KÖŞƏ

Sevinc Azadi

Ermənilərin tarixi yaddaşımızı silmək mərəzi

07 fevral 2022 22:16
1522

Məlum olduğu kimi, fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Prezident İlham Əliyevin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş baş tutdu. Görüşdə UNESCO-nun Azərbaycana və Ermənistana missiya göndərməsi ilə bağlı razılıq əldə olundu. Xatırladaq ki, Vətən müharibəsindən sonrakı müddət ərzində Azərbaycan UNESCO-nun missiyasının göndərilməsi ilə bağlı razılığını bildirmişdi. İlk əvvəl təşkilat bunda maraqlı olsa da, sonradan erməni lobbisinin təsiri ilə bu proses suni şəkildə uzadılırdı. Artıq razılıq əldə olunub. İşğaldan azad olunmuş ərazilərdə ermənilərin törətdikləri vandalizmi, dağıntıları UNESCO nümayəndələri gəlib öz gözləri ilə görə bilər. Başqa bir məsələ isə UNESCO-nun Ermənistana göndərəcəyi missiyadır.

Məlumdur ki, ötən əsrin 20-ci illərində ermənilər Azərbaycana məxsus 15 qədim mahalın hesabına özlərinə qurama dövlət düzəldə bilmişlər.  Ermənilərin Cənubi Qafqazda, o cümlədən qədim Oğuz yurdunda - indiki Ermənistan ərazisindəki tarixi türk-xristian abidələrinə sahib çıxması da məhz XIX əsrdə geniş vüsət almışdı. Müasir Ermənistan Respublikası adlanan tarixi Azərbaycan ərazisində çoxsaylı qalalar, qala-şəhərlər, hərbi istehkam obyektləri mövcud olmuşdur. Orta əsrlər dövrünə və Rusiya işğalı dövrünə aid ədəbiyyatlarda indiki Ermənistan ərazisində mövcud olmuş və hərbi istehkam xarakteri daşıyan İrəvan qalası, Keçi qalası, Sərdarabad qalası, Talın qalası, Gümrü qalası, Şörəyel qalası haqqında məlumatlar verilir. Adları sadalanan bütün bu qalaları İrəvan xanlığının Rusiya qoşunları tərəfindən işğalından sonra ermənilər tədricən dağıdaraq yer üzündən silmişlər.

Ermənistanda abidələrə qarşı səlib yürüşü elə sovet hakimiyyəti illərində də həyata keçirildi. Sürətlə addəyişmə başladı. Hələ sovet dövründə Ermənistan adlanan qədim Oğuz yurdunda azəri türklərinə məxsus toponimlər dəyişdirildi. Yüzlərlə şəhər, kənd, qəsəbə, dağ, çay, dərə, bulaq və tarixi abidələrin adları erməniləşdirildi. Vaxtilə müsəlman Şərqində "məscid və minaralər" şəhəri kimi məşhurlaşan İrəvanda bu gün yalnız bir məscid qalmaqdadır ki, onu da ermənilər dünya ictimaiyyətinə fars məbədi kimi təqdim edirlər. Uzun illər fasiləsiz olaraq hücumlara mətanətlə sinə gərən məşhur İrəvan qalasının da bu gün izi-tozu yoxdur. Bütün Avropa səyyahlarını heyrət içində qoyan möhtəşəm Sərdar Sarayı, onun şəkillərdə gördüyümüz Güzgülü salonu artıq bir nağıldır.

Vaxtilə bu yerlərdə olan tarixçilər - Ə.Ələkbərov, Z.Bünyadov, M.Nemətova abidələr haqqında geniş araşdırma apararaq onları dünya epiqrafiya elminin dəyərli nümunələri kimi səciyyələndirmişlər. Xüsusilə də qəbir daşlarının üzərindəki yazıları oxuyaraq qədim insanın, ulu babalarımızın həyat tərzi, məişəti haqqında dəyərli məlumatlar vermişlər. Məhz onların axtarışları nəticəsində qədim türklərə məxsus elə qayaüstü təsvirlər üzə çıxarılmışdır ki, bunların Qobustan və Gəmiqaya təsvirləri ilə əlaqəsi şərh edilmişdir. Xüsusilə də Zəngəzur bölgəsi abidələrlə zəngin bir ərazi hesab edilib. Mahalın Qarakilsə rayonu ərazisində eramızdan əvvəl ikinci minilliyə aid bir tikilinin qalıqları son illərə qədər qalırdı. Şaquli vəziyyətdə cərgə ilə düzülmüş bu daşlar Neolit dövrünün yadigarı idi. Ədəbiyyata Qoşundaş adı ilə düşən bu qədim abidəni sonralar ermənilər sətri tərcümə edərək öz kitablarında Zorakarer kimi siyahıya alıblar.

