Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

KÖŞƏ

Röya Rasimqızı

Qələbə xəbərini səbirsizliklə gözləyirik

13 oktyabr 2020 18:29
831

Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ zonasında və ətraf 7 rayonda 1994-cü ildən etibarən atəşkəs rejiminin qüvvədə olmasına baxmayaraq, erməni təcavüzkarları mütəmadi olaraq cəbhə xəttində və sərhəd bölgələrində mülki əhalimizi və yaşayış məntəqələrimizi hədəfə alan təxribatlar törətməkdədir. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüquq norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməliyyatlarını davam etdirir. Erməni təcavüzkarlarının hərbi birləşmələri mülki əhalinin yaşadığı məntəqələri, rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini, yaşayış evlərini, xəstəxanaları, məktəb binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv şəkildə atəşə tutmaqdan əl çəkmirlər. İlk atəşi, o cümlədən artilleriya atəşini Ermənistan açmış və ilk həlak olanlar da məhz Azərbaycan hərbçiləri olmuşdur. Azərbaycan düşmənə layiqli cavab və dərs verdi. Onu da qeyd edək ki, Azərbaycan tərəfi heç bir təxribata əl atmamışdır. Ölkə başçımızın da dediyi kimi, Azərbaycan sadəcə olaraq öz torpaqlarını, maraqlarını müdafiə edir və öz siyasətini ədalətlə aparır.

Azərbaycan Ordusunun qüdrəti, gücü ondadır ki, bu ordunun generalı cəbhənin önündə, cəbhədə şəhid olur. Bu, ordumuzun vətənpərvərlik ruhunun yüksəkliyinin, Vətənə, torpağa sevgisinin əyani təzahürüdür.

Cənab Prezident İlham Əliyev sentyabrın 21-də BMT-nin 75 illiyinə həsr olunan Yüksək səviyyəli iclasda bildirib ki, Ermənistan öz öhdəliklərini kobud şəkildə pozur, Azərbaycana qarşı hərbi güc tətbiq etməkdə davam edir. Həmçinin bu qətnamələrdə uydurma “Dağlıq Qarabağ xalqı” və onun “təyini-müqəddərat hüququ”nun adı belə çəkilmir, əksinə, Azərbaycana qarşı güc tətbiq edildiyi və onun ərazisinin işğal olunması pislənilib, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, onun beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət etməyin vacibliyi göstərilib, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması təsdiqlənib. İşğalçı qüvvələrin ölkəmizin işğal olunan bütün ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunub. Həmçinin çıxışında Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, işğalçı ölkənin silahlı qüvvələrinin işğal etdiyi torpaqlardan dərhal, qeyd-şərtsiz tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmasının vacibliyini diqqətə çatdırıb.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, artilleriya qurğularından intensiv atəşə tutmaqla növbəti təxribata əl atdılar. Təcavüzkarların Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının bir sıra kəndlərini atəşə tutması nəticəsində mülki Azərbaycan əhalisi arasında itkilər və yaralananlar var. Təcavüzkarlar atəşkəs rejiminin qüvvədə olmasına baxmayaraq, cəbhə xəttində və sərhəd bölgələrində Cenevrə Konvensiyasının şərtlərinə məhəl qoymadan Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini hədəfə alaraq ağır cinayətlər törətməkdədirlər.

Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən başlayan təxribatlarının qarşısını almaq, 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımızın azad edilməsi və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusunun bütün cəbhə boyu əks-hücum əməliyyatına başlamasını bütün Azərbaycan xalqı çoxdan gözləyirdi. Qısa müddətdə bütün xalqımızın, soydaşlarımızın, ictimai-siyasi qüvvələrin Ali Baş Komandanın, cənab Prezidentin ətrafında sıx birliyi yarandı.

Ermənistanın növbəti təxribatının qarşısını alan qüdrətli Azərbaycan Ordusunun bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması ölkə ictimaiyyətinin, siyasi təşkilatların və partiyaların sevincinə səbəb olub. Çünki bu günü xalqımız səbirsizliklə gözləyirdi. Torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsinin başlanması həm də Azərbaycan xalqının həmrəyliyini, o cümlədən siyasi baxışlarından asılı olmayaraq, dövlətçilik və milli maraqları rəhbər tutan bütün partiyaların Azərbaycan Prezidentinin ətrafında sıx birləşməsinə səbəb oldu.

Cənab Prezident bildirir: “Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan hərbi birləşmələrinin heç bir hədəfi, heç bir məqsədi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və torpaqlarımızı işğaldan azad edəcəyik”. Ona görə də sentyabrın 27-də ordumuzun əks-hücumundan sonra, indi Azərbaycanı tez-tez sülhə, danışıqlara dəvət edən xarici dövlətlər, beynəlxalq qurumlar cənab İlham Əliyevin bu fikrinə diqqət yetirsinlər. Qələbələr münasibətilə Azərbaycan xalqını təbrik edən dövlətimizin başçısı bildirib: “Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər. Baxmayaraq ki, artıq onların ocaqları vəhşilər tərəfindən dağıdılıb. Baxın Ağdam şəhərinin qalıqlarına. Baxın Füzuli şəhərinin qalıqlarına. Baxın işğal edilmiş ərazilərdə bizim məscidlərimizin, qəbiristanlıqarımızın dağılmış vəziyyətinə. Bütün bunları erməni cəlladları törədib və biz tam haqlıyıq. Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan ordusunun yanındadır. Otuz ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq”. Ölkə başçısının bu fikirləri Azərbaycan əsgərinə sonsuz güvəncin göstəricisi, Böyük Qələbəyə inamın təzahürüdür.

Əminik ki, şanlı ordumuzun tarixi qələbəsi nəticəsində Azərbaycan bayrağı tezliklə Şuşada, Xankəndidə, işğaldan azad olunmuş digər torpaqlarımızda, Azadlıq Meydanında dalğalanacaq. Biz o günü səbirsizliklə gözləyirik.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?