KÖŞƏ

Nurəddin Muğanlı

Vətən pərvanəsi – qənirsiz Qənirə

18 sentyabr 2020 17:33
3351

“Oxunacaq ən böyük kitab insandır”

Böyük sufi şeyxi, övliya Hacı Bektaş Vəli

YOL: “Tanrım, yaxşılara tən gətir məni” diləyi ilə uzun bir yolçuluğa çıxan Qənirə xanım Paşayeva yoruldum demədən təkcə Odlar yurdumuzun deyil, həm də bütün türk xalqlarının pərvanəsinə dönüb, böyük ümidlərin qanadlarında dünyanı dolanır.  Eramızdan əvvəl yaşamış çin filosofu  Lao Szı “Min  kilometr uzunluğunda olan yol sadəcə bir addımla başlayır” - demişdi.  Amma müasirimiz Qənirə xanımın yozumuna görə Böyük Yol  ilk öncə özünə yolçuluqdan başlayır.

AMAL: Ali məqsədinə, amalına  körpü salan  Yol(lar)la dünyaya Azərbaycan  havası  aparan Qənirə xanımı həmisə VƏTƏN sevgisi əsgər kimi müşayiət edir. Qürbətdə ən yüksək kürsülərdən Vətənimizin Qarabağ  dərdini, XX əsrin  ən dəhşətli bəşəri faciəsinin -  Xocalı soyqırımının  iztirablarını dilə gətirir.  O, “dünyanı”  kəşf etdikcə  onun  köhnəlməyən “yeni-yeni” Azərbaycan sevgisinə yaxından  bələd  olur.  Görüb, duyur, bilir ki,  öz işığını, nurunu  dünyadan  əsirgəməyən  Azərbaycanın başına dünya da elə  pərvanə  kimi  fırlanır.

O,  harda  türk görürsə, ona qürurla, ərklə  ucadan  “Biz Yunis İmrənin nəvələriyik”  - deyir, qəlbindəki  sevgi dolu fikirləri,  duyğuları türkün döyüş  atı kimi şahə qalxır. İçindən şölələnən  türkçülük məşəli dünyanın ən soyuq güşəsində də qədim oğuz boylarından olan adamın içini qızdırır.  O, haqsızlıq və ədalətsizliklərin daha da artdığı bir dünyada özümüzü qoruya bilməyin tək yolu güclü olmaqdan, birlik və bərabərlikdən keçdiyini bəyan edir... Qənirə xanım Türk dünyası gənclərini birliyə, bərabərliyə, bir-birinə daha çox sahiblənməyə və işbirliyini artırmağa çağırır. Türkçülüyün "Böyük şərə qarşı böyük xeyir" düsturunun məntiqini izah edir. Kitabları qardaş Türkiyədə, Özbəkistanda, Azərbaycanın qədim paytaxtı Təbrizdə nəşr olunub.  Səsi  İsraildən, Amerikadan, Qərbi Avropadan, qədim türk ellərindən, oymaqlarından  gəlir. Bir də baxıb  görürsən  ki, o, əsgər qiyafəsində Tovuzdadı... İstər-istəməz bu xanım millət vəkilinin daxili  enerjisinə mat qalırsan!  Düşünürsən, onda  bu qədər enerji  hardandı? 

SEVGİ: Deyirlər, sevgi və mərhəmət duyğusu Tanrıdan, kin və ədavət isə şeytandan qaynaqlanır. Qənirə  Paşayeva  tarixi dəlillərlə Türkiyənin tanınmış Show TV kanalının “Siyasət meydanı” proqramında  erməni araşdırmaçı Harutyun Filyanı təkbətək “döyüşdə” susdurmuşdu.  Eləcə də Azərbaycan nümayəndə heyətinin üzvü kimi AŞPA-da  Zori Balayanın ermənilərin Xocalıda törətdikləri soyqırımından bəhs edən "Ruhumuzun dirçəlişi" kitabı barədə çıxışı terrorçu erməni müəllifin  kürkünə möhkəm birə salmışdı...  

Bir müsahibəsində Şəms Təbrizinin aşiqi olduğunu dilə gətirən Qənirə xanım etiraf edir ki, içimdə bir dərvişlik, sufilik var...

Qənirə xanımın yazır: "Sevgilərin ən alilərindən olan Vətən sevgisi hər bir şəxsə kiçik yaşlarından aşılanmalı, kimliyi, özünüdərki, dünyaya, olaylara, insanlığa baxışı bu sevginin fonunda təcəlla etməli, formalaşmalıdır."  Ona  görə,  ruh hər şeydən yuxarıdı, eşq ağıldan üstündür, dünyaya gərək eşqin gözüylə baxasan... Eləcə də  bütün dünya Yaradanın sevgisidirsə, demək, bundan böyük sevgi yoxdur... Bu gün daha çox  sevgidən  yazmağın vacibliyini izhar edən  Qənirə  xanım “Onun Sevgi məktubları”  kitabında özünün də qeyd etdiyi kimi,  sevginin insanı necə ucaltdığını göstərmək istəyib. “Çox istərdim ki, gənclər bu kitabı iki insanın bir-birinə olan sevgisi kimi yox, onun içərisindəki daha dərin mənaları kəşf edərək oxusunlar.”

