KÖŞƏ

Mənsumə Babayeva

Qarabağ cənnətə çevriləcək

11 mart 2021 17:29
2167

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu düşməni darmadağın edərək tarixi qələbəyə imza atdı. Bölgədə yaranan sülh, əmin-amanlıq, yeni reallıqlar regional əməkdaşlıq formatı üçün  perspektivləri müəyyənləşdirdi. Artıq işğaldan azad olunan torpaqlarda, erməni vandallarının dağıtdıqları ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri davam edir. Prezident İlham Əliyevin müvafiq tapşırıqları, tövsiyələri əsasında Qarabağın bərpası, kənd və şəhərlərimizin yenidən qurulması işləri planlı şəkildə və ən yüksək səviyyədə həyata keçirilir. Bərpa işlərini diqqətdə saxlayan Prezident İlham Əliyev martın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında bildirdi ki, azad olunmuş torpaqlara, Böyük Qayıdış  nəzərdə tutulan müddətdə həyata keçiriləcək.

Dəfələrlə qeyd olunub ki, işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesi başa çatandan sonra yol-nəqliyyat strukturunun  bərpasına başlanılacaq. Şəhər və kəndarası yollarda, əkin sahələrində gediş-gəliş üçün əlverişli şərait yaradılacaq, abadlıq işləri aparılacaq. Aidiyyəti orqanlar tərəfindən hazırlanan və dörd mərhələdə,  kompleks həyata keçiriləcək quruculuq işlərində xarici şirkətlərin iştirakı  ölkəmizə maraqdan irəli gəlməklə, müasir şəhərsalma  təcrübəsinin respublikamızda tətbiqini də reallaşdıracaq. Bu, ilkin mərhələdə idarəetmə və təhlükəsizliyi, infrastruktur məsələlərinin həllini, növbəti mərhələlərdə isə sosial xidmətlərin fəaliyyətini, iqtisadiyyatın yenidən qurulması və inkişafını özündə ehtiva edir.

Erməni vandalları tərəfindən Qarabağın ekologiyasına, su təsərrüfatına, meliorasiya sisteminə də ağır zərbə vurulub. Suqovuşan hidroqovşağı və oradan su götürən Tərtərçay magistral kanalları yararsız hala salınıb. Bununla bağlı bərpa-quruculuq işlərinin aparılması üçün Tədbirlər Proqramı hazırlanaraq, artıq hökumətə təqdim edilib. Proqramın əsas məqsədi uzun illər erməni təcavüzünə məruz qalan suvarılan torpaqların kənd təsərrüfatında istifadəsinə şərait yaratmaqdır. Sonrakı mərhələdə isə bu obyektlərin müasir səviyyədə yenidən qurulması və inkişafına nail olmaqdır.

Qarabağda “ağıllı kənd” layihəsinə də start verilib. Füzulidə bütün növ təyyarələri qəbul edə biləcək beynəlxalq aeroportun tikintisi sürətlənir. Təyyarə limanının inşasının aparılması ilə bərabər, Şuşa şəhərinə iki avtomobil yolunun da çəkilməsi işğaldan azad edilən ərazilərimizə qayıdan soydaşlarımızın sosial şəraitinin maksimum yaxşılaşmasına, regionun inkişafına müsbət təsir göstərəcək. Şübhə yoxdur ki, Qarabağ torpağı abadlaşdırılandan sonra orada turizm sektoru da inkişaf edəcək. Eyni zamanda, bu ərazilərin iqtisadi potensialı Azərbaycanın inkişafına davamlı töhfələr verməklə yanaşı, dünyanın diqqətini özünə cəlb edəcək. İqti­sadiyyatın şaxələndirilməsi daha da sürətlənəcək.

Yeri gəlmişkən onu da qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturun yaradılması məqsədilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb. Artıq iki ayda görülən işlər və büdcədən ayrılan vəsaitin nəzərdə tutulan istiqamətdə sərf olunması göstərir ki, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün böyük siyasi iradə var. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Qarabağı qısa müddətdə bərpa edəcəyik: “Böyük Qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, cəmi 44 gün ərzində, bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”.