KÖŞƏ

Elçin Zaman

Ermənistana və  havadarlarına tarixi dərs

04 dekabr 2020 17:27
3107

Sübut etdik ki, işğala hərb yolu ilə son qoymaq mümkündür

44 gün davam edən İkinci Qarabağ savaşı hərb  tariximizin parlaq səhifəsi olmaqla, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Ötən 17 ildə tariximizin ən möhtəşəm uğurlarına nail olan Ali Baş Komandanımız İlham Əliyev bu dəfə Azərbaycanı həm qalib dövlət etdi, həm də onun liderlər sırasındakı yerini daha da möhkəmlətdi. 

Burada çox önəmli məqam isə sentyabrın 27-dən sonra könüllü olaraq Vətən uğrunda savaşda iştirak etmək istəyənlərin sayının durmadan artması idi. Məhz buna görə də Ali Baş Komandan tərəfindən yalnız qismən səfərbərlik elan edildi. Bununla da Azərbaycan xalqı işğalçı Ermənistan cəmiyyətində baş verənlərdən fərqli olaraq yüksək vətənpərvərlik hisslərinə malik olduğunu, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

Təbii ki, vətəndaşlarımızın vətənpərvərlik  ruhuna köklənməsini təmin edən başlıca amil ölkə rəhbərliyinin yürütdüyü siyasət, Prezident İlham Əliyevin fəaliyyətində ərazi bütövlüyünün bərpasının prioritet təşkil etməsidir. Ölkəmizin başçısı daim bəyan edirdi ki, Azərbaycanın yeganə problemi torpaqlarımızın işğal altında qalmasıdır. Onun ordu quruculuğu ilə bağlı gördüyü işlər, məcburi köçkünlərə qayğısı, beynəlxalq səviyyədə milli maraqlarımızı qətiyyətlə təmin etməsi, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən övladlarına dərin ehtiramı nəticə etibarilə Azərbaycan cəmiyyətində vətənpərvərlik ruhunun daha da güclənməsinə yol açdı. Ona görə də böyük əksəriyyəti atəşkəs dövründə doğulub böyüyən, 90-cı illərin əvvəllərində baş verənlərin şahidi olmayan və 44 günlük müharibədə qələbəmizi təmin edən gənc nəsil ən yüksək vətənpərvərlik hisslərinə malikdir.

Torpaqlarımızın azadlığı uğrunda ayağa qalxan xalqımız öz liderinin - Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu göstərdi. Bir daha sübut olundu ki, Prezident İlham Əliyev xalqının dərin rəğbətini qazanan rəhbərdir. Vətən müharibəsindəki Qələbə həm də İlham Əliyevin öz xalqına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini göstərdi. Cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.

Şəhər və rayonlarımızın, kəndlərimizin bir-birinin ardınca azad edilməsi ilə Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 ildir qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi. Ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu. Ermənistan ordusu ermənilərin özləri haqqında yaratdıqları «məğlubedilməzlik mifi»nin üstündən xətt çəkdi. Düşmən ordusunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsi məhv edildi.

Bir sözlə, bu qələbəmiz bir daha göstərdi ki, Prezident İlham Əliyevin həm ermənipərəst ölkə və təşkilatlara, həm də Ermənistan siyasi rəhbərliyinə ötən 17 ildə dəfələrlə dediyi müharibə hələ bitməyib və biz işğaldakı torpaqlarımızı hərb yolu ilə də almağa qadirik sözləri tamamilə reallaşdı.

Qeyd edək ki, ötən onilliklər ərzində ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlar iddia edirdilər ki, münaqişənin hərbi həlli mümkün deyil, Dağlıq Qarabağ problemi danışıqlar yolu ilə yoluna qoyulmalıdır və s. Bununla da onlar əslində problemin həllinə yanaşmada ikili standartlara meyil edirdilər. Çünki beynəlxalq praktikada, xüsusən, son onilliklərdə işğala güc yolu ilə son qoyulmasına dair kifayət qədər faktlar mövcuddur.

Məhz ölkəmiz sentyabrın 27-dən başladığı əks-hücum  əməliyyatları ilə göstərdi ki, Ermənistanın işğal siyasətinə də güc yolu ilə son qoymaq mümkündür. Noyabrın 25-də xalqa müraciətində Kəlbəcərin işğaldan azad olunması münasibətilə həmvətənlərimizi təbrik edən Prezident İlham Əliyev bu barədə deyib: «Mən bir daha danışıqlar dövrünə qayıtmaq istəyirəm. O vaxt dəfələrlə mənə deyilirdi ki, münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır. Deyə bilərəm ki, bütün beynəlxalq təşkilatlar, təmasda olduğum bütün böyük dövlətlərin liderləri dəfələrlə deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Bu ifadələr açıq mətbuatda da var. Mən nə deyirdim? Deyirdim ki, var! Deyirdim ki, lazım olsa, torpaqlarımızı hərbi yolla azad edəcəyik. Deyirdim ki, müharibə heç zaman istisna olunmur. Danışıqlar dövründə müxtəlif mərhələlərdə dəfələrlə təklif irəli sürülürdü ki, Azərbaycan tərəfi müharibə yolundan imtina etsin. Mən heç vaxt buna razılıq vermirdim».

