KÖŞƏ

Mahir Rəsuloğlu

Həyasızlığın ali səviyyəsi...

16 dekabr 2022 03:18
1507

Künc zərbəsi

Və ya Ermənistanın baş naziri yaddaşını itiribmi?

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin, ekofəalların və könüllülərin iştirakı ilə Laçın yolunda dekabrın 12-dən fasiləsiz davam edən etiraz aksiyaları Qarabağdakı separatçı rejimin rəhbərliyini qorxuya salıb. Qondarma qurumun “prezident”i Araik Arutyunyanın “hərbi vəziyyətdə bir sıra tədbirlər” adlı “fərman”ı göstərir ki, Xankəndidəki cinayətkar dəstə mülki ermənilərin qəzəbi ilə üz-üzə qalmaq təhlükəsindən ehtiyat edir. Baş separatçının “fərman”ı Qarabağda bir sıra məhdudiyyətlərin tətbiqini nəzərdə tutur. Sənədə əsasən qondarma “respublika”nın ərazisində hərəkət hüququ məhdudlaşdırılıb, bununla bağlı xüsusi rejim tətbiq edilib. Bundan başqa, erməni əhali hansısa məsələyə görə rejimdən xəbərsiz mitinq, yürüş keçirə bilməyəcək, icazəsiz azad toplaşmaq qadağan olunub. Araikin qorxuya düşdüyünü göstərən daha bir qadağa isə qondarma “artsax” əleyhinə hər hansı təbliğat aparan ermənilərin dərhal cəzalandırılması ilə bağlıdır. “Fərman”ın guya “mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi” və “yaranmış humanitar böhrandan”

çıxmaq məqsədilə imzalandığı bildirilsə də, açıq görünür ki, Araikin əsas məqsədi daxildə baş verə biləcək hadisələrin mümkün inkişafının önünü kəsməkdir. Çünki Qarabağın mülki erməni əhalisi Laçın yolunda hərəkətin məhdudlaşdırılmasının əsas səbəbinin separatçı rejimin mövcudluğu, həmçinin bura xüsusi məqsədlər üçün gəlmiş rusiyalı cinayətkar Ruben Vardanyanın təxribatçı əməlləri olduğunu dərk edirlər. Yəni, son hadisələrin Qarabağın mülki erməni sakinləri ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan rəhbərliyi də hər zaman onların bizim vətəndaşlarımız olduqlarını, hüquqlarının təmin edilməsi və problemlərinin həlli üçün lazımi addımların atılmasına təminat verdiklərini bəyan edib. Deməli, Laçın yolunda keçirilən aksiya və hərəkətin məhdudlaşdırılmasının mülki əhaliyə aidiyyəti olmayan konkret səbəbləri var.

Hazırda Qarabağda humanitar durum separatçıların və Ermənistan rəhbərliyinin şivən qopardıqları kimi böhran vəziyyətində deyil. Ancaq Azərbaycanın haqlı tələbləri yerinə yetirilməsə keçid məhdudiyyəti də davam edəcək. O zaman ərzaq, eləcə də digər təminat problemlərinin yaranması ehtimalı da mövcuddur. Baxmayaraq ki, aksiyaçılar tərəfindən humanitar yüklərin daşınmasına şərait yaradılır, lakin qarşıdakı dövrdə yaranacaq müəyyən çətinliklər Azərbaycanın Qarabağ bölgəsinin mülki erməni əhalisi arasında separatçı rejimə qarşı narazılıqların baş qaldırması ilə nəticələnə bilər. Araiki və komandasını qorxuya salan, “hərbi vəziyyətdə bir sıra tədbirlər” adlı “fərman”ın imzalanmasının əsas səbəbi də məhz budur. Yaranmış şəraitdə ermənilər çıxış yolunun Azərbaycan hakimiyyətini qəbul etmək olduğunu anlaya və bunun üçün addımlar ata bilərlər.

Yeri gəlmişkən, bütün erməni mətbuatı hakimiyyət nümayəndələrinə, politoloqlara və ekspertlərə istinadən guya Qarabağda 120 min erməninin yaşadığını iddia edir. Sadəcə olaraq gülüncdür. Axı bir müddət əvvəl rusiyalı cinayətkar Ruben Vardanyan külli miqdarda pul xərcləyərək (hər könüllüyə 50 ABŞ dolları verilmişdi) Ermənistandan avtobuslarla minlərlə erməni gətizdirməyinə rəğmən Xankəndidə keçirilən mitinqə heç 10 min iştirakçı yığa bilməmişdi. İndi göbələk kimi yerin altındanmı çıxdı bu qədər erməni? Bəlkə heç İrəvanın özündə bu qədər insan yoxdur...

QHT nümayəndələrinin, ekofəalların və könüllülərin yolda hərəkətin məhdudlaşdırılmasına səbəb olan etiraz aksiyaları konkret ekoloji, humanitar tələblərlə bağlı olsa da dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 Azərbaycan vətəndaşının piyadalar əleyhinə minaya düşərək xəsarət alması, onlardan birinin – Silahlı Qüvvələrimizin hərbçisinin həlak olması Laçın yoluna nəzarətin gücləndirilməsinin zərurətə çevrildiyini göstərir. Çünki Kəlbəcərdə və buna qədər işğaldan azad edilmiş ərazilərimizdə, həmçinin Rusiya sülhməramlılarının məsuliyyət zonasında basdırılmış minaların xeyli hissəsi həmin yol vasitəsilə daşınıb. Deməli, Laçın yolu 10 noyabr 2020-ci il Bəyanatında razılaşdırıldığı kimi dinc məqsədlər üçün istifadə edilməyib. Ermənistanın baş naziri Nikol Paşinyan, eləcə də digər hökumət nümayəndələri indi hansı haqla Azərbaycanı sözügedən Bəyanatın müddəalarını pozmaqda ittiham edirlər?

Dekabrın 15-də parlamentdə çıxışı zamanı Paşinyan yenidən ölkəmizi 10 noyabr Bəyanatının bəndlərini yerinə yetirməməkdə günahlandırıb və ölkəmizə qarşı böhtanlar yağdırıb. Ancaq erməni baş nazir nədənsə həmin sənədin iki ölkə arasında münasibətlərin normallaşması üçün çox vacib olan 4-cü (Rusiya Federasiyasının sülhməramlı kontingenti Qarabağda erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir) və 9-cu (Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir) bəndlərinin Ermənistan tərəfdən iki ildir icra edilməməsi barədə danışmağı “unudub”. Paşinyan bu qədərmi yaddaşını itirib? Yox, bu, artıq həyasızlığın ali səviyyəsidir. Atalar belə yerdə yaxşı deyib: “Utanmasan oynamağa nə var ki”.

Qarabağ Azərbaycanın suveren ərazisidir və buradakı milli sərvətlərimizin qanunsuz istismarı da, bölgənin ekoloji mühitinə qarşı vandallıq da bizi təbii ki, narahat edir və etməlidir. Ancaq iqtisadi rayonumuzun ərazisindəki digər problemləri də diqqətdən kənarda qoya bilmərik. Bu problemlərin həlli üçün lazım olan bütün vacib addımlar atılır, atılacaq. Daha vaxtdır...