KÖŞƏ

Mahir Rəsuloğlu

27 il ac qalan sülh quşları

20 noyabr 2021 09:00
1493

Ağdam bazarının göyərçinlərinə...

Beton sütunlara söykənib hündürdən, lap hündürdən aşağı baxan bir tavan xatırlayıram. Bəlkə də mən o zaman otuz neçəsə il sonra həmin mənzərəni xəyalımda canlandırmağa çətinlik çəkəcək qədər kiçik olduğumdan o cür hündür görünürdü tavan. Və altında insan qaynayırdı bu tavanın – uşaqlı-böyüklü, qadınlı-kişili, əli zənbilli, sinəsi uzun önlüklü insanlar. Sıra ilə piştaxtalar düzülmüşdü. Başlanğıcında mən dayanmışdım, sonu görünmürdü, deyəsən, həm insan seli, həm də piştaxtalar sonsuzluğa qədər uzanırdı. Nələr yox idi ki, mehriban qonşu evləri kimi yan-yana söykənən piştaxtaların üstündə. Hamısını sadalamaq da, xatırlamaq da mümkün deyil, ancaq dəqiq yadımdadır ki, o vaxt deyirdilər Ağdam bazarında tapılmayan şey yoxdur...

Hə, otuz neçəsə il əvvəl ilk və hələ ki, sonuncu dəfə Ağdam bazarındaydım. Min bir zəhmətlə saxladığımız malın-heyvanın südündən hazırladığımız pendiri satmağa aparanda yalvarışlarıma dayana bilməyən valideynlərim məni də özləri ilə gətirmişdilər. Sakitcə büzüşüb öz piştaxtamızın yanında dayanmışdım. Dünya boyda bazarı, alanları, satanları, malını tərifləyənləri, bahalıqdan gileylənib qiymət üstə çənə-boğaza çıxanları seyr edirdim. Çox maraqlı idi əslində, ancaq mənim uşaq dünyamı şənləndirən, yarım günümü mənalandıran, xatirəmdə iz buraxan tamam başqa şey oldu...

Göyərçinlər! Hündür tavanın beton çardağının aralarına doluşmuş, çoxu qoşa-qoşa dayanan, erkəklərin quğultuları aşağının bütün səs-küyünü yarıb qulaqlarımda musiqi kimi səslənən, hərdən insanlardan qorxmadan küncdə-bucaqda yerə enib dünya boyda bazardan bir dimdik nemət payını götürərək özündən və taleyindən razı halda geri uçan masmavi göyərçinlər! Elə sevinirdim ki, göyərçinlərin varlığına, özlərinə burada məskən salmalarına, yem dərdi çəkməməklərinə. Elə toxunmaq, sığallamaq istəyirdim ki onları... Evdən özümüzlə gətirdiyimiz təndir çörəyindən tikələyib bazarın küncünə atır, geri çəkilib göyərçinlərin ilk fürsətdəcə enib çörək tikələrini məmnunluqla götürüb qaçmalarına baxırdım. Harada olduğumu, niyə gəldiyimizi də unutmuşdum az qala. Heç bilmədim valideynlərim nəyi neçəyə satdılar, nə aldılar, əlimdən tutub bazar qələbəliyinin içindən çıxarmağa çalışanda da fikrim göyərçinlərin yanındaydı.

... Elə sevirdim ki göyərçinləri. Qırılmış köhnə velosipedimin salamat təzə təkərini verib bir cüt göyərçin aldım. Rəngləri qara idi amma. Olsun, mənim idi, toxuna bilirdim, sığallayırdım, ovcumda dən yedizdirirdim. Yuva tikdim onlara, balaladılar, balaları da mənimlə birgə böyüdülər. Göyün mavi rənginə qara buludların pərdə çəkdiyi qara bir gün günortadan sonra qara göyərçinlər hamısı havaya qalxdı. Uçdular, uçdular, ta qaranlıq düşənədək gah gözdən itənə qədər hündürə qalxıb nöqtəyə döndülər, gah aşağı enib mayallaq vurmaqda yarışdılar. “Allah xeyirə calasın” dedim, nə olub bu quşlara? Gecə yatdıq, səhər tezdən yem vermək üçün yuvalarının ağzını açanda gördüm göyərçinlərimin hamısı ölüb! Heç nədən olduğunu da bilmədim. Ancaq bundan bir həftə keçmədi ki, göz açıb böyüdüyüm, cənnət Qarabağımızın gözəl güçəsində yerləşən kəndimiz ermənilər tərəfindən işğal edildi! Sonra ard-arda daha neçə kəndimiz, şəhərimiz... Və Ağdam yağmalandı, viran edildi!

Məni qınamayın, ancaq 27 il hər dəfə adı gələndə Ağdam qədər də bazarındakı göyərçinlər üçün dərd çəkdim, qayğılandım. Ac qaldılar deyə. Bazarsız, yuvasız, insansız qaldılar deyə!

Müqəddəs əzəli torpağımız – ata-baba ruhlarının dolaşdığı, şirin xatirələrimizin beşiyi, Vətən içində Vətənimiz Ağdam azadlığına qovuşanda həm də göyərçinlər üçün sevinc göz yaşı tökdüm. Daha ac qalmayacaqlar. Yenə yuva qurmağa bazar damının tavan arası, uçmağa azad səmaları olacaq! Dağılmış, tar-mar edilmiş Ağdamı yenidən tikəndə biz mütləq göyərçinləri də nəzərə almalıyıq, alacağıq!

Azadlıq günün mübarək, əziz Ağdam! Azadlığınız mübarək, masmavi göyərçinlərim!