Zəngəzurun məşhur yaşayış məskəni olan Urud kəndi (sonradan Voratan) abidələrlə çox zəngin idi. Burada Babək qalası, kurqanlar, qədim körpü, eləcə də müxtəlif qəbirüstü abidələr, məbədlərin xarabalıqları vardı. Hündür, sıldırımlı qayanın zirvəsində yerləşən qala üç tərəfdən divarla əhatələnmişdi. Qalanın zirvəsindən çaya gizli yol vardı. Qalanın aşağı hissəsində təxminən iki kilometrə yaxın bir ərazidə dağılmış evlərin xarabalıqları görünürdü. Bu qala tarixi mənbələrdə müxtəlif adlarla qeyd edilib. Sonuncu dəfə Babəkin ordusu burada döyüşdüyündən yerli əhali onu elə Babək qalası adlandırmışdılar.

Qarakilsənin (Sisian) Ağdü kəndindəki qəbirüstü abidə öz nəhəngliyi və milli ornamentləri ilə diqqət çəkirdi. Sonralar ermənilər VII yüzillikdə tikilmiş 9 metr hündürlüyündə olan bu abidənin sütunlarına xaç şəkilləri oydular. Halbuki Ağdü kəndi qədimdən türk-oğuz boylarının beşiyi idi. Ermənilər bu kəndə ancaq 1988-ci ilin soyqırımından sonra köçdülər.

Zəngəzur mahalının Gorus rayonunun Tatev kəndində böyük bir ərazini əhatə edən məbəd vardı. El arasında bu məbədə “Tat ev” və ya "Böyük ev" deyirdilər. "Tat" sözünü el arasında bu ərazidə oturaq həyat keçirən türklərə aid edərdilər. IX-X əsrdə yaşamış memar babalarımızın daş yaddaşı olan bu abidə də əslində alban-türk xristian məbədi idi.

Zəngi çayının sahilində İrəvan şəhərinin yaxınlığındakı Qırmızıtəpədə böyük bir türk qalasının xarabalıqları da son illərə kimi qalırdı. Narınqala adlanan bu qala 150 otaqdan ibarət saray kompleksi olub. Müxtəlif olaylar və çəkişmələr zamanı dağıdılıb. Hətta tarixçilər yazırlar ki, İrəvan şəhəri Rusiya tərəfindən işğal edilənə kimi bura İrəvan xanlığının mərkəzi imiş.

Üçkilsə rayonu (Eçmiədzin) ərazisində möhtəşəm bir alban abidəsi vardı. Hətta bu yerlərdən keçmiş səyyahlar da öz yazılarında bu məbədin adını çəkiblər. Maraqlıdır ki, abidə bütün yazılarda Üçkilsə adlanırdı. Yalnız 1945-ci ildə ermənilər hər iki Üçkilsəni Eçmiədzin etdilər. Bu gün də fəaliyyət göstərən və ermənilərin dini mərkəzi adlanan, əslində terror yuvasına çevrilən bu tarixi məkan arman-türk hökmdarı Tiridat tərəfindən IV yüzillikdə tikilmişdi. Xeyirxah bir niyyətlə inşa edilən bu məbəd yüzillər boyu xristian arman-türk xalqına xidmət etmişdir.

Ümumiyyətlə, indiki Ermənistan ərazisində bədnam qonşularımız tərəfindən erməniləşdirilmiş abidələr və məbədlər saysız-hesabsızdır. Ömrü boyu saxtalıqla, oğurluqla, əyriliklə məşğul olan quldur ermənilər o müqəddəs ünvanların təkcə adlarını özlərinə bağlamayıblar. Havasını, ətrini, rəngini dəyişiblər, gözəlliyini pozublar. 1988-ci ildə həyata keçirilən deportasiya zamanı qədim yurd yerlərimiz olan indiki Ermənistanda 120 tarixi abidə dağıdıldı, 230 məscid, pir, ocaq və məbədlər yox edildi, 670 qəbiristanlıq (bu qədim axirət dünyası da abidələrlə zəngin idi) şumlanaraq düzləndi.