Volter deyirdi ki: Yaxşı kitabı ilk dəfə oxuyanda bizə elə gəlir ki, yeni dost qazanmışıq. Həmin kitabı təkrar oxumaq köhnə dostu yenidən görməkdir.  Millət vəkili Qənirə Paşayevanın “Dünyanın itirdiyi böyük insan” kitabı Türk dünyasının qüdrətli  dövlət  xadimi  Mustafa Kamal Paşaya heyranlıq  hissləri ilə  qələmə alınıb...  Qardaş Türkiyə xalqının sevgisini qazanmaq  nə taleyin  işidir, nə də qismətin... Bu sevgini, bu məhəbbəti  Qənirə xanım öz zəhməti  sayəsində, yorulmaz fəaliyyəti ilə qazanıb!

İSTƏK:  Qənirə xanım “İnsan nə istəyir?..”  essesində belə bir insanın obrazını yaradır. Çörəyi daşdan çıxan  kasıbı  göydən gələn mələk hər arzusuna çatdırır. Hətta onu kral edir. Kral özündən də güclü Günəşə dönür, amma yerlə onun arasını bulud kəsir. Mələk onu arzuladığı kimi, bu dəfə də bulud edir, bulud yağışa çevrilir, yağışlar torpağa axır, evləri, tarlaları sel basır. İnsanlar pərişan olur. Amma suların qayalara gücü ərişmir. Bu dəfə  bulud  qaya olmaq istəyir, mələk dərhal onu arzusuna çatdırır. Bu zaman  bir adam gəlib əlindəki çəkiclə ondan parçalar qoparmağa başlayır.  Adamdan zəif olduğunu düşünən  qaya peşmanlıqla hayqırır:“İnsan olmaq istəyirəm!” Mələk onun dilədiyini yerinə yetirir. İnsan yenə də qayalardan daşları qoparmağa davam edir,  işi ağır, qazancı az  osa da həyatı sevir və xoşbəxt olur. Müəllif  oxucusuna həyatın qədrini bilməyi,  hər saniyənin, hər dəqiqənin, hər anın dəyərini bilərək yaşamağı və hər zaman Allaha şükr etməyi tövsiyə edir. “Şükr et! İstədiyini əldə edincə şükr etmək asandır. Sufi, diləyi həyata keçməyəndə də şükr edə biləndir.” (Ş.Təbrizi)

XEYİRXAHLIQ:  Millət vəkili Qənirə Paşayeva "Səni Allaha Eşq götürür"  kitabının imza günündə əldə olunan bütün gəliri  imkansız  bir ailənin ağır cərrahiyə  əməliyyatına ehtiyacı olan 11 yaşlı xəstə qızına bağışladı. Qeyd edək ki, kitabda Qənirə xanımın müxtəlif vaxtlarda yazdığı məqalələr, üzləşdiyi, yaşadığı, şahidi olduğu, duyduğu bir sıra həyat hekayələri, esselər, bəzi şeirləri və paylaşdığı fikirləri (seçmə deyimlər) toplanıb. Kitabda  müəllifin məqsədi maddi dəyərlərə marağın getdikcə artdığı bir dünyada insanları mənəviyyata, həyatın mənasını daha geniş düşünməyə, anlamağa, paylaşmağa çağırmaqdır. Ön söz yazdığı və "Regional hüquqi və iqtisadi maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırovanın rəhbərliyi ilə ərsəyə gələn “Vətən, Bayraq, Millət” şeirlər antologiyası  da Qənirə xanımın xeyirxahlığının bariz nümünəsidir. Gənclərimizə vətənpərvərlik ruhu aşılayan - Vətən andı, torpaq məhəbbəti, həyat-tale və başqa ictimai mövzularda yazılmış ən gözəl 100 şeirin toplandığı  kitab diaspor təşkilatlarına, universitetlərə, kitabxanalara və gənclər mərkəzlərinə hədiyyə edilmişdir.

