KÖŞƏ

Nurəddin Muğanlı

Cinayət və cəza

18 may 2020 10:11
3290

Son vaxtlar cinayət və cəza deyəndə ilk növbədə ağıla qanunları pozaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edən icra başçılarının həbs olunması gəlir. Əvvəlcə Ağstafanın icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov, sonra Yevlax Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Qoca Səmədov, ardınca Neftçalanın icra başçısı İsmayıl Vəliyev, daha sonra Biləsuvarın icra başçısı Mahir Quliyev və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev həbs olundu. Adıçəkilən şəxslərin həbs edilmələrinin səbəbi məlum olduğu kimi, vəzifələrinin icrası müddətində rüşvətxorluğa, korrupsiyaya yol vermə və dövlət malının mənimsənilməsi faktlarıdır. İcra başçılarının həbsi ilə bağlı nümayiş olunan əməliyyat çəkilişlərindən görünür ki, həmin şəxslər öz kabinetlərində arxayıncasına oturub, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərlə məşğul olublar. Acınacaqlı haldır ki, bu məmurların biri digərinin səhvindən nəticə çıxarıb korrupsiya və rüşvətxorluqdan əl çəkməyiblər. Dövlət başçısı dəfələrlə məmurlara xəbərdarlıq edib və göstəriş verib ki, xalqa ləyaqətlə xidmət edin.

Heç kimə sirr deyil ki, korrupsiya iqtisadi inkişafı ləngidən, cinayətkar əməllərlə ictimaiyyətin inamını sarsıdan prosesdir. Həbs olunan icra başçılarının beşinin də eyni məzmunlu qanunsuz əməllərlə məşğul olmasından aydın olur ki, bu məmurlar dövlət başçısının çıxışlarındakı tezislərdən, çağırışlardan, ciddi xəbərdarlığından nəticə çıxarmamışlar.

Prezident İlham Əliyev Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında koronavirusla mübarizə dövründə insanlara ayrılan ərzaq yardımını oğurlayanları milli xain adlandıraraq demişdir: “Eyni zamanda əfsuslar olsun ki, biz bu vəziyyətdə milli xainlərin də üzünü gördük. Kasıbın malına, ərzaq payına göz dikən xaindir, bunun başqa adı yoxdur. Bu, oğurluq deyil, bu, kiçik bir cinayət deyil...Mən demişəm, bir daha demək istəyirəm ki, bir çoxları pandemiyanı müharibə adlandırırlar. Müharibə, əslində, göz qabağındadır. Bu şəraitdə belə adamlara nə ad vermək olar? Ona görə bu adamların cəzalandırılması qaçılmazdır.” Cəza tədbirləri sözsüz ki, məmurun cinayətinin miqyasından asılı olmayaraq, ardıcıl nöqsanlara yol vermiş, dövlət maraqlarına xəyanət etmiş, xalqdan üz çevirmiş hər bir kəsə tətbiq olunacaq...

Bəli, gerçəkdən də bu gün Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır. Təbii ki, karantin rejimi dövründə yardıma ehtiyacı olan əhalinin hüquqlarını tapdalayan, onların ailələrinə dövlətin ayırdığı vəsaitləri mənimsəyən adamların bağışlanması mümkün deyildir.

Hüquq sistemində islahatların davam etdirilməsi, eləcə də korrupsiya və rüşvətxorluğa qarşı sərt tədbirlərin görülməsi ölkəmizin sadə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir. Çünki onlar yaxşı dərk edirlər ki, dövlət başçısı İlham Əliyev ortaya böyük siyasi iradə qoyub, məhz onun rəhbərliyi ilə aparılan islahatlar, o cümlədən kadr islahatları, eləcə də rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizənin uğurlu nəticələri ölkəmizi gücləndirir və gələcək dayanıqlı inkişafımızı şərtləndirir.