KÖŞƏ

Mahir Rəsuloğlu

Ayının min oyunu və...

10 iyun 2022 02:12
1726

Künc zərbəsi

Qarabağda ermənilərin artan təxribat cəhdləri hansı hədəflərə istiqamətlənib?

Ermənistanda davam edən siyasi böhranın Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu ərazisindəki qondarma “respublika”nın “rəhbərliyi”nin  fəaliyyətinə təsirsiz ötüşməyəcəyi gözlənilən idi. Son zamanlar düşmən ölkədə olduğu kimi, separatçılar arasında da ciddi fikir ayrılığı yaranıb və “dqr”də dırnaqarası prezident Araik Arutyunyanın komandası ilə “ ölkə parlamentində təmsil olunan müxalifət partiyalarının üzvləri” arasında qarşıdurma güclənib. Fakt kimi qurumun “Təhlükəsizlik Şurası”nın “prezident”in sədrliyi ilə bir neçə gün öncə keçirilmiş iclasını misal göstərmək olar. İlk dəfə idi ki, müzakirə mövzusu qondarma “respublika”nın xarici təhlükəsizliyi deyil, daxili təhlükəsizlik məsələsi idi. A.Arutyunyan həmin iclasda qanunsuz silah saxlama, gəzdirmə hallarına qarşı mübarizənin gücləndirilməsi, əllərdə olan qeyri-qanuni silahların toplanması, asayişin təmin edilməsi istiqamətində əlavə tədbirlərin görülməsi barədə tapşırıqlar verdi.

Yada salaq ki, həmin “prezident” ötən ilin sonlarında “xarici təhlükələrlə” (Azərbaycanın öz suveren ərazilərində aparması ehtimal edilən antiterror əməliyyatları nəzərdə tutulur) əlaqədar mülki əhalinin silah əldə etməsini asanlaşdıran qanunu imzalamışdı. Bəs indi nə baş verir?

Düşmən ölkə mətbuatında dərc olunan məlumatlara əsasən ehtimal etmək olar ki, Ermənistandakı nüfuzlarını tamamilə itirməkdə olan keçmiş prezidentlər Robert Koçaryan və Serjik Sarkisyan cidd-cəhdlə yenidən Azərbaycan ərazisindəki ermənilər arasında güc toplamağa, mümkün olarsa Nikol Paşinyana yaxınlığı ilə tanınan Araiki devirərək qondarma “respublika”da hakimiyyəti ələ keçirməyə çalışırlar. Növbəti hədəf yenidən “Qarabağ kartı”ndan hazırkı iqtidara qarşı istifadə etməkdir. Ancaq Nikol da, Araik də rəqiblərinin niyyətlərini yaxşı başa düşürlər və qabaqlayıcı tədbirlər görməyə çalışırlar. Bu tədbirlərə isə iki ölkə sərhədində olduğu kimi, Qarabağ iqtisadi rayonu ərazisində də təxribatlar törətmək yolu ilə qarışıqlıq salıb diqqəti Ermənistanın daxilindəki gərginlikdən yayındırmaqdır. Məlum işdir ki, proseslərin bu istiqamətində inkişafı Ermənistandaxili auditoriyanın idarə olunmasına yönəlib. Necə deyərlər, “ayının min oyunu var, bir armudun başında”. Baxmayaraq ki, “ayı” söhbətinin ermənilərə aidiyyəti bilavasitə yox, bilvasitədir...

Qarabağda bir-birinin ardınca baş verən təxribat cəhdləri hər şeydən əvvəl, yumşaq desək, Azərbaycanın suveren ərazisinə və qanunvericiliyinə qarşı açıq-aşkar hörmətsizlikdir. Hadisələrin xronoloji ardıcıllığı da diqqət çəkir. Xatırladaq ki, bir neçə gün öncə Rusiyanın “RİA Novosti” İnformasiya Agentliyi Qarabağdakı separatçıların nümayəndəsi Artak Beqlaryanın müsahibəsini yayımlamışdı və onu qondarma “dqr”in “dövlət naziri” kimi təqdim etmişdi. Haqlı olaraq, Azərbaycan hökuməti tərəfindən cinayətkarlara tribuna verən agentliyə sərt etiraz bildirildi, onun ölkəmizdə fəaliyyəti bloklandı.

