KÖŞƏ

Sevinc Azadi

Azərbaycan qadını 100 il əvvəl

12 fevral 2021 16:02
2431

Ölkəmizin ictimai və siyasi həyatında əvəzolunmaz vəzifələr tutan və inkişafına töhfə verən çox sayda məşhur və görkəmli qadınlar olmuşdur. Bunlara Şərqdəki ilk qadın diplomat Sara Xatun, Şərqin ilk qadın aviatoru Leyla Məmmədbəyova, neft sənayesində universitet dərəcəsi qazanan və Azərbaycan SSR-in xarici İşlər naziri olmuş Tahirə Tahirova, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva, peşəkar şərqşünas Aida İmanquliyeva, Şərqin ilk qadın opera bəstəkarı Şəfiqə Axundova, Azərbaycanın ilk qadın Milli Qəhrəmanı Salatın Əsgərova və şübhəsiz ki, Azərbaycanın müasir tarixində çoxşaxəli və səmərəli fəaliyyəti ilə dərin izlər açan ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva.

ICESCO tərəfindən elan olunan "Qadınlar ili” çərçivəsində "Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə fevralın 11-də videokonfrans formatında keçirilən tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva çıxış edərək fəxrlə vurğuladı ki, Azərbaycan 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququnu verən ilk ölkələrdən biri olaraq tarixə düşmüşdür. Qızların təhsilinə gəldikdə isə müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi azərbaycanlı xeyriyyəçi Zeynalabdin Tağıyev tərəfindən 1901-ci ildə Bakı şəhərində yaradılmışdır.

Ümumiyyətlə, Çar Rusiyasının son dönəmlərində Azərbaycanda ümumi 942 məktəb mövcud olmuşdu. Bu məktəblərdə təhsil alan 62 161 uşaqdan 22 161 nəfər azərbaycanlı idi. Bu uşaqlardan sadəcə 1862 nəfərini qızlar təşkil edirdi. ADR (Azərbaycan Demokratik Respublikası) dönəmində müharibə və digər çətinliklər səbəbi ilə məktəblərin sayı Çar dövrü ilə müqayisədə azalaraq 643-ə enir. Dolayısı ilə məktəbdə oxuyan uşaqların sayı 16 621-ə, qızların sayı isə 1420-ə qədər azalır (“Şərq qadını” jurnalı, 1930-cu il, N-5). Eyni ilə Çar Rusiyası dövründəki kimi, ADR dönəmində də şəriət sisteminin qalması qadın azadlıqlarının qarşısında əsas böyük əngəl idi. Qadınlar səsvermə hüququnu de-yure alsa da de-fakto bundan istifadə edə bilmirdi. 1920-ci illərdə yeni bir cəmiyyət qurmağın ən vacib vəzifəsi Azərbaycan qadınının azad edilməsi, onu iqtisadi, sosial və mədəni həyat arenasına çıxarmaq idi. 1920-1922-ci illərdə qadın probleminə dair 20-dən çox fərman və qətnamə qəbul edildi: “Azərbaycanda ana və körpənin qorunması haqqında” fərman, “Hamilə və uşaq əmizdirən qadınların yaşayış yerinin dəyişdirilməsinin qadağan edilməsi haqqında” fərman, “İşləyən qadınların həyatının yaxşılaşdırılması komitəsi haqqında” əsasnamə, “8 Martda bütün qadın işçilərin azad edilməsi haqqında sərəncam” və s. Bu sənədlərin icrası nəticəsində qadınlar siyasi və iqtisadi hüquqlar, dövlət orqanlarında iştirak etmək, işləmək və təhsil almaq üçün bərabər maaş almaq haqqı qazandılar.

Azərbaycanda ilk qadın klubu 1920-ci ilin iyun ayında qadın hərəkatının fəal iştirakçılarından biri Ceyran Bayramovanın mənzilində təşkil edildi. Nisə Qafarova, Zeynəb Rizvanova, Ayyıldız Qasımova və başqaları ilə birlikdə Ceyran Bayramova müsəlman qadınları klubun işinə cəlb etmək üçün təbliğat işlərinə başladı. 1920-ci ilin iyununda “Kommunist” qəzetində bir elan verilmişdi: “Yoldaşlar, müsəlmanlar! Spasskaya küçəsi 73 ünvanında yerləşən müsəlman qadınların klubuna baş çəkin (“Kommunist” qəzeti, 6 iyun, 1920).

