KÖŞƏ

Mahir Rəsuloğlu

Hayın hayına qalan Fransa...

27 aprel 2023 02:34
7340

Madam Katrini Cənubi Qafqaza gətirən regionun sülh gündəmi deyil, erməni sevgisidir

Fransanın xarici işlər naziri Katrin Kolonnanın Cənubi Qafqaz respublikalarına səfəri başlayıb. Aprelin 28-dək davam edəcək səfər zamanı Kolonnanın Ermənistanda, Azərbaycanda və Gürcüstanda rəsmi görüşləri nəzərdə tutulub. Gözlənildiyi kimi, fransız nazir ilk olaraq erməni “bacı”larına baş çəkəcək. Ermənistan mətbuatı Fransa Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, madam Katrin İrəvanda baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək və Laçın yolundakı vəziyyəti müzakirə edəcək. Fransalı diplomatın Ermənistandakı Avropa İttifaqının müşahidə missiyasının qərargahına baş çəkəcəyi də bildirilir.

Xüsusilə Makron hakimiyyəti dövründə açıq şəkildə ermənipərəst siyasət yürüdən və bu səbəbdən Ermənistanla Azərbaycan arasında müxtəlif formatlarda aparılan sülh danışıqlarında vasitəçi qismində iştirakdan təcrid edilmiş Fransanın xarici işlər nazirinin regiona səfəri təbii olaraq bir sıra suallar doğurur. Məsələn, K.Kolonna hansı statusla və hansı əsasla Azərbaycanın daxili işlərini Hayastan rəhbərliyi ilə müzakirə edəcək? Axı aprelin 23-də Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında – Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin təsis etməsi ilə əlaqədar Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibi Ann-Kler Lejandrın əsassız, daha doğrusu sərsəm bəyanatının cavabı lazımi şəkildə verilib. Azərbaycan Xarici İşlər Nazirliyi bu ermənipərəstlərin diqqətinə çatdırıb ki, öz suveren ərazimizin sərhədində nəzarət-buraxılış məntəqəsi təsis etmək ölkəmizin suveren və legitim hüququdur. Üstəlik, bu addımın hər hansı bir beynəlxalq sənədə və ya məhkəmə qərarına zidd olduğu iddiasının heç bir əsası yoxdur. Çünki Azərbaycan hər zaman olduğu kimi, öz öhdəlikləri çərçivəsində Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət verir və bu istiqamətdə müvafiq tədbirlər davam etdirilir. Deməli, Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında Ermənistanla münasibətləri normallaşdırmaq səyləri qarşılığında Fransanın nümayiş etdirdiyi birtərəfli və qərəzli mövqe sadəcə prosesə maneçilik cəhdlərindən başqa bir şey deyil. Və haqlı olaraq bütün bunlardan sonra başqa bir sual yaranır: Madam Kolonna Azərbaycana niyə, daha doğrusu hansı üzlə gəlir?

Xatırlatmalı olacağıq ki, Ermənistanın torpaqlarımızı işğal altında saxladığı 30 il ərzində Fransa xüsusilə Makron hakimiyyəti dövründə hər vəchlə Cənubi Qafqazda sülhün və sabitliyin əldə edilməsinə mane olmağa çalışıb. ATƏT-in Ermənistanla Azərbaycan arasındakı münaqişənin həlli məqsədilə yaradılmış və 2020-ci ildə baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsindən sonra “ölərək dəfn edilmiş” Minsk qrupunun həmsədri olduğu müddətdə Fransanın təmsilçiləri həmişə Azərbaycana qarşı qərəzli münasibət göstərərək erməniləri işğal siyasətini davam etdirməyə şirnikləndiriblər. Bu gün də açıq görünür ki, 2020-ci ildə Azərbaycan torpaqlarının işğalına son qoyulması və Ermənistanın kapitulyasiya aktını imzalaması, eləcə də Vətən müharibəsindən ötən müddətdə müxtəlif formatlarda aparılan danışıqlarda müəyyən irəliləyişə nail olunması, sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlar Fransanı ciddi narahat edir. Təbii olaraq Makron hökuməti özünün bu prosesdən kənarda qaldığının fərqindədir. Əslində isə bütün bunların səbəbi də məhz elə Fransanın açıq-aşkar işğalçı Ermənistanın tərəfini saxlamasıdır.

Təəssüf ki, Fransanın qanunverici orqanının timsalında da dəfələrlə Azərbaycana qarşı qərəzin və erməni təəssübkeşliyinin şahidi olmuşuq. ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olduğu müddətdə bircə dəfə də Ermənistanın işğalçılıq siyasətini pisləməyən, özündə bu işğalın qeyd-şərtsiz aradan qaldırılmasını ehtiva edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi üçün heç bir real və səmimi addım atmayan Fransanın Senatı Azərbaycanın həmin qətnamələri təkbaşına icra etməsindən sonra 2020-ci ilin noyabrında, daha sonra 2022-ci il noyabrın 15-də, bu ölkənin Milli Assambleyası (parlamentin aşağı palatası) isə 2022-ci il noyabrın 30-da ölkəmizin əleyhinə beynəlxalq hüququn norma və prinsiplərinə zidd qətnamələr qəbul ediblər. Bütün bunlar Fransanın Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarının iştirakçısı və ya vasitəçisi ola bilməyəcəyini göstərir və Azərbaycan bu məsələdə öz qəti mövqeyini bildirib. Prezident İlham Əliyev 2022-ci il noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda qeyd etmişdir ki, Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz: “Onları bu formatdan kənarlaşdıran biz yox, özləri oldu. Çünki nə Rusiya, nə də Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa tutub.”

Xarici işlər naziri Katrin Kolonnanın timsalında Fransa bir həqiqətin yenidən şahidi olacaq ki, nə qədər ki Makron hökuməti klassik ermənipərəst siyasətindən əl çəkməyib bu ölkənin Cənubi Qafqazda heç bir işi yoxdur, ola da bilməz. Çünki bu regionun əsas oyunçusu olan Azərbaycan Fransanı burada istəmir. Məşhur filmimizdə Kərbalayi İsmayıl demişkən, “bizə belə hərdəmxiyal hökumət lazım deyil”...