı. Oleq xarici vətəndaşlara cins şalvar və parfümeriya malları satırdı. Sonra isə Oleq Sinqapurdan aldığı 7 dollarlıq kalkulyatorları 10 dəfə baha satmaqla pul qazanıb. Hal-hazırda bu məşhur iş adamının sərvəti təxminən 1,4 milyard dollar təşkil edir.

Cimmi Hendriks

Amerika musiqiçisi, müğənni və bəstəkar Cimmi Hendriks 2009-cu ildə "Time" jurnalı tərəfindən bütün zamanların və xalqların böyük gitaraçısı seçilib. Rok musiqiçilərinin əksəriyyəti peşəkar təhsil almayıblar. Doğrudan da "rok" və "məktəb" sözlərinə bir yerdə çox nadir hallarda rast gəlmək olur. Ancaq Hendriks onların arasında fenomenal nümunə idi. Onu hələ sağlığında rok tarixində böyük virtuoz adlandırırdılar. Hendriks təbiətin ona bəxş etdiyi istedad sayəsində elektrik gitarasında yeni səslənmə imkanlarının sonsuz elementlərini kəşf etdi. Solaxay olan Hendriks sadəcə çalmırdı, gitara ilə elə hərəkətlər edirdi ki, bunu yalnız musiqi aləti ilə vahid bir mövcudiyyət təşkil edən musiqiçi edə bilərdi. Tənqidçilər Hendriksin yeniliklərindən danışarkən qeyd edirlər ki, o, elektrik gitarasının diapazonunu və lüğət ehtiyatını genişləndirdi, rok musiqisinin simasını dəyişdirdi.

 Samirə Tağıyeva, "İki sahil"