1921-ci ilin mayında qəbul edilən Azərbaycan SSR-in ilk Konstitusiyası qadınlara geniş hüquqlar verdi. Konstitusiyanın 79-cu maddəsində iqtisadi, dövlət, mədəni və ictimai və siyasi həyatın bütün sahələrində qadınların kişilərlə bərabərliyi vurğulanmışdır. Bir qadına bir kişi ilə bərabər işləmək və istirahət etmək, bərabər maaş, sosial sığorta və təhsil almaq hüquqlarına zəmanət verildi. 18 yaşına çatmış bütün qadınlara səsvermə hüququ verildi. Konstitusiyaya uyğun olaraq qadınlar və kişilərə bərabər əməkhaqqının tətbiqi, analıq və uşaqlıq hüquqlarının qorunması, evlilik və boşanma ilə bağlı qərarlar və qadınların kişilərlə bərabərliyini təsdiq edən bir sıra digər fərmanlar verildi.

21 iyul 1920-ci ildə qadın bərabərliyi qanunlarının pozulmasına qarşı “Mülki nikah, uşaqlar haqqında və dövlət aktları kitablarının tətbiqi haqqında” fərman hazırlandı. Çoxarvadlılıq, müvəqqəti nikah (siğə), qızların evlənməyə məcbur edilməsi qadağan edildi, şəriət qanununa görə əvvəllər tətbiq edilən qızlar üçün evlilik yaşı 9-dan 16-ya qaldırıldı. Buna baxmayaraq ilk illərdə qadınlar, onlara verilən hüquqların mahiyyətini hələ tam dərk edə bilmirdi, Azərbaycanda qadın probleminin həllinə feodal-patriarxal qalıqların əhali arasında güclü təsiri mane olurdu. Buna görə fərmanların, qanunların və qaydaların qəbul edilməsi qadınların həqiqi bərabərliyinin həyata keçirilməsi demək deyildi.

1921-ci ilin fevralında Bakıda keçirilmiş Azərbaycan qadınlarının qurultayı, Azərbaycan qadınları arasında bir ilk idi. Tarixdə ilk dəfə qadınlar 1188 nümayəndənin qatıldığı qurultaya toplaşdılar. Bunların 815-i Bakıdan, 369-u respublikanın 12 əyalətindən, 4-ü Dağıstandan gəlmişdi. Nümayəndələrin milli tərkibi belə idi: azərbaycanlılar – 41,8%, ruslar – 36,7%, ermənilər – 13,8%, digər millətlərin nümayəndələri – 7,7%.

1923-cü ilin noyabrında “Şərq qadını” jurnalı çapdan çıxmağa başladı.

“Şərq qadını” jurnalı qadınların hüquqları uğrunda mübarizənin, qadın klublarının, təhsil proqramlarının və məktəblərin təşkili, ana və körpənin qorunması, uşaq bağçalarının yaradılması, qadın məsləhətxanaları, sənətkarlıq kooperativlərinin aktual mövzularını sistemli şəkildə işıqlandırdı. Jurnal təkcə Azərbaycanda deyil, həm də Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Tatarıstan, Dağıstan, İran, Türkiyə, Əfqanıstan, Hindistan və s. ölkələrdə oxunurdu.

1929-cu ilin aprelində VI ÜmumAzərbaycan Sovetlər qurultayı keçirildi. Qurultayın qərarına uyğun olaraq 1929-cu ildə Azərbaycan MİK çadra əleyhinə mübarizə tədbirləri haqqında xüsusi təlimat vərəqələri nəşr etdi. Burada çadranın mənşəyi, onun sinfi mahiyyəti, çadra əleyhinə mübarizənin böyük siyasi, ictimai, mədəni əhəmiyyəti qeyd edilir və ona mane olanlarla kəskin mübarizə aparmaq tələb olunurdu. Kütləvi-siyasi və izahat işlərinin gücləndirilməsi sayəsində on minlərlə qadın şüurlu şəkildə çadradan imtina etdi. Çadranın atılması 1920-ci ildən başlayan qadınla kişini bərabərləşdirmə siyasətinin əsas mərhələsinə çevrildi.