23 noyabr 2020 18:39
1250

Tanınmış insanların maraqlı yemək seçimləri

Məşhur insanlar yalnız qeyri-adi  hərəkətləri ilə deyil, fərqli yemək seçimləri ilə də ətrafı təəccübləndirirlər. Bu yazıda bəzi siyasətçilərin və iş adamlarının maraqlı yemək seçimlərindən bəhs edəcəyik.

Mark Zukerberq

"Facebook"un yaradıcısı və hal-hazırda rəhbəri olan  Mark Zukerberq yeməyə qarşı çox seçici bir insandır. O, çox nadir hallarda bahalı restoranlara gedir və əsasən ev yeməklərinə üstünlük verir. Məsələn, 2011-ci ildə yalnız öz əlləri ilə kəsdiyi heyvanın ətini yeyəcəyini elan etmişdir. O, toyuq, keçi və digər heyvanları özü kəsdikdən sonra yeyə bilirdi. Lakin daha sonra o, bu vərdişdən imtina edərək, daha az ət yeməyi üstün tutdu.Hal-hazırda Mark daha çox meyvə-tərəvəzlərə üstünlük verir.

Corc Buş

Corc Buşun brokkolini görməyə gözü yoxdur. O, hakimiyyətdə olduğu vaxt bu bitkini Ağ Evdə, o cümlədən prezidenti daşıyan "Air Force One" aviaşirkətinin təyyarələrində hazırlamağı qadağan etdi.

Vladimir Putin

Rusiya prezidenti Vladimir Putinin qəribə vərdişləri çoxdur. Bu vərdişlərindən biri iş kabinetində içərisində çay olan termosun olmasıdır. O, iş fasilələrində həmin termosdakı çaydan içir.İllər ərzində idman ilə ciddi məşğul olan prezident demək olar ki, yağlı qidalardan çox az istifadə edir. Sağlamığına ciddi fikir verən Vladimir Putin üçün xüsusi düzgün qidalanma rasionu tərtib olunmuşdur.

Barak Obama

ABŞ-ın keşmiş prezidenti  Barak Obama isə əksinə, brokkolini sevimli qidası adlandırır, çuğunduru isə görməyə gözü yoxdur. Lakin keçmiş liderin ən sevdiyi yeməkləri, fastfud mətbəxinə aid olan pizzalar,hamburgerlər və hotdoqlardır.

Roman Abramoviç

İngiltərənin məşhur  “Çelsi” futbol klubunun prezidenti, rusiyalı iş adamı Roman Abramoviç Çukotka qubernatoru olarkən maral ətindən olan xörəklərə o qədər öyrəşmişdi ki, başqa ət məmulatlarını yeyə bilmirdi. Rusiya və xarici bazara kütləvi maral əti ixrac etməyə çalışsa da, onun bu arzusu baş tutmayıb.

Stiv Cobs

“Apple”nin ilk rəhbəri olan Stiv Cobs uzun illər ərzində düzgün qidalanma metodları ilə maraqlanaraq yalnız meyvə-tərəvəz,qoz-fındıq və toxumlar ilə  qidalanıb. Bir müddət sonra isə menyusunu genişləndirsə də, vegetarian olaraq qalıb.

Kim Çen

Şimali Koreya lideri Kim Çen İn köpəkbalığı üzgəclərindən hazırlanan yeməkləri, o cümlədən “Emmental” pendirini sevir. Bu pendir ölkə başçısı üçün xüsusi olaraq gətirilir.

Henri Ford

Avtomobil istehsalçısı Henri Ford sadə və təbii qida tərəfdarı olub. O, hesab edib ki, hətta otlar belə qida üçün yaradılıb. Henri Ford uzun illər ərzində otlardan hazırlanan salatlar və vegetarian buterbrodlar ilə qidalanıb.

Samirə Tağıyeva, “İki sahil”