KÖŞƏ

Mahir Rəsuloğlu

ŞƏRəfsiz qonşu problemi...

29 mart 2023 01:58
6644

İranın şovinist fars-molla rejiminin sonuna çox qalmayıb

Öz daxili problemlərini həll edə bilməyən, ən adi hüquq və azadlıqlardan məhrum edilmiş vətəndaşları yoxsulluq, səfalət girdabında boğulan İranın fars-molla rejiminin Azərbaycan əleyhinə təxribatları səngimək bilmir. Şər yuvasına çevrilmiş, İslamın üz qarası olan molla hakimiyyəti xüsusilə son zamanlar ölkəmizə qarşı düşmənçilik mövqeyi nümayiş etdirməkdədir. Təsadüfi deyil ki, şanlı Qələbəmizlə başa çatmış İkinci Qarabağ müharibəsindən dərhal sonra bir anda İranın “maskası yırtıldı”, əsl siması ortaya çıxdı və bu ölkənin şovinist rəhbərləri, necə deyərlər, açıq şəkildə Ermənistanın yanında, Azərbaycanın isə qarşısında olduqlarını göstərməyə başladılar. Vaxtilə riyakarcasına mehriban qonşuluqdan, İslam həmrəyliyindən dəm vuran fars-molla rejimi indi hay “qardaş” və ya “bacı”larının “himayədar”ına çevrilib, əvəzində hər vəchlə ölkəmizə zərər verməyə çalışır.

Artıq neçənci dəfədir ki, aidiyyəti qurumların Azərbaycanın təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanmış əməkdaşları bu şər qonşumuzun təxribat cəhdlərinin qarşısını alır, onların qara niyyətlərini gözlərində qoyur, ölkəmizə qarşı aktiv şəkildə həyata keçirilən kəşfiyyat-pozuculuq fəaliyyəti ilə mübarizə istiqamətində kəsərli tədbirlər görülür. Martın 27-də Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən İranın xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş daha bir qrup şəxsin həbs edilməsi bir daha göstərir ki, fars-molla rejimi Azərbaycanın gündən-günə artan siyasi nüfuzundan, hərbi və iqtisadi gücündən son dərəcə narahatdır, bu inkişaf mollaların yuxusunu qaçırıb.

Danılmaz faktdır ki, İranın Azərbaycana qarşı təxribat cəhdləri ən müxtəlif müstəvilərdə həyata keçirilir. Bəzi hallarda şovinist fars rejimi öz böhtanlarını, qarayaxmalarını, əleyhimizə olan münasibətini birbaşa deyil, bilavasitə aşağı “ranq”lı məmurların, yaxud mollaların dili ilə çatdırır. İranın ölkəmizdəki keçmiş səfiri Mohsen Pakayinin Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli Bəyanat ilə bağlı “Khabar Online” saytında yazdıqları da bu qəbildəndir. “Azad İran” kanalı xəbər verir ki, üçtərəfli Bəyanatın müddəalarını məqsədli şəkildə təhrif edən diplomat məqaləsində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ehtimalından narahat olduğunu da gizlətməyib: “Azərbaycan və Ermənistan bir-birini atəşkəs rejimini açıq şəkildə pozmaqda ittiham edərkən və iki ölkənin hərbi qüvvələri arasında pərakəndə toqquşmalar başladığı bir vaxtda Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq. Bu toqquşmaların başlamasının səbəbini 10 noyabr 2020-ci il “Moskva razılaşması”ndakı qüsurlarda və qeyri-müəyyənliklərdə axtarmaq lazımdır. Həmin vaxt da bildirilmişdi ki, Moskva sazişi yalnız atəşkəs haqqında razılaşmadır və Azərbaycanla Ermənistan arasında mühüm məsələlərin, o cümlədən Qarabağın hüquqi statusu və Zəngəzur dəhlizinin həll yolu deyil.”

Ayini pak olmayan Pakayin həyasızcasına Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan ifadələr işlədərək iddia edib ki,

10 noyabr Bəyanatında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş 7 əsas rayonunun azad edilməsi nəzərdə tutulsa da, Qafqazda uzun sürən münaqişənin əsas səbəbi olan Qarabağın statusu dəqiqləşdirilməyib: “Sazişdə Qarabağın Azərbaycanın ərazi bütövlüyündə qalacağı və ya başqa status qazanacağı müəyyən edilməyib.”

Bax, budur İranın, onun çürümüş və məhvə məhkum ŞƏRəfsiz rejiminin əsl siması, “mehriban qonşuluğu”. Yəqin Pakayin unudub ki, təkcə İranın özündə Azərbaycanın ərazi bütövlüyünə dil uzadanın dilini kəsməyə qadir 40 milyona yaxın Güney azərbaycanlı soydaşımız, qardaşımız yaşayır. Bax belə ikiüzlü, yalan və riyakar yanaşmalar gətirəcək molla hakimiyyətinin sonunu, necə ki, gətirməkdədir. Elə öz içindən parçalanacaq, dağılacaq İran. Çox qalmayıb...