KÖŞƏ

Elçin Zaman

Qaragüruhçuluq həqiqətləri görməmək rəzilliyidir

09 iyun 2021 23:46
1639

Müxalifətin sosial şəbəkələrdəki avantürist çıxışları əndazəni aşır

Bu, bir müqəddəs gerçəklikdir ki, əgər biz bu gün 44 günlük müharibədəki şanlı Qələbəmizin sevincini yaşayırıqsa, xaricdəki və daxildəki ant-Azərbaycan qüvvələri isə sanki bundan heç xoşhal deyillər. Ona görə ki, onlar hakmiyyət hərisliyini ölkəmizin və xalqımızın bütün uğurlarından üstün tutan ünsürlərdir.

Bir sözlə, bu tip antimilli qüvvələr həm ölkəmizdə, həm də xaricdə oturub sosial şəbəkələrdə Azərbaycan dövlətinə və onun rəhbərliyinə böhtan yağdırmaqla öz simasızlıqlarını bir daha göstərmiş olurlar.   Belələrindən biri- Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli statusunda yazır ki, hakimiyyət jurnalistlərin ölümünə səbəb olan minaların yeni basdırıldığını danır, halbuki videoda bu, açıq-aydın görünür. Danmaqda məqsəd odur ki, sərhədlərimizə tam nəzarət etmədiyimizi etiraf etmək istəmirlər.

Bu böhtançı və populist birisinə demək lazımdır ki, axı, sən niyə belə bir yalan və qeyri-dəqiq iddialarla cəmiyyəti çaşdırmaq istəyirsən? Hələ ekspert rəyi açıqlanmamış belə cəfəng fikirləri səsləndirməkdə sənin məqsədin nədir və kimə xidmət edirsən?

Bəli, bu gün Azərbaycan Silahlı Qüvvələri Ermənistanla sərhədlərini yüksək səviyyədə qoruyur. Əgər belə olmasaydı, son iki həftə ərzində sərhədlərimizi pozub torpaqlarımıza soxulan bir neçə nəfər erməni hərbçilərini əsir götürməzdilər. Bunu görməzlikdən gəlmək əsl korafəhmlikdir.

O daha sonra cahilcəsinə iddia edir ki, hakimiyyət qarabağlılara imkan vermir ki, torpaqlarına qayıtsın. Rəzilliyin dərəcəsinə baxın və görün nə yazır: «Nə qədər ki, əhali Qarabağa köçməyib, minalar azalmayacaq, əksinə artacaq.»

Təbii ki, bu rəzil fikri ilə o, qarabağlılara canıyananlıq etmir. Daha məkrli niyyəti var: istəyir ki, qarabağlılar minalardan təmizlənməmiş ərazilərə köçürülsün və orada məçskunlaşan əhalinin minalardan həlak olma sayı çoxalmaqla hakimiyyətə qarşı yeni bir böhtan kampaniyası başlatsınlar.

AXCP sədri Əli Kərimli isə statuslarında böhtan kampaniyasından vay-şüvənliyə keçib. O, yeni statusunda yazır ki, indi də gənc siyasətçi Bəxtiyar Hacıyevi hədələməyə başlayıblar. Həm də səviyyəsizlər təkcə həbslə yox, edamla hədələyirlər. Bir neçə gün öncə də ictimai fəal İlkin Rüstəmzadəni ölümlə hədələyirdilər. Daha əvvəl isə ictimai fəal, hüquq müdafiəçisi Rüfət Səfərov hədələnirdi. Şübhə yoxdur ki, hədələrin arxasında birbaşa hakimiyyətin özü durur.

Burada Əli Kərimlidən soruşula bilər ki, ay özünü  «ana müxalifət» hesab edən avantürist, axı biz hüqüq dövlətiyik və bir şəxsi kimlərsə hədələyirsə, bunun üçün hüquq-mühafizə orqanları var. Məhz  onlara müracət gözləniləcək təhlükələri (əgər belə bir şey varsa) önləyə biləcək ən yaxşı vasitədir. Əgər  kimsə öz həyatına təhlükə hiss edirsə daha onu sosial şəbəkələrdə deyil, hüquq müstəvisində həll etməyə çalışmalıdır. Demək, hüquq-mühafizə orqanlarına müraciət edilmirsə, bu, bir siyasi şoudur və dövlətə, hakimiyyətə qarşı böhtan kampaniyasının tərkib hissəsidir. 

Bu arada, qondarma «Milli Şura»nın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu deyəsən xeyli varlanıb. Sosial şəbəkələrdə onun özünə bahala maşın almaq üçün bir neçə avtomobil salonuna baş çəkdiyi də bildirilir. Bəs nə oldu, deyirdiniz ölkədə aclıqdır, müxalifət liderləri qəpik-quruşa möhtac qalıblar. Demək, sizlərin cəmiyyət haqqındakı qaragüruhçu çıxışlarınız sadəcə, blefdir, sabun köpüyüdür.