İyun ayının 8-də isə növbəti təxribat cəhdi törədildi. Düşmən ölkənin “Armenpress” informasiya agentliyi Qarabağda separatçıların lideri A.Arutyunyanın Ermənistanın baş prokuroru Artur Davtyanı qəbul etdiyi barədə məlumat yaydı. “Dqr”in “baş prokuroru” Qurgen Nersisyanın da iştirak etdiyi görüş haqqında rəsmi məlumatda “iki ölkənin prokurorluğu” arasında əməkdaşlığın və əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlərin müzakirə olunduğu bildirilir. Lakin Ermənistan baş prokurorunun sülh danışıqlarında ciddi irəliləyişlərə nail olunduğu bir vaxtda ölkəmizin ərazisinə qeyri-qanuni səfərinin, məhz vəziyyətin kifayət qədər gərgin olması səbəbindən yuxarıda bəhs etdiyimiz “təhlükəsizlik məsələləri” ilə bağlı olduğu daha çox ehtimal ediləndir.

Qeyd edək ki, düşmən ölkə nümayəndəsinin bu qanunsuz addımına rəsmi şəkildə etiraz bildirilib. Xarici İşlər Nazirliyinin (XİN) məlumatında qeyd edilir ki, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı atılan bu addım beynəlxalq hüququn fundamental norma və prinsiplərini pozmaqdır. Bu, həmçinin postmünaqişə mərhələsində Ermənistan və Azərbaycan arasında münasibətlərinin normallaşmasına, o cümlədən bölgədə sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində göstərilən səylərə ciddi xələl gətirir: “Ermənistan tərəfinin bu məsuliyyətsiz və təxribatçı addımı, bu ölkənin normallaşma prosesində səmimi olmadığını, o cümlədən beynəlxalq vasitəçilərin səylərinə kölgə saldığını bir daha nümayiş etdirir. Vurğulamaq istərdik ki, bu təxribatçı addımın bütün məsuliyyəti Ermənistan tərəfinin üzərindədir.”

Ermənilərin Qarabağdakı təxribat cəhdləri A.Davtyanın səfəri ilə yekunlaşmayıb. Elə həmin gün, iyunun 8-də “prezident” A.Arutyunyan Vazgen Yakubyanın başçılıq etdiyi Erməni Ümumi Xeyirxahlar İttifaqının (AGBU) Ermənistan bölməsinin nümayəndə heyətini də qəbul edib. Görüşdə AGBU proqramlarının “artsax”da həyata keçirilməsi və yeni təşəbbüslər müzakirə olunub.

Təəssüf ki, bu da son deyil. Ermənistanın “Hraparak” nəşrinin məlumatına görə, baş nazir N.Paşinyan “Parlamentdəki fraksiyaların nümayəndələri” ilə görüşmək üçün iki gün əvvəl deputat Edmon Marukyanı da Qarabağa “işgüzar səfərə” göndərib. Lakin bildirilir ki, qondarma “Milli Məclis”in üç müxalifət fraksiyası birgə müzakirələrdən sonra E.Marukyanın görüşmək xahişini rədd ediblər və o, hakim partiyalarının deputatları ilə görüşüb. Məlumata görə, Marukyanın müxalifətlə görüşməkdə məqsədi Qarabağ məsələsində Paşinyanın siyasətinin ictimai olmayan mesajlarını və epizodlarını çatdırmaq olub...

Bütün bu baş verənlər Azərbaycanın Qarabağ iqtisadi rayonunun ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentin fəaliyyətini, daha doğrusu fəaliyyətsizliyini də növbəti dəfə gündəmə gətirir. Belə çıxır ki, kim istəsə rahat şəkildə qeyri-qanuni Azərbaycan sərhədini keçib qanunlarımızı pozaraq suveren ərazimizə səfər edə bilər? Bəs o zaman sülhməramlılar nə işlə məşğuldurlar? Bəlkə onlar özləri onlara ehtiyac olmadığını göstərməyə çalışırlar?..