KÖŞƏ

Elçin Zaman

Vicdanın susduğu yerdə şeytan at oynadar

27 may 2021 22:38
1974

Dağıdıcı müxalifət Azərbaycan xalqını, dövlətini və rəhbərini təhqir edən xaricdəki əxlaqsız bloggerlərlə iş birliyindədir

 

Orduxan Bəbirov, Vidadi İsgəndərli, Qurban Məmmədov, Məhəmməd Mirzəli, Tural Sadıqlı, Qabil Məmmədov, Süleyman Süleymanlı, Azər Kazımzadə, Qənimət Zahid  və daha bir neçə xəyanətkar Avropadan ölkəmizə, onun rəhbərinə, Prezidentin ətrafındakı kadrlara qarşı hədyan və təhqir dolu çıxışları ilə erməni lobbisinin himayəsindəki təşkilatlardan aldıqları qrantların miqdarını artırmağa çalışırlar. Artıq Azərbaycanda yaxşı bilirlər ki, onlar Vətənini satan, dövlətinin maraqlarını 3-5 dollara qurban verəcək qədər tərbiyəsiz küçə uşaqlarıdır.

Açıq-aşkar görünən odur ki, erməni lobbisi tərəfindən maliyyələşdirilən  bu xəyanətkarlar Azərbaycan əleyhinə təbliğat sifarişlərini  böyük həvəslə yerinə yetirirlər. Hətta bu, onların qarşılarına bir vəzifə kimi qoyulub. Həmin küçə uşaqları nəinki xalqımıza və onun rəhbərinə qarşı təhqiredici ifadələr işlədirlər, hətta insanları küçələrə çıxardıb iğtişaşlar törətməyə səsləyirlər. Bütün bunlar isə dövlət çevrilişinə çağırış qədər ağır cinayət məsuliyyəti yaradan əməllərdir.

Xüsusən, Azərbaycan Ordusunun 44 günlük  Zəfər döyüşlərindən sonra işğal altındakı torpaqlarımızın azad olunması və Ali Baş Komandanımızın Ermənistanı təslim olmağa məcbur etməsi xaricdəki bu ermənipərəst bloggerləri daha da əndazədən çıxardıb. Onlar bu Qələbəni həzm edə bilmədikləri üçün ölkə rəhbərinə və onun ailəsinə, həmçinin xalqımıza, o cümlədən ordumuza qarşı böhtan və təhqir kampaniyasını daha da genişləndirdilər.

Bu xainlər ölkəmizi qətiyyətlə irəli aparan Prezident İlham Əliyevin uğurlarını qəbul etmək istəmirlər. Təbii ki, Azərbaycan Prezidentini və onun ailəsini təhqir etmək kimi rəzil bir hərəkəti xalqımız qətiyyətlə pisləyir və onların cavabını sərt şəkildə verir. Ancaq bütün hallarda həm erməni lobbisi, həm də ondan qaynaqlanan daxili və xarici düşmənlərimiz ölkəmizi, o cümlədən dövlətimizin başçısını öz qətiyyətindən döndərə bilməzlər.

Diqqət edin: bu gün Prezident  İlham Əliyevin bütün siyasi fəaliyyətinin əsasını işğaldan azad olunmuş şəhər və qəsəbələrimizin yenidən qurularaq məcburi köçkünlərin Böyük Qayıdışına nail olmaq təşkil edir. Eyni zamanda, ölkəmizin başçısı məhz iqtisadi cəhətdən inkişaf etmiş, vətəndaşının sosial problemləri həll edilən  və ən nəhayət. siyasi və ictimai sabitliyi dönməz xarakter alan güclü bir  dövlət formalaşdırıb.

44 günlük  müharibədəki şanlı Qələbəmiz Azərbaycan dövlətini bölgənin əsas güc  sahibinə çevirib. İflas olmuş Ermənistan və onun məhv edilmiş ordusu artıq qarşısında Azərbaycan Ordusu kimi böyük güc görür. Məğlub Ermənistanın revanşist qüvvələri də anlayırlar ki, Azərbaycan artıq ötən əsrin 90-cı illərindəki ölkə deyil. Onlar hər zaman hərbi təxribatlarına qarşı Azərbaycan Prezidentinin dəmir yumruğunu hiss edəcəklər.

