KÖŞƏ

Mahir Rəsuloğlu

Yalançı qardaşlıq...

18 yanvar 2023 02:37
1739

Künc zərbəsi

Və ya Fransa parlamentinin spikeri İrəvanda özünü və ölkəsini necə ifşa etdi?

Uzun illər ATƏT-in artıq gorbagor olmuş Minsk qrupunun həmsədri qismində yalandan da olsa “neytral vasitəçi” obrazı yaratmağa çalışan Fransa ədalətin bərqərar olduğu, şanlı Qələbəmizlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra qatı ermənipərəst mövqeyini və Azərbaycana qarşı əsassız düşmənçilik münasibətini açıq-aşkar nümayiş etdirməkdədir. Bir sürü Marsel ermənisinin oyuncağına çevrilmiş Makron hakimiyyətinin bu iqtidarsızlığı, Cənubi Qafqazın iki ölkəsi arasındakı münasibətlərdə tərəfə çevrilməsi təkcə Fransa rəhbərliyinin deyil, ümumilikdə bu ölkənin adına və bütün fransız xalqının nüfuzuna ləkə vurur. Sözdə demokratiyadan, insan hüquq və azadlıqlarından, dövlətlərin suveren ərazi bütövlüyünə hörmətdən, bununla bağlı beynəlxalq konvensiyaların tələblərindən dəm vuran “xoruzlar ölkəsi”nin ölkəsinin adını sözün həqiqi mənasında doğruldan prezidenti əməldə işğalçının, cinayətkarın yanını kəsdirib. Və deyəsən, bu mövqeyindən əl çəkmək fikri yoxdur. Bu mövqenin Cənubi Qafqazın qapılarını onun və Fransanın üzünə bağladığını görsə də...

Göstərdiyi canfəşanlığa görə Ermənistanda həm hakimiyyət səviyyəsində, həm də ictimaiyyət arasında Fransaya böyük ümidlər bəsləyənlər az deyil. Daha doğrusu, az deyildi. Ancaq son zamanlar ermənilərin ümidləri bir-birinin ardınca puç olmaqdadır və bu öz “hami”lərinə olan münasibətə də təsirsiz ötüşmür. Fransanın əməli olaraq Ermənistana heç nə verə bilməməsi, haylar üçün xüsusi əhəmiyyət daşıyan məsələlərə münasibətdə Makron hakimiyyəti nümayəndələrinin geri çəkilməsi düşmən ölkədə birmənalı qarşılanmır. Bu mənada Fransa Milli Assambleyasının spikeri Yael Braun-Pivetin Ermənistana səfəri zamanı səsləndirdiyi fikirlər ermənilər üçün növbəti “soyuq duş” effekti yaratdı. Baxmayaraq ki, xanım Yaelin Qarabağla bağlı bəyanatı həm parlamentinin sədri olaraq özünün, həm də Fransa Prezidenti Emmanuel Makronun ifşası idi.

Fransız spiker İrəvanda erməni həmkarı Alen Simonyan ilə görüşdən sonra keçirilən mətbuat konfransında Fransanın “Dağlıq Qarabağ”ın (Qarabağ iqtisadi rayonunun ermənilər yaşayan ərazisi nəzərdə tutulur) müstəqilliyini tanımadığını bildirib. Yael Braun-Pivet ermənilərin könüllərini almaq üçün Fransa Parlamentinin hər iki palatasında Azərbaycan əleyhinə qəbul edilmiş qərəz dolu, heç bir hüquqa sığmayan qətnamələri xatırlatdıqdan sonra deyib: “Qarabağın müstəqilliyinin tanınmasına gəlincə, Fransanın mövqeyini bilirsiniz. Bu gün Fransa o müstəqilliyi tanımır və bu, tabe olduğumuz beynəlxalq hüquqa uyğundur.” İrəvana səfərinin onlar üçün bir öhdəlik olduğunu bildirən fransalı spiker əlavə edib ki, “biz ərazi bütövlüyü təhdid və hücuma məruz qalan” qardaş xalqların və ölkələrin yanında olmalıyıq.

Baş nazir Nikol Paşinyanın bir müddət öncə Makronun ona  Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasını məsləhət görmədiyini, əks halda Fransanın Ermənistanın təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini də yada salsaq fransızların “qardaş xalqların” necə “yanında olduğu” daha aydın görünür. 2022-ci il dekabrın son günlərində Emmanuel Makronun timsalında Fransanın BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qəbul etdirməyə çalışdığı bəyanatın müzakirələri nəticəsində necə rüsvayçı məğlubiyyətlə üzləşdiyini də yada salsaq məlum mənzərə belədir ki, Ermənistanın fransız qardaşlarından “qazancı” İrəvana edilən xeyirsiz səfərlərdən başqa bir şey deyil. Fransa parlamentinin 2020-ci ilin noyabrında və 2022-ci ilin noyabrın 15-də və 30-da qəbul etdiyi yalan, qərəz və iftira dolu qətnamələr isə Azərbaycan üçün “keçinin suyu bulandırması”ndan başqa heç bir işə yaramayan, ermənilər üçün isə quru təsəlli olan kağız parçalarıdır.

Yeri gəlmişkən, Yael Braun-Pivetin Fransanın Qarabağın müstəqilliyini tanımamasını “tabe olduqları beynəlxalq hüquqa uyğun”luqla əlaqələndirməsi yuxarıda qeyd etdiyimiz kimi, özünüifşadır. Bu cavabdan sonra xanım spikerdən bunlar soruşulmalı idi: Madam, bəs sədrlik etdiyin parlamentin qəbul etdiyi iftira dolu, riyakar qətnamələr beynəlxalq hüququn norma və prinsiplərinə zidd deyilmi? Bütün beynəlxalq platformalarda 30 il ərzində qəbul edilmiş sənədlərin hamısında Ermənistanın Azərbaycanın suveren ərazilərini işğalı faktı tanınıb, o cümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən ayrı-ayrı vaxtlarda erməni qoşunlarının qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən 4 qətnamə qəbul olunub. Yəni, Qarabağın Azərbaycanın suveren ərazisi olması faktdır, müzakirə mövzusu ola bilməz. Elə isə hansı haqla Azərbaycanın daxili işlərinə burnunuzu soxursunuz? İkinci Qarabağ müharibəsinin nəticələrini təhrif etməkdə, Azərbaycanın BMT-nin sözügedən qətnamələrini təkbaşına icra edərək erməni işğalçılarını öz sərhədlərindən çıxarmasını “işğal” kimi göstərməkdə məqsədiniz nədir və bu, ən azından beynəlxalq hüquqa hörmətsizlik deyilmi? Və nəhayət, boş vaxtlarınızda Fransanın işğallarla, cinayətlərlə dolu qaranlıq tarixini oxumağa vaxt ayırırsınızmı?

“Yanınızdayıq” deyə erməniləri əbəs yerə ümidləndirməyin, madam Yael Braun-Pivet, qəlbləri onsuz da qırıqdı...