KÖŞƏ

Mahir Rəsuloğlu

Şərti kod adı 2054.0...

28 mart 2023 01:57
2290

Düşmənin atdığı hər addım nəzarətdədir və vaxtında layiqli cavabı veriləcək

Azərbaycanın Qarabağ iqtisadi rayonunun Rusiya sülhməramlı kontingentinin nəzarət zonasında olan hissəsində son günlər erməni separatçılarının fəallaşması və aşkar təxribat cəhdləri ordumuz tərəfindən cavab tədbirlərinin görülməsini zərurətə çevirdi. Martın 25-də Azərbaycan Silahlı Qüvvələri Xankəndi-Laçın yoluna alternativ torpaq yollara nəzarətə imkan verən 2054.0 şərti adlı yüksəkliyi ələ keçirməklə bir daha nümayiş etdirdi ki, düşmənin atdığı hər addım nəzarətdədir və vaxtında layiqli cavabı veriləcək. Son hadisələr, eyni zamanda, Ermənistanın siyasi rəhbərliyinin və Qarabağdakı separatçıların yeni müharibə ritorikalarını, Azərbaycanla Ermənistan arasında müxtəlif formatlarda aparılan sülh danışıqlarında nəticənin əldə edilməsinə mane olmaq niyyətlərini də göstərdi.

Ordumuz tərəfindən cavab tədbirlərinin görülməsini zərurətə çevirən səbəblərə gəlincə, qeyd etmək lazımdır ki, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq son vaxtlar Hayastandan Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensiv hal almışdı. Müvafiq müşahidə vasitələri ilə qeydə alınan görüntülər təsdiq edirdi ki, ermənilər tərəfindən Xankəndi-Laçın yoluna alternativ Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimaldakı Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında qeyri-qanuni yol tikinti işləri aparılır. Bununla da Ermənistan Qarabağdakı ordusunun qalıqlarını gücləndirmək niyyətindən daşınmadığını, Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədiyini nümayiş etdirir. Qeyd edilən faktlarla bağlı Azərbaycanın çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq Ermənistanın siyasi rəhbərliyi tərəfindən silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir əhəmiyyətli tədbir görülməyib.

Xatırladaq ki, mart ayının 5-də Xankəndi-Xəlfəli-Turşsu yolunda, habelə martın 20-də Zəngilan rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlar nəticəsində iki Azərbaycan hərbçisi şəhid olub, biri isə yaralanıb. Bütün bunlar ordumuzu zəruri addımlar atmağa vadar etdi və bundan sonra da Azərbaycan öz suveren ərazilərində separatçılara qarşı antiterror əməliyyatları keçirmək hüququnu özündə saxlayır. Bundan başqa, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin öz missiyasını yerinə yetirə bilməməsi, 10 noyabr 2020-ci il Bəyanatının 4-cü bəndinə uyğun olaraq Ermənistan ordusunun silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmaması, əksinə Qarabağa Ermənistandan canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələri daşıyan erməni kolonlarını müşayiət etməsi bu qeyri-qanuni fəaliyyətin qarşısının alınması məqsədilə Xankəndi-Laçın yolunun son nöqtəsində, Azərbaycanla Ermənistan arasında sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılmasını alternativsiz edir.  

Diqqətçəkəndir ki, Hayastanın sözügedən hərbi təxribatları ilə eyni vaxtda düşmən ölkənin rəhbərliyinin bəyanatlarında da təcavüzkar ritorika müşahidə olunmaqdadır. Xüsusilə Ermənistanın prezidenti, baş naziri və xarici işlər nazirinin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə yönələn bəyanatları bu ölkənin Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyinin bariz nümunəsidir.

Azərbaycan isə öz sülh gündəliyinə sadiqdir. Bundan başqa, Azərbaycan Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin reinteqrasiyasının həyata keçirilməsi istiqamətində də növbəti dəfə müvafiq addımlar atıb və bununla da onların ağır sosial problemlərdən, həmçinin separatçıların əsarətindən qurtarmaları üçün növbəti dəfə imkan yaradıb. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsi bir daha təklif edilib. Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin bu tarixi şansı lazımi səviyyədə dəyərləndirmələri həm onların Azərbaycan qanunları çərçivəsində öz hüquq və imkanlardan yararlanmaq imkanları əldə etmələri, həm də sözügedən regionda yeni iqtisadi inkişaf dövrünün başladılması baxımından mühüm əhəmiyyət daşıyır. Çünki nə qədər gizlədilməyə çalışılsa da Qarabağdakı mülki erməni əhalisinin problemləri gündən-günə artır və bu çətinliklərin separatçılar tərəfindən həll edilməsi heç bir halda mümkün deyil. Bu baxımdan erməni sakinlərin nümayəndələrinin müzakirələr üçün ikinci dəfə paytaxt Bakıya dəvət edilməsi, eyni zamanda, Azərbaycan dövlətinin humanizm prinsiplərinə sadiqliyinin təzahürüdür. Bu, bir daha göstərir ki, Azərbaycan Qarabağdakı erməniləri öz vətəndaşları kimi qəbul etməyə, onların problemlərinin həlli istiqamətində müzakirələr aparmağa və konkret addımlar atmağa hazırdır.

Deməli, Qarabağdakı ermənilər üçün 3 seçim imkanı var: Ya Azərbaycanın humanist çağırışına və qanuni tələblərinə əməl edərək normal vətəndaşlıq yolu tutmaq. Bu variant əsasən mülki ermənilər üçün keçərlidir. Ya rədd olub ərazilərimizdən getmək. Ki, bunun üçün Xankəndi-Laçın marşrutu üzrə heç bir maneə yoxdur. Ya da... Azərbaycan Ordusunun 2054.0-dan sonra da lokal zəruri cavab tədbirləri qaçılmaz olacaq.