KÖŞƏ

Elçin Zaman

Amerikalıların dünyaya Donald Tramp sürprizi

10 noyabr 2016 22:39
2860

Avropa şokda — Rusiya kefdədir

Dünyanın xeyli vaxtdır ki, ABŞ-da həyəcanla gözlədiyi prezident seçkiləri gözlənilməz nəticə ilə başa çatdı. Hər halda bunu dünya mətbuatı və siyasətçiləri belə dəyərləndirirlər. Respublikaçıların namizədi Donald Trampın dünyanın və ABŞ-ın yaxşı tanıdığı peşəkar bir xanım siyasətçinin üzərində qələbə qazanması amerikalılar üçün də sürpriz hesab edilir.

Hətta Donald Trampın seçki təbliğatı zamanı emosional, qarmaqarışıq siyasi çıxışları belə, onun partiyadaşlarının partiyadan uzaqlaşmasına səbəb olmuşdu. Onlar hesab edirlər ki, bu çıxışlar partiylarının siyasi kursuna uyğun deyil.

Bəs Donald Trampın   ABŞ-ın 45-ci prezidenti olması bu ölkəyə və dünyaya, xüsusən mövcud qaynar nöqtələrə hansı yeniliklər gətirə bilər? İndi dünya siyasətçilərini maraqlandıran ən vacib suallar budur.

Bəs reallıqlara açıq gözlə baxan amerikalılar siyasətdə tanınmayan və bir az da populist çıxışları ilə  gündəmi zəbt edən Donald Trampa niyə səs verdi? Axı Tramp indiyə qədər tikinti maqnatı kimi milyardları olan iş adamıdır. Belə iş adamları isə Amerikada minlərlədir.

Görünən odur ki, Donald Tramp rəqibinə qarşı məhz elə hakimiyyətdən bəzi dəstəklər almağa nail olub. Xüsusən ABŞ-ın Federal Təhqiqat Bürosunun direktoru Ceyms Kominin Hillari Klintonun bəzi yazışmalarını de-şifrə etməsi, eyni zamanda, ona qarşı məhkəmə istintaqının başlayacağına şərait yaratması Trampın işinə çox ciddi şəkildə yarayıb.

Burada bir məqama diqqət yetirmək lazımdır ki, Trampın Rusiya ilə əlaqələrin soyuq müharibə şəraitindən çıxarılımasna, hətta bu ölkəyə qarşı mövcud olan iqtisadi sanksiyaların aradan qaldırmasına söz verməsi Rusiya kimi böyük bir dövlətin Trampın qələbə çalmasına yardımçı olması iddialarını da gündəmə gətirib. Bəzi Qərb mətbuatı Ceyms Kominin Hillari Klinton haqqında açqlamalarının arxasında  Rusiyanın durduğunu da sətiraltı qeyd edir. 

ABŞ-ın ən sədaqətli tərəfdaşları Avropa Birliyi ölkələri də Trampın qələbəsini həzm edə bilmirlər. Fransa prezidenti Fransua Olland televiziya çıxışında ölkəsinin bundan sonra daha ciddi şəkildə qorunmasına çalışacağını bildirmişdir. Onun sözlərinin sətiraltı mənası belədir ki, Trampın şəxsində Fransa böyük bir müttəfiqini itirə bilər. Almaniya kansleri Angela Merkel də Trampı təbrik edərək əmin olduğunu bildirmişdir ki, ABŞ-Avropa birgə təşəbbüsləri bundan sonra da davam edəcək. Hətta bəzi liderlər Avropanın vahid ordusunu yarıtmaq və qonşudan gələcək təhlükəyə birgə cavab vermək istəklərini də bildiriblər.   

Amerika vətəndaşlarının bir qismi Tramp dövründə ABŞ-da iqtisadi geriləmə ilə bərabər, siyasi hüquqların da pozulması qənaətindədirlər. Bu səbəbdən də bəzi amerikalılar, xüsusən meksikakökənlilər və müsəlmanlar Kanadaya köçmək arzusundadırlar. Artıq Kanadanın miqrasiya idarəsidə böyük bir canlanma var.

Qeyd edək ki, Trampın qonşu Meksikaya və müsəlmanlara qarşı sərt çıxışları onları bu addımları atmağa vadar edir. Tramp Meksika ilə ABŞ arasında daş divar hördürmək və bunun xərcini də Meksikadan almaq barədə fikirlərin sahibidir. Eyni zamanda, müsəlmanlara qarşı deportasiya fikrini də çıxışlarında səsləndirib. Düzdür, ola bilsin ki, bu fikirlər seçkidə piar rolunu oynayırdı. Məhz seçkidən sonrakı ilk zəfər çıxışında bildirdi ki, o hər bir amerikalının prezidenti olacaq. Yəni sanki əvvəlki sərt fikirlərindən vaz keçib.

Trampa səs verən böyük əksəriyyət isə bu qənaətdədir ki, yeni prezident ABŞ-ın bir çox iqtisadi problemlərini həll edə bilər. Xüsusən ABŞ-ın iqtisadi potensialı imkan verir ki, ölkə daha da ciddi uğurlar qazansın. Ən nəhayət ABŞ-ın Yaxın Şərqdəki siyasətini Rusiya ilə uzlaşdırmağa çalışan Tramp bu bölgədəki müharibəyə son qoya bilər.

Bu arada ABŞ-da gözlənilməz hadisələr baş verir. Burada Trampın seçilməsinə qarşı etirazlar baş qaldırıb. Hətta Kaliforniyanın ABŞ-dan ayrılmasına yönəlik çağırışlar da səslənir. Qeyd edək ki, Kaliforniya ərazisinə və iqtisadi inkişafına görə, Avropanın ən böyük ölkəsi olan Fransadan sonra gəlir.

Təbii ki, burada belə bir qənaət də var ki, ABŞ-da Prezident təkbaşına qərarlar qəbul edə bilmədiyindən onun bir çox populist və antimilli fikirləri (məsələn, meksikalılar və müsəlmanlara qarşı sərt tədbirlərin görüləcəyi, Avropa Birliyinin Rusiyaya yönəlik sanksiyalarının rədd ediləcəyi və s.) həm ABŞ Senatı, həm də ABŞ Konqresi tərəfindən qəbul edilə bilməz. Necə deyərlər: dəvədən böyük fil var.