KÖŞƏ

Mahir Rəsuloğlu

Ermənistanın təxribatları cavab tədbirlərini qaçılmaz edir - Sonuncu xəbərdarlıq...

10 noyabr 2021 21:18
1096

Azərbaycan Vətən müharibəsində haqq savaşı apardı. Bizim olanı, işğal edilmiş əzəli torpaqlarımızı geri qaytarmaq, qanuni sərhədlərimizi, tarixi ədaləti və beynəlxalq hüququn aliliyini bərpa etmək üçün düşmənlə son çarə olaraq silah gücü ilə danışmağa məcbur oldu. Halbuki xalqımız həmişə sülhün, mehriban qonşuluğun, tərəqqinin tərəfində olub, qan tökülməsini istəməyib. Məhz haqlı tərəf olduğumuz üçün dünya 44 günlük müharibənin nəticələrini, regionda yaratdığımız yeni reallıqları qəbul edir və etməlidir. Hər kəs, hətta erməni havadarları da bütün döyüş əməliyyatlarının Azərbaycanın suveren sərhədləri daxilində aparıldığı həqiqətini inkar edə bilmədiyi üçün susmaq məcburiyyətində qaldı. Şanlı Qələbəmizdən bir il sonra bu Zəfərimizin diktəsi olaraq artıq Cənubi Qafqazda yeni, bütün bölgənin inkişafını şərtləndirəcək mütərəqqi və aktual məsələlərin müzakirəsi aparılır. Qalib tərəf olan Azərbaycan işğala və münaqişəyə son qoyduqdan sonra yenidən bütün səylərini sülh və inkişaf naminə yönəldib. Yaranmış reallıq biabırçı məğlubiyyətə uğramış, ordusu və  hərbi resursları məhv edilmiş, ciddi sosial-iqtisadi, o cümlədən siyasi böhranın məngənəsində çabalayan Ermənistanın da bir dövlət olaraq mövcudluğunu qoruya bilməsi üçün bəlkə də son şansıdır. Ancaq son günlər baş verənlər göstərir ki, deyəsən düşmən ölkənin siyasi-hərbi rəhbərliyi bu şansını dəyərləndirmək əvəzinə yenidən avantürist mövqe nümayiş etdirməyə başlayıb. Bunu son bir neçə gündə baş vermiş hadisələr fonunda daha aydın görmək olar.

Belə ki, noyabrın 8-də Azərbaycan Respublikası Prezidenti və dövlət rəsmilərinin iştirakı ilə Şuşada Zəfər Günü tədbirlərinin keçirildiyi vaxtda şəhərin yaxınlığında baş vermiş insident, bundan bir gün sonra Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutması, yenə bu günlərdə düşmən ölkənin müdafiə naziri Arşak Karapetyanın icazəsiz olaraq Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə gəlməsi, qanunsuz erməni silahlı birləşmələri ilə görüşlər keçirməsi və onların döyüş hazırlığı barədə fikirlər səsləndirməsi hərbi-siyasi təxribatdır və məqsədli şəkildə regionda vəziyyətin gərginləşdirilməsinə xidmət edir. A.Karapetyanın bu təhrikçi səfəri Ermənistanın Azərbaycan ərazisində qanunsuz erməni hərbi birləşmələrini, aqressiv separatizmi və terror-təxribat əməllərini birbaşa dəstəkləməkdə davam etdirdiyinin növbəti sübutudur. Səfər həm də onu göstərir ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan ordusuna aid silahlı birləşmələr hələ də qalmaqdadır və bu fakt 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması deməkdir.

Məsələyə Azərbaycan Respublikasının Müdafiə və Xarici İşlər nazirlikləri səviyyəsində münasibət bildirilib və düşmən ölkəyə sonuncu xəbərdarlıq edilib. Müdafiə Nazirliyinin xəbərdarlığında qeyd edilir ki, Ermənistanın hərbi rəhbərliyi 44 günlük İkinci Qarabağ müharibəsindəki total məğlubiyyətdən nəticə çıxarmaq, regionda yaranmış yeni geosiyasi vəziyyətə uyğunlaşmaq, sülhü və təhlükəsizliyi gücləndirmək əvəzinə daxili istehlak məqsədilə bu kimi ucuz hərbi avantüralara cəhd edir: “Ermənistanın müdafiə nazirinə “keçilməz Ohanyan xətti”, “yeni müharibələr, yeni ərazilər” kimi utopik iddialarla çıxış etmiş sabiq həmkarlarının və digər erməni generallarının aqibətini xatırlatmaq istərdik.

Ermənistanın hərbi-siyasi rəhbərliyini xəbərdar edirik ki, Azərbaycan ərazilərinə bu kimi qanunsuz səfərlərin həyata keçirilməsi təkrarlandığı hallarda, Azərbaycanın qanunlarını rəhbər tutaraq, aqressiv separatizm və terror-təxribat əməllərinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçiriləcəkdir.”

İstər Qarabağ və Şərqi Zəngəzurda, istərsə də dövlət sərhədimizdə əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Qəhrəman əsgərlərimiz istənilən an antiterror əməliyyatlarını keçirmək, istənilən avantürizmi məhv etmək iqtidarındadır və düşmənin təxribat cəhdlərinin cavabsız qalmayacağını nəhayət ki, başa düşməlidir. Əks halda, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışında dediyi kimi, əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyillərə əl atsa, bizim yumruğumuzu görəcəkdir. Bizim yumruğumuz yerindədir!