Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

KÖŞƏ

Mənsumə Babayeva

Polisi gözdən salmaq kimlər üçün sərfəlidir?

10 iyun 2020 11:46
1996

Bu ilin əvvəlində bütün dünyanı öz cənginə almış koronaviris pandemiyası Azərbaycanda da yayılmağa başladı. Ancaq buna baxmayaraq, ölkəmizdə qabaqlayıcı, məhdudlaşdırıcı tədbirlərin görülməsi pandemiyanın ge­niş vüsət almasının qarşısını almağa imkan verdi. Nəticədə Azərbaycanda koronavirusa yoluxanların və vəfat edənlərin sayı bir çox inki­şaf etmiş ölkələrlə müqayisədə kifayət qədər az oldu. Eyni zamanda, Ümum­dünya Səhiyyə Təşkilatı da bu sahədə gördüyü işlərə görə Azərbaycanı nümunəvi ölkə adlandırdı.

Ölkəmizdə pandemiya ilə mübarizədə görülmüş tədbirlər ilk növbədə səhiyyə sisteminin və Daxili İşlər Nazirliyinin virusla mübarizəyə operativ şəkildə səfərbər edilməsində özünü büruzə verdi. Qısa müddət ərzində səhiyyəmiz demək olar ki, yenidən quruldu. Bu məsələdə İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB xüsusi rol oynadı. Bu, sonradan Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirildi.

Dövlət başçısı, həmçinin müxtəlif qurumlar və ayrı-ayrı səlahiyyətli mütəxəssislər tərəfindən vətəndaşlara edilən müraciətlərdə sanitar-epidemioloji və gigiye­nik qaydalara riayət edilməsi əsas tələb kimi qarşıya qoyuldu. Buna görə də hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında sax­lamaq mümkün idi. Məhz bu səbəbdən karantin rejimindən mərhələli çıxmağa başlandı. Ancaq sərt karantin rejiminin yumşaldılmasından sonrakı dövrdə insanların çoxu Opera­tiv Qərargahın tələblərinə əməl etmədi, ictimai nəqliyyatda, qapalı məkanlarda tibbi maska taxmadı, sosial məsafəni gözləmədi. Bununla da xəstəliyə yoluxma halları artdı. Bu olanları əsas götürərək hökumət başçısı iyunun 4-də əhaliyə müraciət edərək, sərt karantin rejiminin yenidən tətbiq olunacağını bildirdi. Sözsüz ki, koronavirus təhlükəsinə qarşı görülən qabaqlayıcı tədbirlər vətəndaşlarımızın sağlamlığına, ölkəmizin COVID-19 epidemiyasından mümkün qədər az itkilərlə çıxmasına yönəlmiş addımlardır.

Bu çərçivədə 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağası qoyuldu.  Qeyd olundu ki, sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almaqla tərk edə bilərlər.

Bütün bu məhdudlaşdırıcı tədbirlərə də təbii ki, polis əməkdaşları nəzarət etməli idi və etdi. Özü də kifayət qədər nizam-intizam, qanunun tələbləri gözlənildi. Bununla yanaşı, Azərbaycan polisi özünün humanizmindən də qalmadı. Bəzi hallarda ciddi ehtiyac duyanlara kömək əli uzadıldı. Göründüyü kimi, bu ağır günlərdə Azərbaycan xalqının bir hissəsi olan polis işçiləri öz vəzifələrinin öhdəsindən layiqincə gəldilər.

Təəssüf ki, bir sıra maraqlı dairələr də var ki, onlar polisin bu əməyini gözdən salmaq üçün əllərindən gələni edirlər. Sosial şəbəkələrdə polisimizə qarşı həqarətlər, mənfi rəylər yaymağa cəhdlər göstərən belələri anlamırlar ki, əgər bu gün Azərbaycanda dayanıqlı sabitlik, inkişaf və asayiş mövcuddursa, bu əsasların tərkib hissələrindən biri də əlbəttə ki, polisin əməyidir. O cümlədən özlərini “müxalifət liderləri” kimi zorla ictimai rəyə sırımağa çalışan fərdlərin canfəşanlıqları da sübut edir ki, bu, birbaşa sifarişdir və ölkəmizi gözdən salmağa yönəlmiş addımlardır. Təbii ki, xalq, sağlam düşüncəli ictimaiyyət belə hay-küylərə ümumiyyətlə, etina göstərmir, əskinə polisimizin fəaliyyətinə dəstək olur, onun atdığı addımları alqışlayır. Çünki bilirlər ki, polis bu günlərdə öz uğurlu fəaliyyətini göstərməsəydi daha gərgin vəziyyət yarana bilərdi. Bu baxımdan, tələb edilən qanunları pozmağa çalışanların qarşısının alınması istiqamətində atılan addımların hər biri həm də məsuliyyətsizliyə qarşı aparılan mübarizə kimi də qiymətləndirilə bilər. Çünki koronavirus pandemiyası başlayan andan etibarən Azərbaycan dövləti vətəndaşları məsuliyyətli olmağa, sağlamlıqlarının mühafizəsi üçün səy göstərməyə, ətrafdakı insanların da sağlamlıqlarının digər insanlardan asılı olmasını təbliğ etməklə çağırışlar edib.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?