KÖŞƏ

Nurəddin Muğanlı

Bir ovuc torpaq da Vətəndir

28 dekabr 2020 14:51
604

30 ilə yaxın düşmən tapdağında olan torpaqları azad etmək hər bir azərbaycanlının ən ümdə arzusu idi

Möhtəşəm “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılan rəşadətli  Milli Ordumuzun Vətən müharibəsində qazandığı böyük Qələbə müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqidir. Azərbaycan Ordusu Ermənistanın  işğal etdiyi torpaqların böyük bir hissəsini cəmi 44 gün ərzində işğaldan azad edərək düşmənin  silahlı qüvvələrinin "məğlubedilməzliyi haqqında mifi" darmadağın etdi, işğal dövründə yaradılmış mühəndis-istehkam qurğularının külünü göyə sovurdu, Milli Ordumuzun gücünü və potensialını bütün dünyaya göstərdi. Bakının Azadlıq meydanında  Vətən müharibəsində Qələbəmizə həsr olunmuş Zəfər paradında Azərbaycan Silahlı Qüvvələrinin üç min nəfərlik şəxsi  heyəti ilə yanaşı, türk hərbçilərinin də iştirak etməsi Türkiyə və Azərbaycanın regionda sarsılmaz gücə çevrildiyini göstərməklə bərabər, həmçinin bununla Azərbaycanın tək olmadığını bütün dünya bir daha yəqin etdi. Ölkəmizin başçısı, Ali Baş Komandan İlham Əliyev Türkiyənin Vətən müharibəsindəki rolunu xüsusi vurğulayraq dedi: “Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik.”

Tarix boyu Azərbaycanın problemi Türkiyənin problemi, Türkiyənin dərdi Azərbaycanın dərdi olub. Biz həmişə Türkiyənin bütün sahələr üzrə beynəlxalq aləmdə qazandığı uğurlara sevinmişik, bu nailiyyətlərlə fəxr etmişik, qürur hissi keçirmişik. O cümlədən Azərbaycan xalqının da uğurları, qələbələri Türkiyə üçün qürur mənbəyi olmuşdur.

Erməni faşizmi üzərində  Qələbəmizə  böyük zəmin yaradan amillərdən biri də  məhz Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti oldu.  İki qardaş ölkə hərbçilərinin birgə vaxtaşırı təlimləri,  təcrübə mübadilələri, eləcə də NATO üzvü olan Türkiyənin adlı-sanlı  hərbi  məktəblərində təhsil almış zabitlərimizin  peşəkarlığı ordumuzun  uğur qazanmasında, sözsüz ki, mühüm önəm kəsb edir. Dünyanın məşhur hərbi xadimlərindən biri,  böyük rus sərkərdəsi Suvorov öz zamanında təlimlərin keçirilməsini yüksək dəyərləndirərək  qeyd edib ki, təlim əsgərin akademiyasıdır. Doğrudan da, təlimlər ən mühüm hərbi əməliyyat  tədbiri olaraq şəxsi heyətin döyüş vərdişlərinin möhkəmləndirilməsində, qələbəyə olan inamın formalaşmasında  başlıca rol oynayır. Ali Baş Komandan İlham Əliyevin təsdiqlədiyi plana əsasən, qardaş ölkə ilə keçirilən ortaq təlimlərdə  Silahlı Qüvvələrimiz   istənilən iqlim şəraitinə uyğun döyüş vərdişlərinə  məharətlə  yiyələnmişdir. Azərbaycanın zabit və  əsgərləri yaxşı  bilirdilər ki,  təlimlərdə fərqlənmək müharibə meydanında qələbə qazanmaq deməkdir.  Təkcə Şuşanın azad edilməsi əməliyyatı kifayət edir ki, müzəffər Azərbaycan Ordusunun nələrə qadir olduğunun hər kəs şahidi olsun.  Azərbaycan əsgəri çox çətin coğrafi şəraitdə, yaralı qardaşını, şəhid qardaşını çiyninə alıb, heç bir hərbi texnikadan istifadə etməyərək düşmənlə əlbəyaxa  vuruşdu və qalib gəldi.

Bu gün bütün dünya  bir daha əmin  oldu  ki, Azərbaycan Ordusu  Ermənistanı  himayə edən  və  30  ilə  yaxın bu  işğalçının başını “sığallayan” dövlətlərin Cənubi Qafqazdakı rolunu  neytrallaşdıra biləcək gücə sahib faktordur. Ötən 30 ildə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icrasını gözləsə də, Azərbaycan Ordusu bu missiyanı özü təkbaşına həyata keçirdi, işğala son qoydu.

