KÖŞƏ

Mahir Rəsuloğlu

Qeyd-şərtsiz, özü də tezliklə!

07 aprel 2023 02:14
6850

Qarabağdakı erməni icmasının Azərbaycan cəmiyyətinə reinteqrasiyası alternativsiz prosesdir  

Qarabağ iqtisadi rayonunun Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində milli sərvətlərimizin erməni quldurları tərəfindən talanmasına, ekologiyamıza qarşı törədilən barbarlıq aktlarına etiraz məqsədilə Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) və ictimaiyyət nümayəndələrinin, ekofəalların, həmçinin könüllülərin iştirakı ilə davam edən aksiyaların başlanmasından 117 gün keçir. Bu aksiyalar, eyni zamanda, xalqımızın birliyinin, qətiyyətinin nümayişidir və bizi addım-addım hədəflərimizə yaxınlaşdırır. Tez-tez dəyişən hava şəraitinə, Şuşanın sərt iqliminə və soyuğuna rəğmən gecə-gündüz yorulmadan, usanmadan milli sərvətlərimiz, təbiətimiz, torpağımız naminə növbəti haqq savaşına çıxmış, ürəyi Vətən sevgisi ilə döyünən aksiya iştirakçıları bu mücadilədən dönməyəcəyimizi bütün dünyaya sübut edirlər. Sübut edirlər ki, Azərbaycanı heç bir qüvvə öz haqq yolundan döndərə bilməz...

Ermənilərin yalandan özlərinə əl qatıb hay-küy salmalarına baxmayaraq etiraz aksiyasının mahiyyətcə humanitar xarakterli olması dəfələrlə sübut edilib. Etirazların başlanmasından ötən 116 gündə bir dəfə də olsun Laçın yolunda nəqliyyatın hərəkətinin dinc məqsədlərlə istifadəsinə hər hansı maneəçilik törədilməyib. Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə ağır xəstələrin daşınmasını həyata keçirən təcili tibbi yardım avtomobillərinin, ərzaq və dərman yüklü maşınların Xankəndidən Ermənistana və əks marşrut üzrə hərəkəti üçün şərait yaradılır. Bunu ermənilərin özləri də bəzən dolayısı ilə etiraf etməli olurlar. Aprel ayının 4-də aksiyanın keçirildiyi yerdə halı pisləşən 4 erməni qadına Şuşada işləyən azərbaycanlı həkimlər tərəfindən ilkin tibbi yardımın göstərilməsi, onların Azərbaycana məxsus təcili-tibbi yardım avtomobili vasitəsilə Xankəndi xəstəxanasına çatdırılması isə bir daha göstərdi ki, Azərbaycan həmişə olduğu kimi, humanizm prinsiplərinə sadiqdir, həmçinin Qarabağdakı dinc erməni əhalinin istənilən problemlərini həll etməyə hazırdır və qadirdir: Ermənilərin və Rusiya sülhməramlılarının bu humanist yanaşmadan sui-istifadə etmək cəhdlərinə baxmayaraq.

Qeyd edək ki, 4 qadının halının pisləşməsinə səbəb də məhz Rusiya sülhməramlı kontingenti tərəfindən erməni millətindən olan vətəndaşların Xankəndiyə çatdırılması üçün Laçın-Xankəndi yolu ilə razılaşdırılmamış keçid cəhdi olub. Həm bu keçidin əvvəlcədən razılaşdırılmaması, həm də yük maşınlarında ermənilərin iddia etdikləri kimi təkcə qadınlar, qocalar və uşaqlar deyil, çağırış yaşına çatmış kişilərin də olması istər-istəməz Ermənistanın Qarabağdakı separatçılara silah-sursat, hərbi ləvazimat və canlı qüvvə çatdırmaq üçün hər vasitəyə əl atdığını yada salır. Axı cəmi bir neçə gün əvvəl – martın 25-də qeyd olunan səbəblərin doğurduğu zərurət nəticəsində Azərbaycan Ordusu xüsusi əməliyyat keçirməli olmuşdu. Əməliyyat nəticəsində Xankəndi-Laçın yoluna alternativ Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimaldakı Xankəndi-Kosalar-Mirzələr-Turşsu torpaq yollarına nəzarətə imkan verən 2054.0 şərti adlı yüksəklik Silahlı Qüvvələrimizin xüsusi təyinatlı bölmələri tərəfindən ələ keçirilmişdi. Bunun ardınca isə martın 28-də yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar ordumuzun bölmələri tərəfindən Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyin, əsas və yardımçı yolların, eləcə də sərhədboyu geniş sahələrin nəzarətə götürülməsi Hayastan rəhbərliyinin, Qarabağdakı separatçıların, eləcə də onların himayədarına çevrilmiş Rusiya sülhməramlılarının, necə deyərlər, əl-qollarının bağlanması ilə nəticələnib. Odur ki, aksiyanın keçirildiyi ərazidə Rusiya sülhməramlılarına məxsus hərbi yük avtomobilindəki çağırış yaşlı ermənilərin olması növbəti təxribat cəhdi, onların Xankəndiyə buraxılmaması isə tamamilə əsaslıdır. Heç kim ölkəmizi öz ərazisində Azərbaycanın qanunlarının pozulmasının qarşısını almağa görə qınaya bilməz.

Halı pisləşən qadınlara azərbaycanlı həkimlərin ilkin tibbi yardım göstərmələri, Rusiya sülhməramlılarına məxsus hərbi yük avtomobilindəki çağırış yaşlı ermənilərin isə geri, gəldikləri yerə göndərilməsi Qarabağdakı erməni vətəndaşların Azərbaycan cəmiyyətinə reinteqrasiyasının vacibliyini və alternativsizliyini bir daha nümayiş etdirdi. Belə ki, sözügedən təxribat cəhdi Xankəndi-Laçın yolundakı aksiyanın tələblərinin sərtləşməsinə də təsir göstərə bilər. Ermənistan mətbuatının məlumatına görə, Qarabağdakı separatçı rejimin qondarma “dövlət naziri” Qurgen Nersisyan rəsmi Bakının bununla bağlı Xankəndiyə tələb göndərdiyini deyib. Bildirilib ki, yalnız ermənilər Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra aksiyanın başa çatması məsələsi müzakirə olunacaq. Ekspert Asif Nərimanlının fikrincə, Azərbaycan hələ Xocalı görüşündən sonra separatçılara xəbərdarlıq etmişdi: ya reinteqrasiya prosesini qəbul edin, ya da daha çox çətinliklər olacaq: “Mövcud situasiyda ermənilərin xarici aləmlə bağlantı qurmasının yolu Azərbaycan vətəndaşlığını qəbul etməkdən keçir. Onların yalnız vacib məsələlərdə - Ermənistandakı qohumu ölərsə, yaxud ağır xəstəliyə tutularsa, yoldan keçidinə icazə veriləcək. Bu vəziyyət uzun müdət davam edə bilməz və proseslər ermənilərin Bakının vətəndaşlıq tələbini tədricən yaxına buraxacağı yönündə inkişaf edir.”

Artıq həm Hayastan rəhbərliyi, həm Qarabağdakı separatçılar və erməni icması, həm Rusiya sülhməramlı kontingentinin komandanlığı bir reallığı qəbul etməlidir: Azərbaycanın qanuni tələbləri yerinə yetirilməlidir! Qeyd-şərtsiz, özü də tezliklə! Əks təqdirdəsi yoxdur...