KÖŞƏ

Mahir Rəsuloğlu

Qələbə marafonunun növbəti raundu...

05 aprel 2022 22:59
1420

Azərbaycan Ermənistandan fərqli olaraq Brüssel görüşündə qalib, haqlı və diktə edən tərəfdir

Aprelin 6-sı Cənubi Qafqazda sabitliyin və dayanıqlı sülhün təmin olunması, uzun illərdən sonra Azərbaycan və Ermənistan arasında normal qonşuluq münasibətlərinin bərpası baxımından əhəmiyyətli bir gün ola bilər. Bəlli olduğu kimi, bu gün Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüşün keçirilməsi gözlənilir. İstər dünyada cərəyan edən son proseslər, istərsə də Qarabağ iqtisadi rayonu ərazisində qanunsuz erməni silahlı birləşmələrinin sabitliyi pozmağa yönəlmiş təxribatçı hərəkətləri və Azərbaycan Ordusunun bu cəhdlərin qarşısını almaq məqsədilə həyata keçirdiyi mövqe dəqiqləşdirmələrindən sonra Brüssel görüşü xüsusi əhəmiyyət daşıyır. Bəs bu görüşdən hansısa konkret nəticə gözləmək olarmı və ya görüş sülh müqaviləsinin imzalanması prosesini nə dərəcədə yaxınlaşdıra bilər? Tərəflərin mövqeyi ortaq məxrəcə gəlməyə imkan verəcəkmi?

Əvvəlcə onu qeyd edək ki, bu görüş eyni formatda keçirilən sayca ikinci görüş olacaq. Ötən il dekabrın 14-də baş tutan ilk görüşdə Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması barədə razılıq əldə olunmuşdu. Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi də geniş müzakirə edilmiş, Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etmişdi. Razılığa əsasən Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verməlidir. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinmişdi.

Danışıqların bu gün baş tutacaq növbəti raunduna qədər Azərbaycan sülh müqaviləsinin əsasını təşkil edəcək 5 bənddən ibarət təkliflərini Ermənistana təqdim edib. Beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində hazırlanmış təkliflərdə hər iki ölkə tərəfindən suverenliyin, ərazi bütövlüyünün, beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması, ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə onların irəli sürülməməsi nəzərdə tutulur. Təklifə əsasən tərəflər təhlükəsizliyə təhdidlərdən, müstəqilliyə və ərazi bütövlüyünə qarşı güc tətbiq etməkdən çəkinməyi öhdələrinə götürürlər. Bundan başqa, dövlət sərhədinin delimitasiyası və demarkasiyası həyata keçirilir, diplomatik münasibətlər qurulur, nəqliyyat və kommunikasiyaların açılması və digər sahələrdə əməkdaşlıq fəaliyyətinə başlanılır.

Göründüyü kimi, təkliflər sülh müqaviləsinin təməl prinsipləri kimi əsas sahələri əhatə edir və üstəlik, beynəlxalq hüquqi aktlara tamamilə uyğundur. Yəni bu təklifləri qəbul etməmək üçün irəli sürməyə heç bir ciddi arqument yoxdur, ola bilməz. İlk vaxtlar Ermənistandan təkliflərə əlavələr edilməsi ilə bağlı müəyyən fikirlər səslənsə də son günlər Azərbaycan rəhbərliyi qarşı tərəfdən təkliflərlə bağlı müsbət siqnallar aldıqlarını bildirdi. Beləliklə, müzakirə ediləcək konkret sənəd – sülh müqaviləsinin baza təklifləri mövcuddur və Ermənistanın baş naziri iradə nümayiş etdirə bilsə imzalanması da mümkündür. Elə ölkəmizin mövqeyi də bəlli və qətidir. Brüssel danışıqları Azərbaycanın sülh müqaviləsinə aparan qələbə marafonunun növbəti raundudur. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Ermənistan-Azərbaycan arasında beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə sülh müqaviləsi imzalanmalıdır.

Ancaq Belçika paytaxtına qalib və diktə edən, üstəlik haqlı tərəf kimi yollanan Azərbaycan Prezidentindən fərqli olaraq Nikol Paşinyan səfərini öz ölkəsində üzləşdiyi ciddi təzyiqlər altında gerçəkləşdirir. Ermənistanda həm baş nazirə qarşı birləşərək onu devirməyə çalışan müxalifət, həm də İkinci Qarabağ müharibəsindəki acı məğlubiyyətin reallıqları ilə barışmaq istəməyən revanşistlər sülh üçün atılan istənilən addımda öz ölkələri üçün “problem” tapır və bunu Nikol Paşinyan əleyhinə istifadə etməyə çalışırlar. Xüsusilə ordumuzun Azərbaycanın Xocalı rayonunun Fərrux kəndi və yüksəkliyi istiqamətindəki mövqe dəqiqləşdirməsindən sonra düşmən ölkə sürətlə siyasi xaosa doğru sürüklənməkdədir. Baş verənlərdən nəticə çıxartmaq əvəzinə hər kəs bir-birini, əksəriyyət isə baş naziri ittiham edir. Hər halda, “inqilabçı və demokrat” Nikol hadisələrin hansı istiqamətdə inkişaf etdiyinin nəinki fərqindədir, üstəlik o, atılması məcburi və zəruri addımların ölkəsindəki siyasi gərginlik fonunda yaratdığı, yaxud yaradacağı riskləri də hesablayır. Nəhayət, erməni baş nazir konkret qərar vermək və sülh üçün əhəmiyyətli addım atmaq cəsarəti nümayiş etdirməlidir. Çünki başqa bütün variantlar Ermənistanı uçuruma aparır. Xilas yolu isə sülh sazişinə qol çəkməkdədir və indi bunun üçün imkan var. Hələ ki, var...