Azərbaycan Ordusunun yüksək peşəkarlığı, orduda yüksək nizam-intizam, mobillik, komandirlərə inam,  müasir hərbi texnologiyalara malik olması və ondan məharətlə istifadə bacarığı 44  gün ərzində  öz sözünü dedi.  Ordumuzun yüksək peşəkarlıqla apardığı əks-hücum əməliyyatı hərb tarixində yeni səhifələr açdı. Düşmən üzərində  şanlı Qələbəmizin  əldə olunmasının  ən başlıca səbəbi Azərbaycan Prezidenti İlham Əliyevin son 17 ildə həyata keçirdiyi “Güclü dövlət, güclü ordu” strategiyasıdır. Ali Baş Komandan  çıxışlarında dəfələrlə bəyan etmişdir ki, ordumuzun dünya standartları səviyyəsində  güclənməsi istiqamətində aparılan işlər dövlət başçısı kimi fəaliyyətinin prioritet məsələsidir. "Bu gün Azərbaycan, sözün əsl mənasında, bölgədə ən yüksək mövqelərə malik bir ölkədir. Əlbəttə, bu mövqeni şərtləndirən mühüm amillər vardır. Bu amillər böyük iqtisadi potensial və güclü ordudur. Güclü ordu güclü dövlət deməkdir.”

 Ölkə başçısının həyata keçirdiyi tədbirlər, tez-tez ön cəbhədə zabit və əsgərlərlə görüşməsi, onların hazırlıq səviyyəsi, döyüş bacarıqları, sosial təminat məsələləri ilə maraqlanması,  Silahlı Qüvvələrimizin dünyanın müasir ordularının sahib olduğu ən son hərbi texnika ilə təmin edilməsi də Azərbaycan Prezidentinin diqqəti sayəsində mümkün olmuşdur.  Prezidentliyinin  ilk  dövrlərindən münaqişənin siyasi yollarla həll olunmasına sadiqliyini sərgiləyən cənab İlham Əliyev bununla belə, əgər zərurət yaranarsa hərb yolunun da istisna olunmadığını vasitəçilərə bildirmiş, beynəlxalq tribunalardan səsləndirmişdi.

Ermənistan hərbi hissələrinin Azərbaycan sərhədlərində törətdiyi təxribatlar, Ermənistan rəhbərliyinin yeni müharibə hazırlığından soraq verən bəyanatları  müharibəni qaçılmaz etmişdi.  “Qarabağ Ermənistandır”  deməklə, Ermənistan rəhbərliyi münaqişənin sülh yolu ilə həllinə birdəfəlik  son qoymuşdu.  Ermənistanın sonuncu təxribatı  isə  sentyabrın 27-də səhər saatlarında baş verdi.  İşğalçı dövlət cinayətkar mahiyyətinə uyğun olaraq dinc insanları, yaşayış məntəqələrini, mülki infrastrukturu hədəfə alıb, qadağan olunmuş silahlardan istifadə etməklə  Azərbaycan  Silahlı Qüvvələrinin Ali Baş Komandanını torpağımızı azad etmək, işğala son qoymaq əmri verməyə  vadar etdi. O gün hansı bölgədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün vətən Qarabağ idi. O gün yaşından asılı olmayaraq, hər bir azərbaycanlı özünü cəbhəyə gedə biləcək yaşda hiss etdi. Çıxışlarında “Qarabağ Azərbaycandır və nida” deyən dövlət başçısı  öz fəaliyyəti ilə xalqın Vətən sevgisini,  dövlətçilik hissini daha da gücləndirdi. Dövlət başçısının "Qarabağ Azərbaycandır" ifadəsi Qələbəmizin rəmzinə çevrildi.  Bu gün artıq müzəffər  Milli Ordumuzun Ali  Baş Komandanı  həm regionda, həm də dünyada terrora, separatizmə qarşı mübarizədə müstəsna rolu  olan və öz qətiyyətli mövqeyini ortaya qoyan dövlət xadimidir. Prezidentimizin “İlin siyasətçisi” seçilməsi onun 2020-ci ildə  lider kimi bütün keyfiyyətlərini təsdiq etmiş oldu.

...Dədə Qorqud öyüdlərinə bələd olan  hər bir azərbaycanlı  yaxşı  bilir ki,  Vətən  anlayışı bir ovuc torpaqdan başlanır. “Torpaq - Vətəndir, Vətən - anadır, ana - millətdir, millət - dövlətdir." Dünyanı cəsurluğu ilə heyrətləndirən mübariz Azərbaycan əsgər və zabitləri də  Vətənimiz uğrunda  fədakarcasına döyüşdülər. 44 günlük Vətən müharibəsində  dünya hərb tarixinə özünəməxsus töhfələr verən Azərbaycan Ordusunun taktikası  və strategiyası  isə indi dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində  öyrənilir. Bəli, indi biz qalib ölkənin vətəndaşıyıq! Dünya hərb tarixinə  örnək  olan qüdrətli Ordumuz var!

Sənə zəfər yaraşır, Azərbaycan Ordusu!
Qələbən mübarək, Vətən!

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?