KÖŞƏ

Elçin Zaman

Riyakarlığın və əxlaqsızlığın pik nöqtəsi

11 iyun 2021 21:56
1917

Dağıdıcı müxalifətin və xaricdəki bloggerlərin söyüş kampaniyası iyrənc hala gəlib

Ölkənin dağıdıcı müxalifəti və onların xaricdəki təbliğatçıları hesab edilən sərsəm bloggerlər yenə də Azərbaycan dövlətinə, onun rəhbərinə və hökumət rəsmilərinə qarşı ən çirkin böhtan kampaniyasını davam etdirir, hətta əxlaqsız küçə söyüşləri səsləndirirlər.

Məsələn, Müsavat Partiyasının mətbuat katibi Mustafa Hacıbəyli statusunda yazıb ki, hakimiyyətdəkilər Vətəni sahib olduqları  imtiyazlara görə sevir. Fərqimiz budur ki, biz vətəni  imtiyaza sahib olmadan sevirik.

Göründüyü kimi, onun çıxışı populizmdən başqa bir şey deyildir və  saxta vətənpərvərliyin göstəricisidir. Haqlı sual yaranır ki, axı həqiqi vətənpərvərliyin meyarı nədir ki, Mustafa Hacıbəyli onu kriteriya kimi götürüb başqalarında Vətəni sevmək dozasını ölçə bilir?

O, daha sonra həyasızcasına yazır ki, libasını dəyişən indiki hakimiyyətdəkilər əvvəllər kommunist idilər, indi millətpərəst oldular. Libasları dəyişsə də, mahiyyətləri dəyişməyib. Ona görə işğaldan azad edilən Qarabağa da Vətən gözü ilə yox, müştəri gözü ilə baxırlar.

Əziz oxucu, Mustafa Hacıbəylinin statusunu ona görə diqqətinizə çatdırıram ki, görəsiniz ki, bu adam Qarabağda gedən abadlıq –quruculuq işlərindən necə də bərk dilxor olub. O və əqidədaşları Prezident İlham Əliyevin hər gün artan reytinqindən daha çox əzab çəkirlər. Çünki onların hakimiyyət arzuları bu yüksələn siyasi reytinq qarşısında hər an daha dərinə gömülür.

Qondarma «Milli Şura» nın üzvü Namizəd Səfərov isə statusunda yazıb ki, Azərbaycan ictimaiyyəti 6 aydır ki, Tərtər hadisələrini müzakirə edir. O, xarici ölkələri «Tərtər işi»nə müdaxilə etməyə çağırır. Əslində, Namizəd Səfərov bu çağırışla xarici dövlətlərin başqa ölkələrin daxili işinə qarışmamaq haqqında beynəlxalq kovensiyaları və konstitusiyamızı heçə saymış olur.

Xaricdə məskunlaşaraq Azərbaycan dövlətinə və xalqına qarşı  qarayaxmalarla məşğul olan «Azərbaycan saatı» kanalının əməkdaşı Fikrət Hüseynli statusunda yazıb ki, Şuşa Azərbaycan mədəniyyətinin paytaxtıdır. Amma orda açılan ilk marketin adı «Bravo»dur. «Bravo» sözünü eşidən turistin ağlına ilk olaraq Rusiya gələ bilər.  Çünki «Bravo» rus sözüdür.

Fikrət Hüseynlidəki dardüşüncəliyin və savadsızlığın miqyasına baxın ki, o hələ də anlamır ki, «Bravo» sözü rus sözü deyil. Digər tərəfdən, Şuşada ən müasir ticarət obyektinin açılması onu niyə narahat edir? Axı, Şuşa şəhəri müasir tipdə qurulursa, orada müasir otellər, ticarət obyektləri, müasir məktəblər, müasir əyləncə məkanları qurulmalıdır.

Xaricdə məskunlaşmış və əxlaqsız çıxışları ilə gündəmi zəbt etməyə çalışan Məhəmməd Mirzəli, Manaf Cəlilov, Elşad Məmmədov «You Tube»da Prezident İlham Əliyevi və dövlət məmurlarını küçə söyüşləri ilə təhqir ediblər və 15 iyun tarixində insanları küçələrə çıxıb etiraz etməyə səsləyiblər. Bu, artıq Azərbaycanda dövlət çevrilişinə cəhddir və xalqımız tərəfindən birmənalı olaraq pislənilir.

Ən böyük telefon xuliqanlığını isə  Qənimət Zahid edib. O, canlı efirdə Birinci-vitse prezidentin və onun qızlarının mobil telefonlarını yaymaqla bərabər, həm də özü həmin nömrələrə zəng vurub. Lakin nömrələr cavab verməyib.

Həmçinin  Qənimət Zahid digər bir neçə dövlət rəsmisinin nömrəsini tamaşaçılara deməklə onları həmin şəxslərə zəng vuraraq təhqir etməyə səsləyib.

Bu arada, qondarma «Milli Şura»nın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu deyəsən xeyli varlanıb. Sosial şəbəkələrdə onun özünə bahalı maşın almaq üçün bir neçə avtomobil salonuna baş çəkdiyi də bildirilir. Bəs nə oldu, deyirdiniz ölkədə aclıqdır, müxalifət liderləri qəpik-quruşa möhtac qalıblar?

Demək, tofiq yaqublular cəmiyyət haqqındakı çıxışlarında səmimi deyillər. Ona görə də onların sözünün kəsəri heç vaxt olmayıb və bundan sonra da  olmayacaq.

Elçin Zaman, «İki sahil»