KÖŞƏ

Sevinc Azadi

Əli Kərimlinin mövsümi mitinq azarı

27 avqust 2019 10:53
563

Azərbaycanın daxili siyasətində mövsümi fəallaşmalar qlobal iqlim dəyişikliklərindən yox, lokal və regional siyasi proseslərdən asılı olur. Ölkəmiz hansısa istiqamətdə irəliləyişə nail olan kimi daxildəki müxalifət “aslan”ları ilə xaricdəki “müstəqil bloqger”lər və siyasi “fəallar” səs-səsə verirlər. İllər, hadisələr, şərtlər və proseslər dəyişir, amma bu adamların lüğətləri, tələbləri və istəkləri eynidir. “Azadlıq!”, “İstefa!” Artıq klişeyə dönən, köhnələn və məzmun baxımından heç bir yeni çalara malik olmayan bu ifadələr radikal müxalifətimizin siyasi mübarizə nəqəratı sayıla bilər. Əfsuslar olsun ki, konstruktivlikdən çox uzaq müxalifətin “lider”i olduqlarını iddia edən şəxslərin bəyanatlarında və çıxışlarında, açıqlamalarında və müsahibələrində aqressiya azalmır. Əksinə, artır.

AXCP, Müsavat, “Milli Şura” və s. strukturlar ölkədə güclü protest kütləsinin mövcudluğundan bəhs edirlər. Halbuki ayrı-ayrı sosial qrupların narazılığı deyilənlərin və sosial şəbəkələrdə göstərilənlərin tam tərsinə olaraq “demokratiya uğrunda inqilab”, yaxud da ümummilli etiraz hərəkatı deyildi, ola da bilməzdi. Di gəl, AXCP sədri Əli Kərimli məntiqin ləngər vurub sakitləşdiyi mərhələyə keçmək istəmir, kin və küdurətini ifrat yalanlara yükləyir, illüziyalarını olanlar, xəyallarını gerçək, olmayanları isə həqiqət kimi təqdim edir. O, hesab edir ki, “facebook”dakı paylaşımlarını “like” edənlər yüzlərlədirsə, deməli, bütün xalq onu dəstəkləyir. Xatırladaq ki, Əli Kərimlinin “facebook”dakı statuslarını bəyənib şərh yazanların tam əksəriyyəti saxta profillərdən yararlanan trollardır. Olsun, bu da onların əyləncəsidir. Lakin belə bəsit əyləncəni siyasi mübarizə, trolların sayını “xalq dəstəyi”, “like”ların statistikasını da “hakimiyyəti təşvişə salan məqam” kimi qələmə verib özlərini gülünc vəziyyətə qoymasınlar.

Azərbaycanda internetin geniş vüsət aldığı dönəmdən əvvəl Əli Kərimli “cib qəzetləri”ndə belə siyasi oyunlar aparırdı, o cümlədən sabiq nazir Fərhad Əliyevdən və hakimiyyətdə sövdələşdiyi məmurlardan aldığı pullardan yararlanırdı. İndi də eyni ssenaridir. Fərq də yoxdur: əvvəllər qəzetlərə müsahibələr verməklə siyasi mübarizə apardığına əmin olan Əli Kərimli indi sosial şəbəkələrdə, xüsusilə də “facebook” və “YouTube”da siyasi gəvəzəlik etməyi “rejimi qorxudan amil” kimi qələmə verir. Reallıqla virtuallıq arasında fərq həddini dağıdan Ə.Kərimlinin durumu gerçəkdən də, acizdir. “AXCP-yə axın var, bu da hakimiyyəti qorxudur” yazan və deyən Əli Kərimli nə qədər də zavallı təsir bağışlayır.

Bəli, son vaxtlar AXCP üzvü olmaq istəyənlər ortaya çıxıb. Səbəb çox bəsitdir, üzdədir: bu adamların istisnasız olaraq hamısı “Məhsul” stadionundakı mitinqlərin daimi sakinləri, orada selfi çəkdirənlərdir ki, AXCP-nin üzvlük vəsiqəsi onlara yalnız xaricə mühacirət edərək saxtakarlıqla siyasi sığınacaq almaq üçün gərəkdir. Üzvlük məsələsi demişkən: Əli Kərimli hələ bir hesabat versin ki, yeni üzvlərin neçəsinə vəsiqə pulla satılıb, neçəsinə vədlər müqabilində verilib, neçəsi də ümumiyyətlə, Əli Kərimliyə nifrət edən adamlar olub ki, vəsiqə onlara sadəcə, bəzi maraqlar üçün gərəkdi.

26 ildən bəri dəyişməyən, şüarları yenilənməyən, məntiqi qəlibdə, reallığı dərketmə imkanları çərçivədə qalan Əli Kərimlini anlamaq olar. Adam ətrafındakı şəxslərin də onu tərk edəcəyindən qorxur. Çünki acı təcrübəsi var: ən yaxın tərəfdarları indi ona siyasi rəqib olublar, nifrət edirlər. Sadalanan və hələ sadalamadığımız səbəblərdən Əli Kərimlinin ətrafında müstəqil, AXCP sədrindən fərqli düşünən kimsə qalmayıb. Belə adamların hamısı ya partiyanı tərk edib, ya qovulub. AXCP sədrinin yaxın ətrafındakıların total əksəriyyəti siyasi reneqatlar, “demokratiya zombiləri”dir.

Vəli İlyasov
Qiymət: O
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...