Dünyanın aparıcı güc mərkəzləri ilə, həmçinin qonşu dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq əlaqələri quran Azərbaycan indi bir sıra regional layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Azərbaycan məhz bu önəmli amillərə görə istənilən təzyiqlər qarşısında inamla dayanır.  Eyni zamanda, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir; ölkəmizin iqtisadi gələcəyinin qarantı olan enerji layihələri-TANAP, TAP,  əfsanəvi  Cənub Qaz Dəhlizi xəyaldan gerçəkliyə qovuşur. Ölkəmizi sevməyən xarici dairələrin digər narahatlığı məhz bu məqamdadır.

Bir müddətdir ki, «Trensparency İnternational», «Amnistey İnternational», OCCRP və digər bu kimi  ölkəmizə qarşı ikili standartlar sərgiləyən qurumları hərəkətə gətirən səbəbin də kökü bu amildədir.  İstər xarici antiAzərbaycan dairələr, istərsə də daxildəki  «5-ci kolon» çalışırlar ki,  Azərbaycan hər cür böhtanla beynəlxalq qınaq obyektinə çevrilsin, ictimai narazılıq artsın, ölkədə xaos vəziyyəti yaransın. Bundan istifadə edən maraqlı çevrələr isə Azərbaycanda özlərinə gərəkli olan ssenariləri başlatsınlar.

Bu gün haqlı olaraq sual olunur: erməni xislətlilərini müdafiə edən dağıdıcı müxalifət hansı haqla xalqı öz yanında görmək istəyir? Axı onlar Azərbaycan xalqının aşağılandığı bir məqamda xalqın və dövlətin yanında olmaqdansa Avropadakı ermənipərəst mühacirlərlə bir sırada dayanırlar. Əslində, bu, dolayısı ilə saxta erməni soyqırımı iddiasına haqq qazandıran, Azərbaycan torpaqlarına riyakarcasına iddia edən, hətta 30 ilə yaxın torpaqlarımızın  20 faizini işğalda saxlayan Ermənistana ideoloji dəstək verən xaricdəki ləyaqətsiz bloggerlərin sırasının antimilli müxalifətçilərin hesabına genişlənməsi deməkdir.Yəni bu əxlaqsızlara haqq qazandırmaq üçün gərəkdir ki, vicdanın tam susmuş olsun. Vicdanın susduğu yerdə isə şeytan at oynadar.        

Bu gün  ölkəmizlə bağlı ən pis ssenari dağıdıcı müxalifətə hava və su kimi  lazımdır. Uzunömürlü müxalifətçilik Əli Kərimlini, İsa Qəmbəri və Əli Əliyevi günbəgün zəiflədib meydandan çıxarmaq qorxusu altında  saxlayır. Odur ki, güclənən Azərbaycanın əleyhinə formalaşacaq üçbucağın bir küncündə də məhz onlar dayanırlar.

Təbii ki, Avropada məskunlaşmış və rəzalətin ən uca nöqtəsinə yüksəlmiş orduxanlar, vidadilər, turallar, süleymanlar, məhəmmədlər, qənimətlər, maqsudlar  erməni lobbisinin himayəsinə sığınmış ləyaqətsizlərdir.  Hətta Orduxan kimilər Xocalı soyqırımı ərəfəsində erməniləri az qala mələk donunda göstərməyə, onların vandalizm hərəkətlərinə bəraət qazandırmağa çalışdılar.

Həyatda bir psixoloji hal mövcuddur: uğurlar yalnız o adamları sevindirə bilir ki, orada onların da payları var. Əksinə, uğurlar rəzil  xislətli adamlarda qıcıq, xainlik yaratmaqla onları yaramaz əməllərə sövq edir.

Məhz bu gün xarici ölkələrdəki antiAzərbaycan ünsürlər ölkəmizin uğurlarına ona görə qısqanclıqla yanaşırlar ki, əxlaq sarıdan kasaddırlar, milli iradələri zəifdir, xaricdən gələn maliyyə dəstəyinə görə vətənlərini, hətta ən yaxınlarını satmaqla məşğuldurlar. Bu ləyaqətdən kasadlar durmadan ölkəmizin əleyhinə elə bir böhtan kampaniyası qurublar ki, onların bizdən olduğuna bəzən şübhə ilə yanaşırsan.  Bu gədaların bir məqsədi var: Azərbaycanın hərbi uğurlarına, iqtisadi və sosial inkişafına qara yaxmaqla erməni lobbisinin əlinə oynamaq. Təbii ki, onlar bu ləyaqətsizliklərinin müqabilində erməni lobbisindən hərtərəfli maliyyə dəstəyi də alırlar.