![]() |
Nurəddin Muğanlı |
Bu gün bütün dünya Qarabağa Azərbaycan pəncərəsindən boylanır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bir il əvvəl "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi" fikrini şanlı ordumuz 44 gün ərzində reallığa çevirib tarixi ədaləti bərpa etdi. Bəli, indi Vətənimiz daha əzəmətli, millətimiz daha qürurlu, dövlətimiz daha qüdrətli, ordumuz daha yenilməzdir. Sağımız-solumuz doğma Vətən torpaqlarıdır, zaman bizim zaman, dövran bizim dövrandır...
Azərbaycan haqq savaşına qalxdığı gündən düşmən təslim olan günə kimi bütün dünya liderləri yalnız Bakı vaxtı ilə “işlədilər”, gözləri Milli Ordumuzun cəbhəboyu apardığı uğurlu hərbi əməliyyatlara dikildi. Silahlı Qüvvələrimiz əldə etdiyi tarixi qələbə ilə Azərbaycanın bir daha dünyanın güclü, inkişaf etmiş dövlətlərindən biri olduğunu təsdiqlədi. Böyük və yenilməz Ermənistan haqqında miflər dağıldı. Odlar yurdu Azərbaycanın regionda həm söz, həm də güc sahibinə çevrilmiş bir dövlət olduğunu etiraf edənlər də oldu, ordumuzun modern silahlarla düşmənə endirdiyi sarsıdıcı zərbələrdən təşvişə düşənlər də...
Biz isə sadə Azərbaycan vətəndaşı olaraq arxa cəbhədə hər birimiz bacardığı qədər, imkanı daxilində ordumuza, əsgərlərimizə dəstək olmağa çalışdıq. Çünki ön cəbhədə Vətən uğrunda ölüm-dirim savaşına qatılan oğullarımız hər dəfə yüksəkliklərdə üçrəngli bayrağımızı dalğalandıranda başımız ucalırdı, ruhumuz dirçəlirdi, hamımız eyni hissləri keçirirdik, eyni sevincə ortaq olurduq. Bu hisslər bu gün də davam edir. Paytaxt Bakı Qarabağın mənəvi paytaxtı Şuşayla qolboyun olmaq üçün qollarını açıb. Şuşa şəhərinə şose yolun inşasına start verilməsi, Ali Baş Komandanın Füzuli şəhərində, Xudafərin körpüsündə və Cəbrayıl şəhərində şanlı Azərbaycan bayrağını qaldırması xalqımızın möhtəşəm Qələbə sevincinə sevinc qatdı. Ona görə ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə səfəri Böyük Qələbəmizin rəsmiləşdirilməsi idi. Bu Qələbənin əsas müəllifləri Vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə yerinə yetirən cəngavər libası geyən mərd əsgər və zabitlərimizdir. Onlar şanlı zəfər tariximizin qızıl səhifələrinə öz qanları ilə imza atdıqca bir millət olaraq qanımız duruldu. 30 ilə yaxın davam edən yüzminlərlə soydaşımızın yurd nisgilinə son qoyuldu. “Siz təcavüzkar Ermənistanı məğlub etməklə Türk millətinə də böyük hədiyyə etdiniz. Buna görə Sizə minnətdarıq.” Bu sözləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, Türkiyənin sabiq Xarici İşlər naziri Hikmət Çətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yazıb. Qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qarabağ azərbaycanlı qardaşlarımızın yenidən döndüyü torpaqlar olacaq” bəyanatı da “Bir millət, iki dövlət” fəlsəfəsinin əməli işdə təntənəsi kimi qürurvericidir.
İşğalçı Ermənistan sentyabrın 27-də başladığı müharibəyə 44 gün davam gətirə bilmədi. Xarici havadarlarına güvənən Ermənistan ordusu darmadağın edildi. Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. İstər tək, istərsə cüt rəqəmlərin təkcə riyazi deyil, həm də magik xassələrə malik olduğunu sübut etməyə çalışan «Numerologiya” elmində 44 rəqəmi şəxsiyyətin öz fiziki gücündən istifadə etməklə qarşı tərəfi susdurmağa cəhd göstərməsi kimi təhlil olunur. Bizım Muğan tərəflərdə yolunu azmış adama hədə-qorxu biçəndə deyərlər: “Sənə bir “toy” tutaram ki, 44 deyə-deyə qalarsan.”
