15 dekabr 2017 19:32
1185

Binəqədi rayonu ərazisindəki Şövkət Məmmədova küçəsi təmir olunub

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində paytaxtda aparılan kompleks tədbirlər çərçivəsində Binəqədi rayonu ərazisindəki Şövkət Məmmədova küçəsi təmir olunub.

Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən açıqlama verilib.

Uzunluğu 820 metr, 2 hərəkət zolaqlı yolun ümumi eni 14 metr təşkil edir. Sözügedən küçədə yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb və hərəkət hissə asfaltlanması üçün hazır vəziyyətə gətirilib. Ümumilikdə, 12 santimetr qalınlığında yolun 12 min kvadratmetr ərazisinə yeni asfalt-beton örtüyü döşənib.

Bundan başqa, küçəboyu yol kənarına yeni səki daşlarının düzülməsi işləri də görülüb. Təmir işləri çərçivəsində küçəboyu 1150 poqonmetr yeni səki daşları düzülüb.

Aparılan işlər zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün nəzərdə tutulan mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq, zəruri olan yerlərdə 8 ədəd yeni yağış barmaqlıqları qoyulub, 31 ədəd yeraltı kommunikasiya xətlərinin yeni baxış qapaqları quraşdırılıb.

Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada keçidi zolaqları çəkilib.

Təmir işləri “Azəravtoyol” ASC tərəfindən yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət olunmaqla aparılıb.