KÖŞƏ

Mahir Rəsuloğlu

Bunu siz istədiniz...

20 iyun 2023 00:11
5296

Qarabağda antiterror əməliyyatının keçirilməsi aktuallaşır 

Son günlər ermənilərin həm Azərbaycanın Ermənistanla şərti sərhədində, həm də  Qarabağ iqtisadi rayonunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi ərazilərində atəşkəsi pozmaları və təxribat cəhdlərinin artması sülh danışıqları prosesini ləngitməklə yanaşı, yeni silahlı toqquşmalar riskini də artırmaqdadır. Laçın-Xankəndi yolunun başlanğıcında yerləşən sərhəd-buraxılış məntəqəmizdə xidmət aparan sərhədçilərimizin atəşə tutulması və bir əsgərimizin yaralanmasından sonra təmas xəttində vəziyyətin daha da gərginləşməsi düşmənin növbəti çirkin niyyətini nümayiş etdirir. Ermənistanın hərbi-siyasi rəhbərliyinin son davranışları, Avropa İttifaqının bu ölkədəki müşahidəçilərinə sərhəd bölgəsini tərk etmələri barədə xəbərdarlıq edilməsi, həmçinin silahlı qüvvələrin bir nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilməsi ilə bağlı yayılan xəbərlər hadisələrin daha ciddi məcrada inkişaf edə biləcəyi ehtimalını gücləndirir. Təsadüfi deyil ki, Qarabağda separatçıların fəaliyyətində də son dərəcə aktivlik müşahidə edilməkdədir. Demək olar ki, hər gün ordumuzun mövqeləri atəşə tutulur, bəzi hallarda hətta Rusiya sülhməramlı qüvvələrinin müşayiəti ilə uzunmüddətli fortifikasiya qurğularının quraşdırılmasına cəhdlər edilir. Azərbaycan ərazisində və şərti sərhəddə gərginliyin eyni vaxtda artması isə rəsmi İrəvanın inkar etməsinə rəğmən təxribat üçün “düymənin bir ünvandan basıldığını” birmənalı olaraq təsdiqləyir. Bütün bunlar Azərbaycana separatçılar, həmçinin Ermənistan üçün ağır nəticələrlə yekunlaşacaq lazımi addımlar atmaq zərurəti yaratmaqdadır. Bəs iki ölkə arasında münasibətlərin normallaşması məqsədilə müxtəlif formatlarda aparılan danışıqlarda ciddi irəliləyişlərin əldə edldiyi bir vaxtda sülh prosesini pozmaq kimlərə lazımdır? Qarabağdakı Rusiya sülhməramlı kontingenti öz missiyasını niyə yerinə yetirmir? Azərbaycan hansı addımlar ata bilər?

Danışıqların son raundu yekunlaşar-yekunlaşmaz Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələnin aktuallaşması sanki hansısa üçüncü qüvvələri hərəkətə keçirib. Regionda sülhün əldə edilməsindən narahat olan belə qüvvələrin başında ilk növbədə Fransanın gəldiyi heç kimə sirr deyil. Çünki son vaxtlar Ermənistan mətbuatında da rəsmi Parisin bu ölkəni silahlandırmağa çalışması ilə bağlı məlumatlar dərc olunmaqdadır. Elə hadisələrin öz məcrasından çıxacaq qədər gərginləşdiyi bu günlərdə Ermənistanın müdafiə naziri Suren Papikyanın “böyük bacı”larının yanına yollanması da çox şeydən xəbər verir. Fransa Azərbaycanın böyük Qələbəsinin nəticəsi olaraq Cənubi Qafqazdakı proseslərdən kənarlaşdırılmasını həzm edə bilmir, hər vasitə ilə Ermənistanı silahlandırmaq və bu ölkədə revanşizm meyillərini gücləndirməklə yeni toqquşmalar yaratmağa çalışır. Lakin Makron hakimiyyəti bir şeyi nəzərə almır ki, onların bu qızışdırıcı mövqeləri Ermənistanın bir dövlət kimi tamamilə məhvinə gətirib çıxara bilər. Üstəlik, Fransanın belə riyakar və iyrənc vasitələrlə yenidən Cənubi Qafqaza qayıdışı mümkün deyil. Əksinə, bu addımlarla rəsmi Paris özünün sonuncu şanslarını da itirmiş olur.

Danışıqlarda konkret nəticələrin əldə edilməsindən, sülh müqaviləsinin imzalanmasından, Zəngəzur dəhlizinin açılmasından ən çox “qorxan” digər dövlət İrandır. Faktdır ki, cənub qonşumuz bütün bunların baş verməməsi üçün illərdir müttəfiqlik etdiyi Ermənistana hər vasitə ilə təsir etməyə çalışır. Bu günlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Zəngəzur dəhlizinin açılmasını Ermənistan deyil, İran istəmir” məzmunlu sensasiyalı bəyanatı da çox mətləblərdən xəbər verir. Bir şey də dəqiq məlumdur ki, özü siyasi və iqtisadi problemlər məngənəsində boğulmaqda olan İran heç nəyə baxmayaraq Ermənistanla hərbi əməkdaşlığı davam etdirir, bu ölkənin ordusunu öz pilotsuz uçuş aparatları ilə təmin etməyə çalışır. Beləliklə, Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə son günlər baş verən hadisələrdə İranın “barmağının” olması da istisna deyil.

Qarabağdakı Ermənistan ordusunun hərbi birləşmələrinin və separatçıların təxribat cəhdləri isə növbəti dəfə Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı ciddi suallar yaradır. Necə olur ki, bu hərbi kontingentin komandanlığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmaq əvəzinə onların hərbi kolonlarını müşayiət edir, separatçıların uzunmüddətli fortifikasiya qurğuları quraşdırmasına şərait yaradır? Axı sülhməramlı kontingentin rəhbərliyinə də məlumdur ki, erməni silahlı birləşmələrinin üzvləri tərəfindan azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri ilə əlaqədar Azərbaycanın Hərbi Prokurorluğunda bu günə kimi 297 şəxs barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri (103-cü maddə (soyqırımı), 113-cü maddə (işgəncə), 115-ci maddə (müharibə qanunlarını və adətlərini pozma) və s. ilə təqsirləndirilən şəxs qismində cəlbetmə qərarları çıxarılaraq axtarışları elan edilib. Həmin şəxslərin böyük bir qismi hazırda da Azərbaycanın Qarabağ ərazisində, məhz sülhməramlıların məsuliyyət zonasındadır. Lakin bu vaxta qədər axtarışa verilmiş həmin cinayətkarların sülhməramlılar tərəfindən müəyyənləşdirilərək qanunvericiliyin tələblərinə uyğun cəzalandırılması üçün aidiyyəti üzrə Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi ilə bağlı tək bircə dənə də fakt mövcud deyil...

Deyəsən, Ermənistanın həvəslə hazırlaşdığı müharibənin nəticələrinin bu ölkə üçün yarada biləcəyi fəlakətləri başa düşməsi üçün yenidən “dəmir yumruğ”a ehtiyac var. Və deyəsən, Qarabağdakı separatçıların torpaqlarımızdan birdəfəlik rədd olmalarını Azərbaycan komandoları antiterror əməliyyatı vasitəsi ilə təmin etməli olacaqlar. Necə deyərlər, bunu siz istədiniz!..