KÖŞƏ

Elçin Zaman

Erməni lobbisinə satılan antimilli bloggerlər

22 iyun 2021 22:37
1981

Onlar İsvecrədə ermənilərin anti-Azərbaycan şüarlarına dəstək verməklə xain simalarını bir daha göstərdilər

Azərbaycandan gedib Avropa ölkələrinə sığınaraq oradan ölkəmizə qarşı böhtan və çirkab axıdanlar sözün həqqiqi mənasında antimilli ünsürlərdir. Ölkəmizdə yaşayarkən guya hansısa basqıya, təzyiqə məruz qaldıqlarını deyən bu qarguruhçuların əsas məqsədləri  sadəcə, Avropada yaşamaq, oradakı erməni lobbisinin ayırdığı qrant və çirkli pullarla keyf sürmək olub.  Təbii ki, bu pullar onlara Azərbaycan dövlətini, hakimiyyətini və xalqını təhqir etmək şərti ilə verilir.

Bu gün antimilli mühacirlərin məskunlaşdıqları ölkələr arasında  Fransa, Belçika, Hollandiya üstünlük təşkil edir. Ona görə ki, həmin ölkələrdə erməni lobbisi daha güclüdür və anti-Azərbaycan qüvvələrdən məharətlə istifadə edirlər.

Əslində, həmin mühacirlərin xaricə çıxışının əsas təşkilatçıları dağıdıcı müxalifətdir. Onlar bir ara mühaçir istehsalı ilə də açıq şəkildə məşğul idilər. Belə ki, AXCP-nin və Müsavat Partiyasının  ötən illərdəki keçirdikləri qeyri-qanuni mitinqlərinə qatılan və orada həvəslə selfi çəkdirib sosial şəbəkələrdə «Rədd olsun hakimiyyət» tipli statuslar paylaşan, polisi qıcıqlandıraraq güc tətbiqinə sövq edən və dostları vasitəsilə bu «təzyiqin» fotolarını çəkdirən adamlar sonradan Avropa ölkələrinə yollanaraq «siyasi mühacir» statusu almağa nail olurdular.  Təsadüfi deyil ki, ötən illərdə  Almaniya polisinin qeyri-leqal miqrasiyaya qarşı mübarizə çərçivəsində apardığı reydlər zamanı bir qrup azərbaycanlı siyasi mühacir saxlanılıb. Onlar gəlir əldə etmək üçün Azərbaycandan miqrantların Almaniyaya qanunsuz gətirilməsində şübhəli bilinirdilər.

 Bu barədə alman mətbuatında yazılırdı ki,  saxlanılanların  arasında «Leqat» İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev, Müsavatın Avropadakı Koordinasiya Mərkəzinin rəhbəri İlham Həsən, onun müavini Mehdi Xəlilbəyli, həmçinin fəallar Abdin Cavadov, Rəşad Məmmədov, Elşən Abdullayev və 9 və 14 saylı koloniyanın keçmiş rəhbəri Elçin Əkbərov da var idi.

Xaricdəki avantürist bloggerlərin anti-Azərbaycan fəaliyyəti bu gün də durmadan genişlənir. Belə ki, ötən həftə İsveçrədə ABŞ prezidenti Co Baydenlə, Rusiya prezidenti Vladimir Putinin görüşü zamanı  sapı bizdən olan naxələf bloggerlər Manaf Cəlilzadə, Elşad Məmmədov və Vidadi İsgəndərli görüş keçirilən binanın qarşısında anti-Azərbaycan şüarları ilə çıxış etməklə bərabər,  «Putin killer» yazılmış plakatlar da qaldırıblar.

Həmin gün onlardan bir az aralıda isə ermənilər ölkəmizin əleyhinə şüarlar səsləndiriblər və hər iki dövlət rəhbərini ölkəmizə təzyiq etməyə səsləyiblər. Azərbaycan dövlətinin 44 günlük müharibədəki Qələbəsini həzm edə bilməyən ermənilər ölkəmizə qarşı sanksiyaların tətbiq edilməsini istəyiblər.

Fikir verin, bir tərəfdə ermənilər, bir tərəfdə azərbaycanlılar… Onlar ayrı-ayrı millətlərdən və dövlətlərdən olsalar da Azərbaycana qarşı böhtan və qərəz kampaniyasında bir yerdədirlər. Daha doğrusu, azərbaycanlı bloggerlər eyni vaxtda, lakin bir az fərqli məkanda ermənilərin çaldıqları istənilən havaya oynayırlar. Necə deyərlər, artıq əl ayısına dönüblər- bir konfetə ağalarının əmr etdiyi  hər cür itaət nömrələrini göstərməyə hazırdırlar.

Qeyd edək ki, Manaf Cəlilzadənin, Elşad Məmmədovun və Vidadi İsgəndərlinin Rusiya Prezidenti Vladimir Putinin əleyhinə və hətta təhqiredici palakatları qaldırması da erməni lobbisinin fəaliyyətinin nəticəsidir. Ermənilər bu gün birmənalı şəkildə Azərbaycanla Rusiyanın isti münasibətlərindən cidi narahatdırlar və bu iki ölkənin siyasi rəhbərlərinin dosluq əlaqələrini qısqanclıqla qarşılayırlar.

Məhz buna görə açıq demək olar ki, İsveçrədəki iki fövqəlgüc ölkənin rəhbərlərinin dünyanın diqqətini cəlb edəcək həssas görüşləri zamanı antimilli bloggerlərimizin əlinə anti-Rusiya, anti-Putin plakatlarını verib meydana çıxardan erməni lobbisi bununla daha uzaq hədəflərə çatmaq istəyirlər.

Elçin Zaman, «İki sahil»