Beynəlxalq təşkilatların qətnamələri və beynəlxalq hüququn normaları əslində Azərbaycana ərazilərini güc yolu ilə qaytarmağa imkan verirdi. O cümlədən BMT-nin nizamnaməsi də hər bir dövlətin hərbi yolla öz ərazi bütövlüyünü təmin etmək hüququnu tanıyır. Azərbaycan da ərazilərini işğaldan azad edərək məhz bu hüquqa istinad etdi və uğurlu diplomatik fəaliyyətin ardından sübuta yetirdi ki, işğala güc yolu ilə son qoymaq mümkündür.

Ermənistan silahlılarının güc yolu ilə işğal olunmuş torpaqlarımızdan çıxarılmasına gedən yolda tarixi həqiqətlər və real vəziyyət də davamlı şəkildə dünya ictimaiyyətinə çatdırıldı. Prezident İlham Əliyevin səyləri nəticəsində ölkəmiz Ermənistanın və havadarlarının yaratdığı mifləri dağıtmağı, informasiya müharibəsində üstünlük əldə etməyi bacardı. Azərbaycan Prezidenti bütün beynəlxalq təmaslarda, ayrı-ayrı dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlərində, beynəlxalq tədbirlərdə iştirakı zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini, tarixi və mövcud vəziyyət haqqında həqiqətləri daim dünya ictimaiyyətinə çatdırdı.

Digər tərəfdən, Azərbaycan diplomatiyası uğurlu fəaliyyəti ilə Ermənistanın və onun havadarlarının müxtəlif təşkilatlarda anti-Azərbaycan xarakterli sənədləri qəbul etdirmək cəhdlərinin qarşısını məharətlə aldı. Ermənistanın danışıqlar prosesində imitasiya etdiyi aydın idi. Bu gün işğal olunmuş ərazilərimizdə yer adlarının erməniləşdirilməsi, tarixi Azərbaycan ərazilərinə eybəcər adların verilməsi göstərir ki, Ermənistan həmin torpaqları danışıqlar yolu iləqaytarmaq niyyətində olmayıb. O cümlədən ermənilər tərəfindən cəbhə xəttində bir neçə mərhələli möhkəm istehkam mövqelərinin yaradılması da bunu təsdiq edir. Torpaqları azad etməkdən uzaq olan Ermənistan və onun havadarları, həmçinin beynəlxalq səviyyədə işğal siyasətinə hüquqi don geydirilməsi istiqamətində fəal iş aparırdılar. Lakin bütün hallarda Prezident İlham Əliyevin uğurlu diplomatiyası tərəfindən bu antiAzərbaycan fəaliyyətin qarşısı qətiyyətlə alındı.

Ötən ay BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransanın təşəbbüsü ilə TŞ prezidentinin bəyanatının layihəsi hazırlanmış və razılaşdırılması üçün üzv ölkələr arasında yayılmışdı. Lakin bəyanatın layihəsində TŞ-nin 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən qətnamələrə istinad yer almamışdı. Həmin layihə TŞ-də təmsil olunan Qoşulmama Hərəkatına üzv ölkələrin sərt etirazı nəticəsində qəbul edilmədi. Ona görə ki, QH ölkələri prinsipial mövqe nümayiş etdirərək TŞ qətnamələrinə istinadın yer almasında təkid etdilər. Bundan sonra layihənin müəllifləri rüsvayçılıqla geri çəkilməyə məcbur olublar. Cənab İlham Əliyevin Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirdiyi uğurlu fəaliyyət Azərbaycanın milli maraqlarını qətiyyətlə təmin edərək Ermənistana və onun havadarlarına növbəti diplomatik zərbəni vurdu.

Beləliklə, Prezident İlham Əliyevin düşünülmüş və hücum diplomatiyası nəticəsində İkinci Qarabağ savaşında Ermənistanın havadarlarının Azərbaycana qarşı siyasi cəbhə formalaşdırmaq cəhdlərinin qarşısını qətiyyətlə aldı. Azərbaycan Ordusu ilk gündən hücum əməliyyatlarını sürətlə həyata keçirərək işğal olunmuş ərazilərini azad etdi. Uğurlu hərbi əməliyyatlarla Prezident İlham Əliyev indiyə qədər bütün beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə yer alan tələbləri təmin etdi. Azərbaycan güc yolu ilə işğal olunmuş ərazilərimizi azad etməklə hüquqi ədaləti bərpa etdi.

Diplomatik müstəvidə Azərbaycana uduzan Ermənistan və dünya erməniliyi 44 günlük müharibədə ölkəmizə qarşı güclü informasiya savaşına start vermişdi. Lakin Azərbaycan informasiya müharibəsindən də qələbə ilə çıxdı. 44 günlük müharibə dövründə Prezident İlham Əliyevin dünyanın 30-a yaxın aparıcı media orqanına verdiyi müsahibələr beynəlxalq informasiya məkanında ölkəmizin mövqeyini gücləndirdi, erməni yalanlarının ifşa edilməsində önəmli rol oynadı, münaqişə ilə bağlı həqiqəti əks etdirən mənzərə dünya ictimaiyyətinə çatdırıldı.