KÖŞƏ

Mahir Rəsuloğlu

Xəyanətkarın cırılan maskası...

09 iyun 2023 22:48
5616

Künc zərbəsi

Bəlkə sən bizdən deyilsən, Tofiq Yaqublu?

Vətən, xalq, millət və torpaq sevgisi elə anlayışlardır ki, müqəddəsliyi ilə oynamaq, şəxsi maraqlarının, nifrətinin, qəzəbinin oyuncağına çevirməyə çalışmaq, yumşaq desək, şərəfsizlikdir. Öz ölkənin düşmənlərin bağrını çatladacaq qədər inkişaf etməsini, dövlətinin qüdrətlənməsini, təkcə yerləşdiyi regionda deyil, dünyada nüfuz və söz sahibinə çevrilməsini, daha böyük amallar, gözəl gələcək naminə möhkəm təməllərin atılmasını görməzdən gəlmək də eyni dərəcədə şərəfsizlik, xəyanət, cinayətdir. Bəs bu xəyanətdə, cinayətdə onu törədəndən başqa kim və ya kimlər maraqlı tərəf ola bilər, kimlər bundan bəhrələnməyə çalışar? Ən qatı düşmən! İndiki halda ilk növbədə ermənilər və onların havadarları. Deməli, bu gün özü kimi əqidəsini asan və çirkli pul qazanmaq naminə buyruq qullarına çevrildiklərinə satmış qənimət zahidlərlə “ağız-ağıza” verib Azərbaycan xalqını (bilərəkdən) təhqir edən, insanları küçələrə çıxmağa, ölkədəki sabitliyi pozmağa çağıran Tofiq Yaqublu ermənilərin çirkin maraqlarının dəyərsiz marioneti – hərəkət etdirmək üçün ipləri idarəçinin əl barmaqlarına taxılmış kuklasıdır... 

Bu gün aldığı sifarişi yerinə yetirmək və sifarişin haqqını “haqq etmək” üçün dəridən-qabıqdan çıxan Tofiq Yaqublu yaxşı bilir ki, Azərbaycan vaxtilə onun əqidəsiz əqidədaşlarının səriştəsizliyi, daha çox isə xəyanəti nəticəsində ermənilər tərəfindən işğal edilmiş torpaqlarımızı ölkəmizdəki sabitlik, birlik sayəsində geri qaytara bilmişik. Qüdrətli ordumuz həm də həmin sabitliyin və bu səbəbdən gündən-günə artan iqtisadi gücümüzün sayəsində qarşısında heç bir düşmənin dura bilməyəcəyi səviyyədə güclənib. O səviyyədə ki, Daxili İşlər Nazirliyinin daxili qoşunlarının çoxsaylı əməkdaşı, xüsusi təyinatlıları da daxil olmaqla bütün digər güc nazirliklərinin qəhrəman əsgər və zabitləri cəmi 44 gündə Zəfər tariximizin şanlı səhifəsini yazıblar. Elə bu günün özündə işğaldan azad edilmiş ərazilərdə polislərimizin fədakarlığını görməmək üçün ya kor olmaq lazımdır, ya da düşmən. Düşmən və ya kor deyilsənsə polislərimizə (özü də istisnasız hamısına) hansı haqla qara yaxır, onlar haqında özünə yaraşan ifadələr işlədirsən, Tofiq Yaqublu? Kimdir o polislər, kənardan gəliblər? Hamısı bu millətin övladları, övladımız, əmimiz, dayımız, qardaşımız deyillərmi? Bəlkə sən bizdən deyilsən?..

Xalqı meydanlara çıxmadığı üçün ittiham edən Tofiq Yaqublu insanların öz dövlətinə sədaqətini, Prezidentinə sevgisini görür, ancaq həzm edə bilmir. Çünki bu sevgi, sədaqət ona və onun “sahib”lərinə sərf etmir. Bu üzdən yanıqlı-yanıqlı kin və nifrət püskürür, şər atır, qara yaxmağa çalışır.

İlk dəfədirmi? Xeyr. 30 il boyu olsun torpağı yağmalanmış, haqqı tapdalanmış milyonlarımızın dərdinə şərik çıxmayan, səsini dünyaya çatdırmaq naminə hansısa addım atmayan, Vətən müharibəsində yalandan da olsa milli təəssübkeşlik nümayiş etdirməyən, tək bir dəfə “bu haqq savaşıdır, dövlət haqq yolundadır, hər şeyi kənara atıb yanında durmaq lazımdır” deməyən Tofiq Yaqublu 2022-ci ilin sentyabrında ermənilərin torpağımıza və sərhədimizə, xalqımıza, gecə-gündüz əlində silah Vətənin keşiyində dayanmış əsgərlərimizə qarşı təxribatlarının qarşısının alınması məqsədilə məcburi həyata keçirilən əks-hücum əməliyyatı zamanı da açıq-aşkar düşmənin tərəfini tutmuşdu. Bəlkə özünün “yadından çıxıb”, ancaq xalq həmin vaxt el qınağından qorxaraq zəhərini içinə axıdıb “vazgen qardaşlarına” gizli yas saxlayanları da,  qara yaxmaq üçün kölgədə gizlənib fürsət gözləyirmiş kimi həmin həssas məqamda erməniyə tərəf olan tofiqkimləri də unutmayıb - əksərən bütün riyakarların üslubuna uyğun “vətənpərvərlik” maskası ilə maskalanmış tofiqkimiləri...

İndi ötən əsrin 90-cı illəri deyil, sizin maskanız çırılıb artıq. Böhtanla, şərlə, hay-küylə, yalanla 21-ci əsr insanını aldatmaq olmaz, özünüzü qandırmayın, “bəylər”. Ən yaxşısı, gedin sakitcə öz hamilərinizə etiraf edin ki, sizin xəyanətkar, riyakar “priyom”larınız Azərbaycanda işləmir, işləməyəcək də. Bilin ki, bu ölkədə satqınlara yer yoxdur!