MÖCÜZƏ: Həyatımız Tanrının möcüzələri ilə  zənginləşir. Qənirə xanımın “Möcüzələrə inanırsınızmı?” adlı bədii - publisistik, həm də sufiyana ovqatla qələmə aldığı  gerçək həyat hekayəsi, əslində  böyük romanın mövzusudur. “Dünya qəlbində sabaha ümidi bol olanlarındı… Dünya qara gələn qaranlığa şam ola bilənlərindi” deyən müəllif əlil arabasına möhtac olan  Aybəniz adlı  bir xanımın həyatına, iztirabları, nisgili və iç dünyasına işıq salır: “Taleyi ona bəxş etdiyi gözəlliyi, həyat sevgisini, inamı, inadı ayaqlarında saxlamışdı. Elə bil sonsuz göylərin əngin dərinliklərində uçmaq həvəsiylə dünyaya göz açan quşcuğaz qanadlarından vurulmuşdu; cəhd edirdi, çabalayırdı, bütün iradəsini, qüvvəsini toparlayırdı, ancaq heysiz qanadları hər dəfə onu yenidən məyus edirdi. Geniş qanadları uçmağa həsrət bir quş taleyini yaşayırdı balaca Aybəniz.”  Övladının “yeriyən ayaqları”  olmağı azru edən  ana, “buxovlu ayaqlarının xəcalətini çəkən” qızcığaz, Sınıqçı Nəriman kişi,   boğazından qıpqırmızı qan fışqıran at,  “o yazıq atın qanını  ləzzətlə yalayıb, sümüyünü gəmirən kənd itlərinin “bayram etməsi” , Aybənizin yeriyən ayaqları, gülən gözləri  olmaq istəyən Bəynəzər və sairə epizodlar qəmli bir filmin epizodları kimi göz önündə canlanır.

VAXT: O, canına-iliyinə uşaqlıq çağlarından hopmuş vaxtı idarə etməyi məharətlə bacarır. Bəlkə elə ona görə də bir kitabına “Hesab vaxtı" adı verib.  Vaxtilə  tele –jurnalist kimi qaynar nöqtələrə getdiyi  vədələrdə “Dünyanı yalnız bir əl idarə edir, o da Tanrının əlidir” deyiminə inam hissi  onu dəfələrlə ölümdən qurtarmışdı. Dünayanın qan çanağı, hər tərəfi ölüm qorxulu Əfqanstanda olmuşdu,  Bağdadda qaldığı oteli tərk edəndən  yarım saat sonra ora  bombalanmışdı, “Röyter”in jurnalisti Qənirənin gözü qabağında öldürülmüşdü. Həkim kimi işləməsə də, bu ixtisas üzrə aldığı bilik 2012-ci ildə Somalidə onun köməyinə çatmışdı.

 Dörd çağırış  ardbard Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilən   Qənirə xanımla  ən dar məqamda – qısa vaxt çərçivəsində kəlmə kəsmək  Allahın ona  bəxş etdiyi əsl sadəliklə tanış olmaq imkanıdı... Haqsızlıq görməkdən yorulan insanlarla həmsöhbət olmaq üçün görəsən  bir millət vəkilində daha hansı insani keyfiyyətlər olmalıdır?  Qənirə xanımla  söhbət edən  adamın  daxilində sabaha inam hissi baş qaldırır. 

QAPI: Qənirə Paşayevanın özbək dilində “Aç qapını” adlı kitabı çap olunub. Mən  ötən il Özbəkistanda təqdimatı keçirilən o kitab haqqında yox,  bu  ilin  martından Milli Məclisdə Mədəniyyət komitəsinin sədri  missiyasını yerinə yetirən Qənirə Paşayevanın hamının üzünə açıq olan qapısından söhbət açmaq istərdim. Günlərin bir günü bu qapıya təşrif gətirən balaca rəssamla Qənirə xanımın söhbətinə qulaq müsafiri oldum. “Biləsuvarda sərgini təşkil edəndən sonra mənə zəng elə, o sərgiyə deputat həmkarlarımı da dəvət edəcəyəm, bəyəndikləri şəkillərindən alacaqlar.” Sonra mən o balaca rəssamın daxilinə dolan işığı  gördüm. O  işığın zərrələrindən tuta-tuta  çəkdiyi rəsm əsərlərindən birini Qənirə xanıma “hədiyyə” gətirmişdi.  O balaca rəssamın içində vurnuxan ilahi  musiqi fırçasında “gül” açmışdı.

  O  gün  illərlə meşin qapılar arxasında  vaxt itirən,  həmin qapılardan içəriyə nə özü, nə sözü keçən yaradıcı adamları göz önünə gətirdim. Sevindim ki, o  balaca rəssamın üzünə  açılan qapı onun istedadına qol-qanad verəcək. O gündən  içimdə yorulmadan qaçan atın ayaq səslərini eşidirəm. Oğuz elinin əfşar boyundan  Böyük yola çıxan atlı keçmişdən gələcəyə -Turan  elinə gedirdi...

Nurəddin Muğanlı,

“İki sahil”