KÖŞƏ

Mahir Rəsuloğlu

Düşmən mövqeyi...

17 iyun 2023 01:35
5435

Künc zərbəsi

Tofiq Yaqublu özünü necə ifşa edir?

Ağı qaradan, yaxşını pisdən ayırmağı ən yaxşı fərdlər deyil, xalq və millət bacarır. Ələlxüsus, başı bir tökdüyü qanlar bahasına qurduğu müstəqil dövlətinin başına keçmiş təsadüfi və üzdəniraqlardan, bir də ermənilər başda olmaqla düşmənlərdən müsibətlər çəkmiş Azərbaycan xalqı onu xilas edib sevəni də, nankorunu, satqınını da ayırd etməyi bilir. Odur ki, kimsə, məsələn, başqa vaxt özünü xalqına canıyanan kimi göstərib, ancaq hər fürsətdə həyasızcasına onu açıq mətnlə, özünə yaraşan ifadələrlə təhqir edən, əməl və davranışları ilə düşmən “cəhrəsi yağlayan” Tofiq Yaqublu kimiləri daha maskalanaraq heç kimi sadəlövh yerinə qoyub aldada bilməzlər. Qəzəbini, kinini bütöv bir xalqın üstünə püskürən bu “müxalifətçi” Milli Qurtuluş günündə “bayram təbriki” olaraq milyonlarla azərbaycanlının şərəf və ləyaqətini aşağılamağa çalışmaqla bir daha öz siması(zlığı)nı, hansı yuvanın quşu olduğunu, Azərbaycan düşmənlərinin maraqlarının xidmətçisinə çevrildiyini isbatlamış oldu. Müxalifət sözü təsadüfən dırnaq içində yazılmayıb. Özünü “radikal müxalifət” adlandıranların demək olar ki, hamısı sivil qaydada siyasi mübarizə aparmaqla deyil, keçmişdə və ya indi öz Vətənini, millətini, torpağını öz maraqları naminə kiməsə satmaqla məşğuldurlar. Müstəqilliyimizin ilk illərində də satıblar, indi satmağa çalışırlar. Birinin özü satır, birinin oğlu satır, biri əqidəsi daxil hər şeyini...

Guya, Tofiq Yaqublunun Milli Qurtuluş Gününün mahiyyətindən xəbəri yoxdur? Elə yaxşı var ki. Axı rayonlarımızın, şəhər və kəndlərimizin ermənilər tərəfindən işğalı Tofiq Yaqublunun da rəhbərliyində təmsil olunduğu Müsavat və AXC-nin hakimiyyəti dövründə baş verib. Axı onların səriştəsizlikləri, savadsızlıqları, şəxsi maraqlarını ümummilli və dövlət maraqlarından üstün tutmaları, apardıqları hakimiyyət davası torpaqlarımızın 30 ilə yaxın erməni tapdağında qalmasına səbəb olub. Axı onların “rəhbərliyi” sayəsində 1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, ölkə daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyillərinin baş qaldırması düşmənlərin Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. Yaddaşları bir az da təzələyəkmi?

...Hakimiyyət hərisliyinin qurbanına çevrilmiş AXC-Müsavat cütlüyünün satqınlığı Azərbaycanı böyük fəlakətlərə düçar etməklə bərabər, düşmənlərimizə də əzəli torpaqlarımızı ələ keçirmək fürsəti yaratdı. Kəndlərimiz, rayonlarımız getdikcə azğınlaşan erməni silahlı birləşmələri tərəfindən ard-arda işğal edilən zaman hakimiyyət davası aparan antimilli qüvvələr bu işğallardan öz ambisiyalarını həyata keçirmək üçün istifadə etməyə çalışırdılar. Ölkənin məqsədli şəkildə böhrana sürüklənməsi, xaos və özbaşınalığın artması, ordu quruculuğu sahəsində heç bir iş görülməməsi daxildə AXC-Müsavat cütlüyünün, xaricdə isə Azərbaycan düşmənlərinin işinə yarayırdı. Antimilli qüvvələrin yalnız bir məqsədləri vardı: Nəyin bahasına olursa-olsun hakimiyyəti zəbt etmək. Məhz bu səbəbdən 1992-ci il may ayının 8-də onların nəzarəti altında olan bəzi satqın qüvvələr Şuşanı ermənilərə demək olar ki döyüşsüz təslim etdilər. Bunun nəticəsində Azərbaycanda hakimiyyət böhranının yaşanmasından istifadə edən Tofiq Yaqublunun “əqidədaşları” qanunsuz yollarla hakimiyyəti ələ keçirdilər. Onların hakimiyyəti dövründə ölkə faktiki olaraq idarəolunmaz vəziyyətə düşmüşdü. Azərbaycanda anarxiya, özbaşınalıq, hərc-mərclik, talançılıq hökm sürürdü ki, bu da ermənilərin işinə yarayırdı. Məhz AXC-Müsavat cütlüyünün xəyanətinin və satqınlığının nəticəsi olaraq Şuşanın ardınca Laçın və Kəlbəcər rayonları da Ermənistan tərəfindən işğal edildi. Beləliklə də ermənilər öz çirkin niyyətlərinə nail ola bildilər, torpaqlarımızın 20 faizə yaxını işğal altına düşdü.

Başı öz şəxsi maraqlarını təmin etməyə qarışmış antimilli qüvvələrin səhlənkarlığının nəticəsi olaraq 1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləməkdəydi. Vəziyyətə nəzarəti ələ almaq üçün dırnaqarası hakimiyyətin atdığı tələsik addımların heç bir xeyri olmadı. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Hadisələr nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Heydər Əliyevi hakimiyyətə dəvət etməyə məcbur oldu. Beləliklə, iyunun 15-də Milli Məclisdə Ulu Öndər Heydər Əliyevin parlamentin Sədri seçilməsindən sonra düşmənlərin Azərbaycanı məhv etmək planlarının qarşısı alındı, ölkədə dövlətçilik bərpa edildi.

Xalqımız nə o ağır günləri, nə də Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərini unutmayıb, heç zaman da unutmayacaq. Bax bütün bunlara görə, Milli Qurtuluş günü Azərbaycan xalqı üçün bu qədər önəmli və əzizdir. Bu bayrama sevinənlər haqqında əxlaqına uyğun ifadələr işlətməklə Tofiq Yaqublu əslində özünü ifşa etmiş, mövqeyini bir daha göstərmiş olur: Bayramımıza, sevincimizə, Qələbəmizə kədərlənənin, kədərimizə sevinənin “Azərbaycan sevgisi” səmimi ola bilməz. Bu, düşmən mövqeyidir!