KÖŞƏ

Mənsumə Babayeva

Azərbaycan xalqına edilmiş xəyanət

16 fevral 2021 17:46
2612

Dağıdıcı AXC-Müsavat cütlüyünün hakimiyyət hərisliyi torpaqlarımızın işğalı ilə nəticələndi

44 günlük Vətən müharibəsində əldə olunan qələbənin ardından radikal müxalifət düşərgəsinin öz antimilli xislətinə uyğun davranışlar sərgilədiyi heç kimə sirr deyil. Görünür yenidən çirkin yalanlarla özlərini siyasət meydanına atmağa cəhd göstərənlər unudurlar ki, Vətən müharibəsi zamanı minlərlə igid oğullarımızın qanı, canı bahasına işğaldan azad edilmiş torpaqlar 29 il əvvəl məhz onların hakimiyyət hərisliyinin qurbanına çevrildi. Məhz Şuşa şəhərinin, onun ardından Laçın rayonunun ermənilər tərəfindən işğal olunmasına şərait yaradan AXC-Müsavat cütlüyü bundan istifadə edərək silahlı çevriliş nəticəsində hakimiyyəti qəsb etdi. Bu da Azərbaycan xalqına edilmiş bir xəyanət idi.  

Fevralın 14-də işğaldan azad edilmiş Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər edən Prezident İlham Əliyev Laçın rayonunun Güləbird kəndindəki çıxışı zamanı AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyətindən geniş bəhs edərək bildirmişdir ki, AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb: “Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. Halbuki sovet vaxtında bu bağlantı yox idi. 1992-ci il mayın 8-də Şuşanın işğalından 10 gün keçəndən sonra Laçın rayonu işğal altına düşdü. Bu, böyük faciə idi. Hər bir rayonun itirilməsi böyük faciə idi. İnsanlar həlak olub, insanların əmlakı dağıdılıb, insanlar öz dədə-baba torpaqlarından didərgin salınıb. Eyni zamanda, Laçın rayonunun işğal altına düşməsi strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyətimiz idi. Laçın rayonunu satanlar, Şuşanı satanlar eyni adamlardır. Mən bunu demişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqı bunu bilsin və heç vaxt unutmasın”.

1988-ci ildən sonra respublikamızda baş verən hadisələri qısaca olaraq bir daha xatırlasaq görərik ki, 1991-ci ilin oktyabrında Azərbaycan Respublikası keçmiş SSRİ-nin dağılmasının nəticəsində öz dövlət müstəqilliyini yenidən bərpa etdiyi ərəfədə respublikamızda çox böyük çaxnaşmalar baş verdi. İlk öncə olaraq, 1988-ci ilin fevralından başlayaraq Ermənistan Respublikası tərəfindən keçmiş SSRİ rəhbəri Mixail Qorbaçov başda olmaqla sovet rəhbərliyinin himayəsi ilə Azərbaycanın qədim torpağı və tarixi ərazisi olan Dağlıq Qarabağa qarşı ərazi iddiaları irəli sürməklə problemin başlanmasına rəvac verildi. Daha sonra Ermənistanda yaşayan 250 mindən artıq azərbaycanlı tarixi Qərbi Azərbaycan torpaqları olan İrəvan və digər bölgələrdən qovulub çıxarıldı. Bununla da kifayətlənməyən düşmən dövlətlər və xarici qüvvələr müstəqilliyini bərpa etmək istəyən Azərbaycanı cəzalandırmaq, onu ayrı-ayrı hissələrə parçalamaq məqsədi ilə Sumqayıt, 20 Yanvar, Xocalı və s. kimi yeni-yeni düşünülmüş ssenarilər əsasında hadisələr törədərək Azərbaycanın daxilində tam ictimai-siyasi, iqtisadi və hərbi böhran şəraiti yaratdılar.

Müstəqillik tərəfdarı olduqlarını bəyan edən, lakin heç bir idarəçilik təcrübələri olmayan Xalq Cəbhəsi iqtidara gəldikdən sonra vəziyyət daha da ağırlaşdı. Qısa müddət ərzində AXC-Müsavat iqtidarının səriştəsiz kadr siyasəti, iqtisadiyyat və xarici siyasət və bir çox başqa sahələrdə yol verdikləri səhvlər nəticəsində Azərbaycanda tam şəkildə hakimiyyət boşluğu, anarxiya və özbaşınalıq yarandı. Bununla da ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaradılmış qüdrətli iqtisadi potensial, demək olar ki, dağıdıldı, milli sərvətlərimiz talan edildi. Həmin dövrdə qanunsuz silahlı dəstələrin yaradılmasına rəvac verildi ki, bu da separatizm meyillərinin güclənməsinə əlverişli şərait yaradırdı. Cəmiyyətdə cəzasızlıq şəraitində cinayətkarlıq görünməmiş bir həddə çatdı. İnsan hüquqlarının qorunmasından söhbət gedə bilməzdi. Ölkədəki vəziyyətə nəzarət edə bilməyən səlahiyyətli şəxslərin fəaliyyətsizliyi ucbatından kriminogen durum günü-gündən pisləşirdi. Qanunun tələbləri, səlahiyyətli şəxslərin əmr və sərəncamları, göstərişləri icra olunmur, hər kəs öz bildiyini edirdi. Demək olar ki, ictimai-siyasi proseslər nəzarətdən çıxmış, dövlətçilik üçün real təhlükə yaradan qanunsuz silahlı dəstələrin törətdiyi özbaşınalıqların həddi-hüdudu yox idi. Hətta xaricdən erməni işğalçıları və onları dəstəkləyən qüvvələr, daxildən isə idarəçilik təcrübəsi olmayan, tabelikdə olanlarla davranmağı bacarmayan səriştəsiz AXC rəhbərlərinin ölkədə yaranmasına səbəb olduqları qarşıdurma, anarxiya Azərbaycan Respublikasının bir dövlət kimi xəritədən silinməsi təhlükəsi yaratmışdı.

Belə bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində 1993-cü ildən başlayaraq ölkəmizdə sabitlik təmin edildi, bütün qanunsuz silahlı birləşmələr tərksilah edildi, qayda-qanun yaradıldı, xaosa, anarxiyaya, hərc-mərcliyə son qoyuldu və Azərbaycan sabitlik dövrünə qədəm qoydu. Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev təkmil islahatları ilə Azərbaycanı ən islahatçı ölkələr sırasına çıxardı.