KÖŞƏ

Elçin Zaman

Şeytanla əməkdaşlığın hazır düsturu

10 iyun 2019 10:34
5385

Ölkəmizdə dağıdıcı müxalifət bundan sonra da antimilli fəaliyyətini davam etdirməyə çalışsa, cəmiyyətimizin onlara münasibəti daha da kəskinləşəcək.  Çünki xalqımız aydın şəkildə görür ki, Azərbaycanın dinamik inkişafı, beynəlxalq mövqeyinin mütəmadi olaraq güclənməsi anti- Azərbaycan dairələrdə narahatlıq yaradır və həmin qüvvələr dövlətimizə qarşı ölkə daxilindəki dağıdıcı müxalifətdən istifadə edirlər. Məqsədləri isə birmənalıdır: geosiyasi təzyiqlərlə ölkəmizdə siyasi xaos, iqtisadi tənəzzül yaratmaq.

Təbii ki, həm dağıdıcı müxalifətin, həm də onların xarici havadarlarının bu rəzilliklərinin nəticəsi sıfıra bərabərdir.  Ona görə ki, bu gün Azərbaycanda ictimai-siyasi sabitlik mövcuddur  və onun milli təhlükəsizliyi etibarlı şəkildə qorunur. Xüsusilə Azərbaycanda xalq- iqtidar birliyinin daha da möhkəmlənməsi bu antimillilərin əl-qolunu bağlayan çox önəmli amilə çevrilib.

Bir sözlə, mövcud daxili siyasi panorama belədir:  Azərbaycan xalqı radikal müxalifəti qəbul etmir, “beşinci kolon”un dağıdıcı fəaliyyətinə kəskin etirazını bildirir. Amma nə edəsən ki, onlar bu ictimai qınaqlardan və etirazlardan nəinki nəticə çıxarmırlar, hətta daha da radikallaşırlar. Düzdür, istər dağıdıcı müxalifət, istərsə də onların xaricdəki havadarları anlayırlar ki, onlar o qədər zəifdirlər ki, hətta  Azərbaycanda ictimai-siyasi situasiyaya az da olsa təsir edə bilmirlər. Məhz bütün bunları anlayan dağıdıcı düşərgənin  nəinki sıravi üzvləri, hətta funksionerləri belə partiyalarından istefa verirlər. Əslində isə bu kütləvi istefalar Azərbaycan vətəndaşlarının bu partiyaların ölkədəki sabitliyi pozmaq istiqamətində fəaliyyətinə sərt mövqe sərgiləməsidir. 

Son bir il ərzində dağıdıcı müxalifətin mitinqlər keçirmək həvəsinə düşməsi faktı isə onu göstərir ki, onlar xaricdən alacaqları maliyyə qrantlarının miqdarını artırmaq arzusundadırlar. Baxmayaraq ki, hazırda bu cür aksiyaların keçirilməsi üçün cəmiyyətdə hansısa səbəb yoxdur. O cümlədən seçkilər dönəmi deyil. Əksinə ölkədə çox mühüm iqtisadi və struktur islahatları həyata keçirilir. 

Əslində, onların bu mitinq şouları ona hesablanıb ki, özlərinin varlıqlarını xarici havadarlarına göstərsinlər. Onlara fərq etməz mitinqə nə qədər adam gəlib-200, 300... Əsas odur ki, həmin mitinqlərdə hakimiyyətə və Azərbaycan dövlətinə təhqirlər, böhtanlar yağdırılsın, erməni ruhlu bəyanatlar verilsin.

Ən acınacaqlısı isə odur ki, müxalifət başçılarının mitinqdəki çıxışları  təkrarçılıqdır. Bu onu göstərir ki, özünü müxalifət hesab edən partiyaların rəhbərləri cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmirlər və onların cəmiyyətdə nöqsan hesab etdikləri məsələlərlə bağlı hansısa ciddi  təklifləri və proqramları belə yoxdur. Yəni dağıdıcıların hətta  son mitinqlərində 25 ildən çox dəyişməyən eyni simalar tərəfindən eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər  yenidən təkrarlandı. Çıxışları, irəli sürdükləri iddialar bir daha təsdiq etdi ki, onlar dağıdıcılıq əməllərindən, sabitliyin pozulması yolu ilə hakimiyyəti zəbt etmək niyyətindən əl çəkməyiblər.

Ən böyük rəzillik isə odur ki, dağıdıcı düşərgənin “başbilənləri” öz iddialarını reallaşdırmaq üçün Azərbaycanın Suriyanın, Liviyanın və digər hazırda vətəndaş qarşıdurması gedən digər ölkələrin vəziyyətinə düşməsini arzulayırlar. Sosial dayaqlarını itirmiş radikal müxalifət başçıları və onların azsaylı tərəfdarları iqtidarın uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın hərtərəfli inkişafını gördükləri və bu vəziyyətin onların hakimiyyətə gəlmək perspektivlərinin üzərindən birdəfəlik xətt çəkdiyini dərk etdikləri üçün anti-Azərbaycan, o cümlədən ermənipərəst dairələrlə işbirliyinə gedirlər. Çünki özləri demişlər, məqsədlərinə çatmaq üçün şeytanla da əməkdaşlığa hazırdırlar.