Azərbaycanın milli özünüdərkinin simvolu, azadlığına gedən ağır və keşməkeşli yolun başlanğıcı olan 20 Yanvar faciəsinin günahkarları gec-tez öz cəzalarını alacaqlar.
O şənbə gecəsi tək suçu Vətəni sevmək olan əliyalınlarla ölüm saçan “Kalaşnikov”ların, tırtılı ilə insanlıq adına müqəddəs olan hər şeyi tapdalamağa, əzməyə hazır zirehli tankların cildinə girmiş şərin, nifrətin, qəddarlığın savaşı baş verdi. O gecə tarix dünyanın görünməmiş cinayətlərindən birinə şahidlik etməkdən utandı... Ləyaqətini qorumaq, haqqı olan azadlığına qovuşmaq üçün ayaqlanan böyük xalqın qoca və qəzəbli imperiyanın Azərbaycanın ürəyinə - Bakıya sancılmış korşalmış caynağını dartıb yerindən çıxarmasıyla qan su yerinə axdı. 147 üstəgəl 744 günahsızın o al qanı sonu Ülvinin nənəsinin təndir evinin qabağına gedib çıxan yollarda gölə, 13 yaşlı Larisa və İlqarın, 14 yaşlı Nərimanın məktəb partalarının üstündəki qərənfillərə, İlham və Fərizənin ürək dağlayan nakam sevgi dastanına, Azərbaycanın əbədi və dönməz müstəqilliyinə çevrildi!
Bəli, 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. Odur ki, həmin qanlı hadisə həm bu yolda hər cür qurban verməyə hazır olan xalqımızın tarixində şərəfli bir səhifə, həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda apardığımız milli azadlıq hərəkatının zirvəsidir. 20 Yanvar siyasi ambisiyalar naminə Azərbaycan xalqına qarşı törədilmiş insanlıq əleyhinə cinayətdir!
Azərbaycanın milli maraqlara zidd addımlar atan ozamankı rəhbərlərinin istefası tələbinin irəli sürülməsi və oyanmış vulkan kimi püskürən xalqın qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxması mayası qəddarlıqdan yoğrulmuş SSRİ rəhbərliyini qəzəbləndirirdi. “Baş qaldıranı” cəzalandırmaq üçün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilirdi. Ən dəhşətlisi isə budur ki, tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdi və baş verənlər əvvəlcədən planlaşdırılmış hərbi cinayət idi. Belə ki, hələ faciədən bir müddət əvvəl – yanvarın ortalarında SSRİ Müdafiə və Daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək müxtəlif yerlərdə yerləşdirilmişdi. Üstəlik, Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi ki, faciə zamanı ermənilər xüsusi canfəşanlıq və qəddarlıq nümayiş etdirirdilər...
Məhz bu qəddarlığın nəticəsi olaraq qanlı yanvar hadisələri zamanı cəmi bir neçə gün ərzində ümumilikdə 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin faciənin 32-ci ildönümü ilə bağlı bəyanatında da qeyd olunduğu kimi, təəssüf ki, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər bu kimi hüquqi sənədlərin kobud şəkildə pozulduğu, öz mahiyyətinə və miqyasına görə ötən əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan 20 Yanvar hadisələrinə hələ də beynəlxalq siyasi-hüquqi qiymət verilməyib. Halbuki keçmiş Sovet rəhbərliyinin bilavasitə məsuliyyət daşıdığı bu faciə beynəlxalq hüquqa əsasən insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır. SSRİ və Azərbaycanın ozamankı rəhbərlərinin, habelə 1990-cı ilin yanvarında ölkəmizə soxulmuş Sovet hərbi kontingentinin hərəkətlərində Nürnberq prosesində pislənmiş bütün əlamətlər vardır. Azərbaycanın siyasi rəhbərliyi həmin vaxt nəinki istefaya getmədi, hətta belə bir məqamda susmağı daha üstün tutdu, SSRİ Baş Prokurorluğunun istintaq qrupu isə hərbçilərin hərəkətlərində cinayət tərkibinin olmaması nəticəsinə gəldi və 20 iyul 1990-cı il tarixində cinayət işinin xitam olunması qərarı verildi. Beləliklə də bir xalqa qarşı törədilmiş siyasi-hərbi cinayət, soyqırımı aktı ört-basdır edildi.
Tarixin öz səhifələrində gizlədiyi bütün həqiqətlər nə zamansa gün işığına çıxıb aydınlandığı kimi, heç bir cinayət də cəzasız qalmır. Azərbaycanın milli özünüdərkinin simvolu, azadlığına gedən ağır və keşməkeşli yolun başlanğıcı olan qanlı 20 Yanvar faciəsinin də günahkarları və iştirakçıları gec-tez öz cəzalarını alacaqlar. Bunu həm insan hüquq və azadlıqlarının təmin edilməsinə yönəlmiş bütün beynəlxalq aktlar, həm də ilahi ədalət tələb edir.
Biz 32 ildir yanvarın 20-i saat 12-də bir dəqiqəlik sükutla təkcə şəhidlərimizin əziz xatirəsini anmırıq, həm də xalqımızın azadlıq mücadiləsi əzmini, cəsarətini, yenilməzliyini, şərəf tariximizi xatırlayırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Mahir Rəsuloğlu, “İki sahil”
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib