KÖŞƏ

Cavid Əkbərov

Radikal müxalifətin “qohum-əqrəba” aksiyası yenə fiaskoya uğradı

22 noyabr 2018 14:27
5815

Azərbaycan xalqı yaxşı bilir ki, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digər antimilli ünsürlərin əsas məqsədi müxtəlif bəhanələr gətirərək ölkəmizin demokratik nüfuzuna zərbə vurmaqdır. Çünki onlar iqtidara qarşı başqa heç cür mübarizə apara bilmirlər. Ölkədə sosialyönümlü siyasətin həyata keçirilməsi, yeni iş yerlərinin yaradılması və s. bu kimi mühüm addımları görən müxalifət yaxşı bilir ki, onların əlində iqtidarı tənqid etmək üçün əsaslı səbəb yoxdur. Məhz bu səbəbdən də xaricdəki ağalarının “xeyir-duası” ilə hər vəchlə aranı qarışdırmağa çalışır, ölkədə xaos, anarxiya mühiti yaratmaq üçün dəridən-qabıqdan çıxırlar.

Noyabrın 17-də Əli Kərimli və digər müxalifət partiyalarının sədrləri yığışaraq Milli Dirçəliş Günü ilə bağlı tədbir keçirdilər. Heç şübhəsiz ki, onların bu tədbirləri həmişəki kimi kifayət qədər mənasız bir tədbir idi. Sonda sadəcə, dağılışıb evə getmək olardı. Digər partiya sədrləri məhz belə də etdilər. Amma belə görünür ki, Əli Kərimlinin planı tamamilə başqa idi. Milli Dirçəliş Günü ilə bağlı keçiriləcəyi iddia olunan qanunsuz aksiya “Milli Şura”nın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli tərəfindən idarə olunub, onlar qanunsuz aksiyanın iştirakçılarını polislə toqquşmaya təhrik ediblər.

Hər şey ondan başladı ki, AXCP-nin yaramaz sədri Əli Kərimli öz feysbuk səhifəsindən etdiyi canlı yayımda insanları icazəsiz yürüşə çağırdı. Son zamanlar sosial şəbəkələrdə təşkil olunan canlı yayımlardakı iştirakı nəzərə alınmasa, Əli Kərimlinin varlığı ilə yoxluğu bilinmirdi. Belə olduqda diqqəti cəlb etməyin ən yaxşı yolu icazəsiz aksiya idi ki, Ə.Kərimli məhz bu yola əl atdı.

Maraqlıdır ki, buna qədər aksiyalarına Bakı Şəhər İcra Hakimiyyətindən icazə alan Əli Kərimli bu dəfə belə etmədi. Əvvəlcədən planlaşdırıldığı kimi canlı yayımda dəfələrlə yürüş-mitinqə çağırışlar səsləndi. Təxribat törətmək və həbs olunaraq ajiotaj yaratmaq üçün məqsədli şəkildə gediş etdi. Şəhidlər xiyabanında keçirilməsi nəzərdə tutulan yürüş-mitinqə “ziyarət” adının qoyulması isə onun kütlənin hissləri ilə oynamaq cəhdindən xəbər verirdi.

Bu addımları həm də onu göstərirdi ki, Ə.Kərimli və ətrafındakılar hələ də meydan hərəkatı ab-havasındadırlar. 2018-ci ildə olsalar da, təfəkkürləri 80-ci illərin sonlarında qalıb. Onlar elə dərk edirlər ki, hələ də 80-ci illərin axırlarıdır və camaatı küçələrə çağırmaqla, qanunu, asayişi pozmaqla nəyəsə nail ola bilərlər. Amma başa düşmək istəmirlər ki, hər bir dövrün öz reallığı var. Anarxiya, başıpozuqluq, qanunsuzluq və kütlədən istifadə etmək 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində qaldı.

Bu gün Azərbaycan hüquqi, demokratik dövlətdir və mütərəqqi qanunlarla idarə olunur. Həmin qanunları pozanlar hər bir hərəkətinə görə məsuliyyət daşıyırlar. Yəni, heç şübhəsiz ki, Əli Kərimli olmaq ona qanunu pozmaq imtiyazı vermir. Ə.Kərimli və onun yaramaz dəstəsi bunu nə qədər tez dərk edib meydan havasından uzaqlaşsa, o qədər yaxşı olar.