KÖŞƏ

Mahir Rəsuloğlu

Heydərbaba, şeytan bizi azdırıb...

07 sentyabr 2022 00:56
684

Müsəlman İranının xristian Ermənistan sevgisi haqqında

Özünü İslam Respublikası adlandıran, əslində isə dinimizin müqəddəs mənəvi dəyərlərini fitnəkarlığın, fars şovinizminin, hiyləgərliyinin çirkli ayaqları altında ləkələyən İran “qardaşlaşdığı” qonşusu Ermənistanla əlaqələri daha da dərinləşdirir, hərtərəfli münasibətləri genişləndirməyə davam edir. O Ermənistanla ki, 30 il əhalisinin mütləq əksəriyyəti müsəlman, dövlət dini Konstitusiyasında İslam olaraq qəbul edilmiş başqa bir qonşu dövlətin – Azərbaycanın torpaqlarını işğal etdi, onminlərlə günahsız insan kafir zülmündən dünyasını dəyişib şəhadətə qovuşdu. Ev-eşiklərimiz, kənd və şəhərlərimiz, başdaşları müqəddəs qibləyə üz tutmuş qəbirlərimiz, məscidlərimiz, o cümlədən tarixi abidələrimiz tamamilə dağıdıldı, viran qoyuldu. Və bütün bu vəhşiliklərə “şeytanın azdırdığı” İran nəinki etiraz etmədi, mane olmağa çalışmadı, əksinə bəzən gizli, bəzən də açıq-aşkar dəstək verdi, zalımın, kafirin yanında oldu. Daha nələr, nələr... Dahası o qədər çoxdur ki...

Əvvəlcə ondan başlayaq ki, İran Ermənistanda avtomobil istehsalına başlamağı planlaşdırır. Bu barədə ölkənin ticarət təşkilatının sədri Əlirza Peymanpak İRNA agentliyinə bildirib. O, deyib ki, Ermənistanın iqtisadiyyat nazirinin müavini Narek Teryanla görüşdə ticarət əlaqələrinin inkişafı, tranzit mallarına alternativ yollar, eləcə də məişət və elektron texnikaların birgə istehsalına dair məsələləri müzakirə etmişik. Görüşdə İranın Ermənistanda avtomobil istehsalı həyata keçirmək istəyindən də bəhs olunub. Ə.Peymanpakın sözlərinə görə, Ermənistanda İslam Respublikasının Ticarət Mərkəzinin açılması münasibətilə bu il oktyabrın ortalarında İranın ticarət nümayəndəsi İrəvana səfər edəcək.

Düşmənə münasibətin, onu gücləndirmək, iqtisadiyyatını dirçəltmək cəhdinin daha bir nümunəsi. Azərbaycana qarşı təcavüzü dövründə də heç bir zəngin təbii sərvəti, ciddi iqtisadi resursları olmayan, özü-özünü təcrid vəziyyətinə salmış Ermənistan məhz İranın indiki kimi canıyananlığı, qayğısı və aşkar dəstəyi nəticəsində ayaqda qala bilmişdi. Məlumdur ki, İranı bu ölkədən əldə edəcəyi qazanc maraqlandırmır. Heç Ermənistanın elə bir iqtisadi potensialı da yoxdur. Məqsəd sadəcə “qardaşlarının” iflic vəziyyətinə düşmüş, “ölmüş” iqtisadiyyatlarının dirçəlməsinə, “dirilməsinə” yardım etmək, Ermənistanı gücləndirməkdir. Bəlkə elə deyil?

Daha sonra ərz edək ki, razılaşmaya uyğun olaraq Təbriz Dövlət Universitetində ermənişünaslıq kafedrası açılacaq. Fikir verin: Harada, harada? Təbrizdə! İrəvan Dövlət Universitetinin rektoru Hovanes Hovanisyan təbrizli həmkarı Səfər Nəsrolla Zadə ilə görüşündən sonra bu barədə məlumat yayıb. O, öz növbəsində İrəvan Dövlət Universiteti İranşünaslıq kafedrasının nəzdində Atropatenanın öyrənilməsi üçün mərkəz yaratmağa hazır olduğunu bildirib.

Hovanisyan “universitetin dost İranın universitetləri ilə əlaqələri gücləndirməsinin təkcə təhsil və elmin inkişafı üçün deyil, həm də mədəniyyətlərarası dialoqun və akademik mübadilənin inkişafı üçün vacib olduğunu” vurğulayıb. Xəbər ilk baxışdan adi, hətta xoşməramlı görünsə də suallar yaranır. Niyə məhz soydaşlarımızın yaşadığı, qədim Azərbaycan şəhəri olan Təbrizin universitetində ermənişünaslıq fakültəsi açılmalıdır? Axı, Təbrizdə kimə lazımdır Arazın qüzeyindəki canbir, qanbir qardaşlarına düşmən kəsilmiş, torpağına göz dikmiş erməninin “şünas”lığı? Axı, tarixən həmin Təbrizdə, Ərdəbildə, Urmiyada, Xoyda, Zəncanda və digər şəhərlərdə və ətraflarındakı minlərlə kəndlərdə yaşamış, yaşayan 30 milyondan artıq Azərbaycan türkü öz doğma dillərində nəinki universitet, hətta ibtidai təhsildən də məhrum ediliblər. Budurmu İslam, bunumu deyir dinimiz, müqəddəs kitabımız Qurani-Kərim? Quranın harasında yazılıb ki, öz dindaşına zülüm elə, onun haqqın tapdala, əvəzində məscid dağıdan kafirlə dostluq elə, onunla qucaqlaş, görüş-öpüş? 

İndi tək biz yox, regionla maraqlanan hamı bilir ki, İran Cənubi Azərbaycandakı soydaşlarımızın milli haqlarını addımbaşı tapdalayır. Və hər kəs, elə bu ölkədə ali kürsülərdə oturanların özləri də yaxşı bilirlər ki, bir millətin heysiyyatına toxunmaq, onu əzməyə çalışmaq odla oynamaq kimi bir şeydir! Bəlkə kimlərəsə xatırlatmaq lazımdır ki, İranda tarix boyu rejimləri devirmək gücündəki bütün böyük inqilablar Təbrizdən başlayıb?

Azərbaycan bütün region dövlətləri ilə mehriban qonşuluq münasibətləri quraraq sülh və dostluq şəraitində yaşamaq siyasəti yürüdür. Hətta torpaqlarımız işğaldan azad edildikdən, ərazi bütövlüyümüz təmin olunduqdan sonra Ermənistanla da davamlı sülhə nail olunması üçün lazımi addımlar atılır. Belə bir məqamda İranın Azərbaycanın əleyhinə yönəlmiş addımları sadəcə təəssüf doğurur. Dindaşlıq, qardaşlıq qalsın bir tərəfə, şər atmaq, hədələmək, hədyanlar yağdırmaq yaxşı nə qazandıra bilər ki İrana? Ələxüsus da indi – ölkəmizin iqtisadi və hərbi baxımdan sürətlə inkişaf etdiyi, siyasi nüfuzunun artdığı, Cənubi Qafqazın lider dövlətinə çevrildiyi bir vaxtda. Hələ biz onu demirik ki, 30 milyondan artıq soydaşımız bu münasibətdən narahat olur! Belə bir məqamda Ermənistan üçün bu dərəcədə canfəşanlığa dəyərmi?

Əhməd Qurbanoğlu
Yod ajiotajı və...
Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?