KÖŞƏ

Mahir Rəsuloğlu

“Döyüşün son raundu”

26 aprel 2022 02:38
1310

Mövzu adətən əksər xalqların folklorunda ana süjet xəttini təşkil edən xeyirlə şərin mübarizəsi deyil. Təsəvvür edin ki, bu dəfə iki şər qarşı-qarşıyadır və normalda uzun illər, hətta əsrlər boyu o şər qüvvələrin törətdikləri fəsadların acılarını yaşamış tərəf olaraq bu mübarizəni həzz ala-ala izləmək də olar. Nəticədə udan onsuz da pisliklərdən rəngini dəyişmiş yer kürəsi olacaqsa nə fərqi hansı qalib gələcək? Ancaq bir şər qüvvənin o biri ilə müqayisədə daha az fəsadlı, az qorxulu olduğunu bildiyindən məcbur tərəf tutursan. Arzu edirsən ki, daha çox şər qüvvə məğlub olsun – tam yerinə oturmasa da təxminən bu yanaşma kimi: “Düşmənimin düşməni mənim dostumdur”. Ya da belə deyək ki, heç atalarımızın müdrik kəlamına da hörmətsizlik olmasın: “Düşmənimin düşməni mənim daha az düşmənimdir”...

Ermənilərin təxribat-diversiya qrupu Zəngilan rayonu ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədini keçməyə cəhd göstərib. Dövlət Sərhəd Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qrupun ərazimizə keçməsinin qarşısı alınıb və diversantlar geri çəkilməyə məcbur ediliblər. Üstəlik, erməni hərbi qulluqçu Martirosov Eduard Arturoviç əsgərlərimiz tərəfindən saxlanılıb. Düşmən ölkənin Müdafiə Nazirliyi isə əvvəlcə insidentdən xəbərsiz olduğunu, daha sonra isə Martirosovun hələ müəyyən edilməmiş şəraitdə sərhədi keçdiyini və hadisə ilə bağlı rəsmi araşdırma başladığını bəyan etdi. Elə həmin gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə onun erməni həmkarı Ararat Mirzoyan arasında baş tutan telefon danışığı zamanı iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparılıb, tərəflər, Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə, həmçinin  Komissiyanın, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılığa gəliblər. İki xəbər arasındakı paradoks yenidən Ermənistandakı vəziyyətə nəzər salmağı zəruri edir: Həqiqətənmi iki dövlətin sərhədində baş verən insidentdən aidiyyəti qurumun xəbəri olmayıb, yoxsa bu da klassik erməni yalanıdır? Ölkənin xarici siyasət idarəsi ilə güc orqanının fəaliyyəti niyə bir-birinə uyğun gəlmir? Nə baş verir?

Ermənistanda son günlər artan siyasi gərginlik qarşı-qarşıya dayanmış iki cəbhə arasındakı uçurumu daha da dərinləşdirib. Bir tərəfdə bütün baş verənlərdən nəticə çıxarmış və ya çıxarmış kimi görünən, ölkənin bəlkə də mövcudluğunu qoruya bilmə mübarizəsində hadisələrə daha realist, bir az da praqmatik yanaşmağa çalışan “demokrat” Nikol Paşinyan iqtidarı. Digər tərəfdə isə tutduqları postların bünövrəsi törətdikləri cinayətlərdə axıdılmış günahsız insanların qanlarıyla suvarılmış, adları rüşvət və qumar da daxil hər cür pisliklərdə hallanmış fürsətcil “eks”lər.  Savaş həlledici mərhələyə qədəm qoyub. Çox güman  ki, bu, “döyüşün son raundu” olacaq və qarşılaşmanın “nokaut”la bitməsi ehtimalı da hələ ortadan qalxmayıb. Gərginlik Ermənistanı xaosa sürükləyir. Paşinyan qətiyyət göstərə bilməsə, vəziyyət nəzarətdənçıxma həddinə çata bilər. Düşmən ölkədəki bu baş verənlər sizə təxminən 30 il əvvəlin Azərbaycanını xatırlatmır ki?

...Başlarını da cəmi 44 günə itirdikləri orduları kimi itiriblər. Gözlənilən idi. Özləri-özlərini aldatmış və sonra da öz yalanlarına inandırmışdılar ki, onlar “Ohanyan səddi” kimi keçilməz və məğlubedilməzdirlər, işğalları əbədi sürəcək, dünya həmişə onların nazı ilə oynayacaq. Yalandan söz düşmüşkən, ermənilər həyasızcasına yalanlar uydurmağı o qədər yaxşı bacarırlar ki, dəyişən hər yeni nəsilləri uydurulmuş növbəti yalana inanaraq, “yeni həqiqətləri” ilə böyüyürlər.

Ancaq bir gün ədalət naminə hər şey dəyişəndə əvvəl həmişə olduğu kimi ağlaşma qurdular, özlərindən başqa hamını “günahkar” çıxardılar. Görəndə ki, heç bir xeyri olmadı, başladılar bir-birilərini ittiham etməyə. İndi Ermənistanın siyasi arenasındakıların hamısı özü üçün “millətsevər”, bir-birinin gözündə isə “xəyanətkar” və “xalq düşməni”dir. Kim nəyin revanşını kimdən almaq istəyir, bilinmir...

Bizim də bir revanş haqqımız vardı. Aldıq da. Ancaq düşmənin birinci və ikinci müharibədəki  bütün qəddarlıqlarına, alçaqlıqlarına, insanlığa sığmayan cinayətlərinə rəğmən, döyüşü də ləyaqətlə apardıq, qisasımızı da ləyaqətlə aldıq, indi sülh üçün addımları da ləyaqətlə atırıq. Qələbəmizi möhtəşəm edən də məhz budur. Ermənilər isə daha revanş haqlarını itiriblər. Çox şeyləri kimi...