KÖŞƏ

Mənsumə Babayeva

Əli Kərimli hansı dinə, məzhəbə qulluq edir?

28 avqust 2019 11:38
2711

Məlum olduğu kimi, bu gün dağıdıcı müxalifət daxilində bir qrup dəstə və ya bəzi radikal mübarizə üsulu seçən partiyalar var ki, onlar “düzü də əyri görüb”, ölkənin ictimai-siyasi proseslərdən öz mənafeləri üçün istifadə etməyə çalışırlar. Belə müxalifətçilərdən və müxalif partiyalardan biri də AXCP və onun sədri Əli Kərimlidir. O Əli Kərimli ki, 1993-cü ildən bəri hakimiyyət sevdası ilə min cür hoqqadan çıxır. Əvvəllər AXCP və onun sədri çayxana müxalifəti kimi fəaliyyət göstərsə də, son illərdə sosial şəbəkələrin insanların həyatına aktiv şəkildə daxil olmasından istifadə edərək “Facebook” və “YouTube” kimi platformalarda antitəbliğatlar aparmağa başladılar. Yəni təkcə AXCP deyil, dağıdıcı müxalifətin digər üzvləri də “sosial şəbəkə müxalifəti” kimi ad çıxarıblar.

AXCP sədrindən söz düşmüşkən, bu adamın, ümumiyyətlə, hansı dinə və məzhəbə qulluq etməsi hələ də tam müəyyənləşməyib. Prezident, bələdiyyə və parlament seçkilərində uğur qazana bilməyəcəyini, sosial bazasının zəif olduğunu anlayan AXCP sədri Əli Kərimli daim ölkəmizi gözdən salmaq üçün, guya seçkilərdə onlara şərait yaradılmadığını və s. bəhanələr edərək, müxalifət düşərgəsində siyasi passivliyin daha da dərinləşməsinə səbəb olub. Əslində özü də gözəl anlayır ki, qatıldığı seçkilərdə seçicilər müxalifət liderlərinə etimad göstərmədilər, destruktiv və dağıdıcı siyasi qüvvələrin hakimiyyətə gəlmək istəyini dəstəkləmədilər. Elə bu səbəbdəndir ki, müxalifət daxilində də onu qəbul etmirlər. Bununla da həmin partiyanı tərk edənlərin sayı da ilbəil artır. Seçkiyə getməyi daha məqbul sayanlar hətta Əli Kərimlinin radikal çağırışlarını da qulaqardına vurmağa başlayıblar. Hətta siyasi meydana sonradan atılan ReAL Partiyası da daim bu cür anormal yanaşmalarına görə AXCP-ni qınaq obyektinə çevirib. Hardasa ReAL-ı da anlamaq olar. Çünki məhz Əli Kərimli amili radikal müxalifətdə müşahidə olunan kəskin böhranın daha da dərinləşməsinə səbəb olur.

Bu günlərdə Baş Nazirin müavini, YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov mətbuata açıqlamasında bildirib ki, 1993-cü ildən indiyə qədər keçirilən bütün seçkilərdə müxalifət partiyaları uğursuzluğa düçar olublar, Azərbaycan vətəndaşları onlara səs verməyib və vermək də istəməyib: “Vətəndaşların əksəriyyəti 90-cı illərin əvvəllərində Azərbaycanın hansı bərbad vəziyyətə salındığını unutmayıb, insanlar hansı təlatümlü bir dövrdə yaşadıqlarını, çörək növbələrini yaddan çıxarmayıblar, ölkədə tüğyan edən əlisilahlı insanların hərəkətlərini heç cür unutmayıblar. Bütün bunların müqabilində insanlarımız bugünkü Azərbaycanı da görürlər. Azərbaycanın nə qədər gözəlləşdiyini, inkişaf etdiyini, hər bir Azərbaycan vətəndaşının həyatının nə qədər dəyişdiyini hər kəs çox gözəl anlayır. Müxalifətin nə qədər bu inkişafın üzərinə qara yaxmağa çalışmasına baxmayaraq, hər bir Azərbaycan vətəndaşı dərk edir ki, 90-cı illərin əvvəlində o necə yaşayırdı, indi necə yaşayır”.

“Bu gün Azərbaycana qarşı təbliğat aparan şəxslər, seçkilərin guya qeyri-demokratik olduğunu bəyan edənlər 90-cı illərdə hakimiyyətdə olaraq iflasa uğramış insanlardır” deyən Əli Əhmədov onu da diqqətə çatdırıb ki, onlar Azərbaycanı bir ölkə olaraq dağılmaq həddinə gətirib çıxarmış insanlardırlar.