Təbii ki, “toy tutmaq” bizim folklorda bəzən cəza anlamında işlədilir. Bizim Milli Ordumuz da elə 44 gün düşmənə əməlli-başlı “toy” tutdu. Bütün dünya, eləcə də Qarabağ və ətraf rayonlarımızın işğal problemini həll etməli olan beynəlxalq təşkilatlar 30 ilə edə bilmədiklərinin 44 gündə həll olunduğunun şahidinə çevrildi. Əsl toy və şənliklərin isə Azərbaycan xalqının rəvayətlərində, qəhrəmanlıq dastan və nağıllarında 40 gün, 40 gecə davam etdiyindən bəhs olunur. Mənbələrdə göstərilir ki, sufi və hürufi təlimində təkcə hərflərin müqəddəsliyi deyil, həm də rəqəmlərin rəmzi ilə kainatın sirlərini izah edirdilər. 4 rəqəmi həm həyatın - od, su, hava, torpaq, həm də sufilərin və hürufilərin keçdiyi 4 müqəddəs yolla bağlıdır: şəriət, təriqət, mərifət və həqiqət.
Həqiqət naminə savaşan Azərbaycan əsgəri dinc əhalini qətlə yetirən, yaralıları daşıyan təcili yardım maşınlarına atəş açan erməni əsgərindən fərqli olaraq müharibəni kişi kimi, həm də mərifətlə apardığı barədə hərbi ekspertlər çoxlu fikirlər söyləyirlər. Dünya şahiddir ki, döyüş meydanında düşmənin başına od yağdıran Azərbaycanın Pilotsuz Uçuş Aparatları mülki obyektlərə və tibbi xidmət nişanlı maşınlara atəş açmırdı. Bunu düşmənlər də etiraf edir. Eduard Vartanyan adlı erməni döyüçünün dediyinə görə, Cəbrayılda erməni general təcili tibbi yardım maşınınına minərək döyüş meydanından qaçıb. Sonralar tibbi yardım maşını ilə qaçmasına haqq qazandıran general müxbirə etiraf edib ki, mən bilirdim ki, Azərbaycan əsgərləri təcili yardım maşınına atəş açmayacaqlar.
Çox təəssüf ki, bu gün dünyanın aparıcı informasiya vasitələrinin obyektivinin önündə sadə ermənilər belə Azərbaycana aid ərazilərdə ekoloji terror törədirlər, Kəlbəcərdə istismar etdikləri evləri yandırırlar, nadir ağacları kəsirlər, mal-qaranı güllələyirlər, su hövzələrini zəhərləmək istəyirlər. Ən maraqlısı da budur ki, bunları görə-görə hələ də bəzi informasiya vasitələri qıcıq yaradırlar.
Mən inanmıram ki, dünyanın ən məşhur teatr və kino aktyorları bu gün tərk etdikləri evlərə od vuran, ağacları kəsən, mal-qaranı güllələyən, suyu zəhərləyən i hər hansı erməninin rolunu oynaya bilsin. Erməni faşizminin xislətini bütün dünya tanımalıdır. Dünya dərk etməlidir ki, 28 il əvvəl dədə-baba torpaqlarından didərgin salınan azərbaycanlılar təkcə evlərinin açarlarını özləri ilə götürmüşdülər. Bilirdilər ki, geç-tez ora qayıdacaqlar. Azərbaycan xalqının ən sadə insanları da, ordumuzun əsgər və zabitləri də mifik nağıl qəhrəmanları deyil. Onlar Vətən ruhlu gerçək əsərlərin qəhrəmanıdır. Şübhəsiz ki, Vətən müharibəsinin və arxa cəbhə qəhrəmanlarının həyatı, onların Vətənə məhəbbəti, əsgər yoldaşlığı, dostluğu, xalqımızın birliyi və başqa nəcib xüsusiyyətləri tezliklə orta məktəb dərsliklərində də öz əksini tapacaqdır.