KÖŞƏ

Sevinc Mürvətqızı

04 yanvar 2019 10:36
3483

Uğurlarımızın peşəkar və fədakar ünvanı

Qışın oğlan çağında,  şaxtalı havaların sazağının əlimizi, üzümüzü daladığı vaxtlarda istər-istəməz adamın ağlına “görəsən, bu soyuqda, ayazda kimlər çöldədir”sualı gəlir. Empatiya duyğusu ruhumuza daha artıq əziyyət verməsin deyə, özümüzü aldadan “indi hamı evində-eşiyindədir” cavabımız da əvvəldən hazır olur çox vaxt.

Amma bu özünüaldatmaya və “hazır cavab”a baxmadan qışın sazağının iliyi dondurduğu vaxtlarda açıq havada çalışan, sadəcə ailəsinin güzəranını deyil, Vətənin inkişafını düşünən peşə sahibləri var. Belə təhlükəli, çətin və şərəfli peşələrdən biri də neftçilik peşəsidir. Neftçilər də  bəzən eynən hərbçilər kimi Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft sənayesinin inkişafı, dolayısı ilə də ölkəmizin rifahı naminə günlərlə dənizdə ölümlə burun-buruna dayanırlar.

Neftçilik dünyada ən təhlükəli peşələrdən sayılır. El arasında bəzən “Dənizin Allahı olmaz” deyərlər. İllah da bu dəniz ipə-sapa yatmayan Xəzərdirsə... Amma Xəzər nə qədər dəlisov, nə qədər çılğın və öz nemətini insanlara verməmək üçün hər nə qədər xəsislik etmək istəsə də, Azərbaycan neftçisindən güclü ola bilməz. Ümummilli lider Heydər Əliyev Azərbaycan neftçisini qəhrəman hesab edirdi. Çünki  çətin və təhlükəli şəraitdə çalışan Azərbaycan neftçisinin  respublika iqtisadiyyatının inkişafında müstəsna xidmətləri var. 

1994-cü il sentyabrın 20-də Ulu Öndərin imzası ilə reallaşan “Əsrin müqaviləsi” həm də Azərbaycan neftçisinin uğur və nailiyyətlərinin gerçəkləşməsi idi. Bu kontrakt həm də illərlə -həm çar Rusiyası, həm sovet dövründə  öz təbii sərvətinə-neftinə müstəqil şəkildə sahib ola bilməyən Azərbaycanın artıq suveren bir ölkə olaraq öz yeraltı və yerüstü sərvətlərinə sahib çıxmasının ən parlaq göstəricisi idi. Bu, sonrakı illərdə Azərbaycan əhalisinin firavanlığı, güclü təhsil və səhiyyəsi, dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycanın Silahlı Qüvvələri deməkdir. Bu gün Azərbaycan neftçisi öz peşəkarlığı, çalışqanlığı və fədakarlığı ilə çiyin-çiyinə çalışdığı ən yüksək səviyyəli xarici həmkarlarını heyran qoyur. Bununla da Azərbaycan neftçisi Odlar Yurdunun atəş ramedicisi olduğunu, fitrətən neftçi olduğunu bir daha isbatlayır. Azərbaycan neftçisi təkçə bu gün üçün deyil, gələcək nəsil üçün çalışır.

2017-ci il sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və neft hasilatının pay bölgüsü haqqında yeni Sazişinin imzalanması zamanı Azərbaycan Prezidenti  Ulu Öndərin müəllifi olduğu “Əsrin kontraktı” haqqında da fikir söyləmişdi. Bununla da Prezident yeni Sazişin 1994-cü il sentyabrın 20-də imzalanan kontraktın məntiqi davamı olduğunu diqqətə çatdırmışdı. Həmin Sazişə əsasən, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yataqları blokunun işlənilməsində yeni dövrə başlanılıb. Sazişi Azərbaycan hökumətinin, SOCAR-ın, BP, “Chevron”, IMPEX, “Statoil”, “ExxonMobil”, “TP”, ITOCHU və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzalayıblar. Hasilatın Pay Bölgüsü haqqında yenidən işlənmiş və 2050-ci ilə qədər uzadılmış Sazişə əsasən, BP fəaliyyətini layihənin operatoru kimi davam etdirir, SOCAR-ın payı 11 faizdən 25 faizə qədər artırılır, mənfəət neftinin isə 75 faizi Azərbaycana qalır. Bu Sazişin ardınca SOCAR və tərəfdaşları arasında “Azəri-Çıraq-Günəşli” müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirilməsi məqsədilə mühəndis-layihə işlərinin aparılması haqqında razılaşma əldə olunub.

“Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın neft strategiyasının yeni mərhələsinin əsasını qoymaqla yanaşı, müasir Azərbaycan tarixində yeni eranın başlanması, ölkənin siyasi və iqtisadi təhlükəsizliyinə əlavə təminat, yeni investisiya qoyuluşu, ÜDM-in artımı, yeni iş yerləri və sosial rifahın yaxşılaşdırılması deməkdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev 1994-cü ildə,  ölkəmizdə xəzinənin boş olduğu, inkişaf üçün  heç bir imkanın olmadığı bir vaxtda ulu öndər Heydər Əliyevin çox böyük tarixi bir missiyanı həyata keçirdiyini yeni Sazişin imzalanması mərasimində belə qiymətləndirmişdi: “...Belə bir vəziyyətdə xarici böyük neft şirkətlərini inandırmaq, onları Azərbaycana cəlb etmək əlbəttə ki, böyük müdriklik, bacarıq, səriştə və siyasi təcrübə tələb edirdi. Heydər Əliyev bu tarixi missiyanı uğurla icra etdi. Azərbaycan o vaxt çox riskli bir yer sayılırdı və belə bir vəziyyətdə 1994-cü ildə “Əsrin kontraktı”nın imzalanması, ölkəmizə böyük sərmayə qoyuluşunun cəlb edilməsi doğrudan da tarixi nailiyyətdir. O gündən 23 il keçir. Əminəm ki, bundan sonra da BP ilə SOCAR uzun illər ərzində Azərbaycanın neft-qaz yataqlarının işlənilməsinin uğurunu təmin edəcəklər.

 “Əsrin kontraktı” bizə imkan verdi ki, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldək. Bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün.

“Əsrin kontraktı” ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biridir. Bu gün bütün Azərbaycan xalqı bu kontraktın gözəl nəticələrini öz həyatında görür”. 

Cənab Prezident sözügedən imzalanma mərasimində vurğulamışdı ki, 23 ildən sonra Ulu Öndərin adını daşıyan  möhtəşəm, dünya miqyasında ən gözəl memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzində yenə də “Azəri-Çıraq-Günəşli” yatağı üzrə imzalanma mərasiminin keçirilməsi Azərbaycanda Heydər Əliyev siyasətinin yaşadığının və bundan sonra da yaşayacağının sübutudur.

Yeni Sazişin imzalandığı həmin tarixi gündə Prezident İlham Əliyev təbii ki, əzmkar və fədakar Azərbaycan neftçilərinin fəaliyyətini xüsusilə vurğulamağı da unutmamışdı: “Mən Azərbaycan neftçilərinin fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Azərbaycan o ölkədir ki, burada 1846-cı ildə dünya miqyasında sənaye üsulu ilə ilk neft hasil edilmişdir. Birinci neft buruğu artıq bir tarixi abidə kimi qorunur və şəhərimizin mərkəzində yerləşir. Azərbaycanda ilk dəfə dünya miqyasında dənizdən də neft çıxarılmışdır - XX əsrin ortalarında “Neft Daşları”ndan. Yəni bizim çox böyük və zəngin ənənələrimiz var. Azərbaycan neftçiləri bütün dövrlərdə öz fədakarlığı, peşəkarlığı ilə cəmiyyətdə çox böyük hörmət qazanmışlar. Azərbaycanda neftçi peşəsi çox hörmətli peşədir. Mən Dövlət Neft Şirkətində doqquz il çalışmış bir insan kimi, özümü də müəyyən dərəcədə neftçi hesab edirəm. Bütün bu uğurlarımızın əldə edilməsində Azərbaycan neftçilərinin çox böyük xidməti, zəhməti, böyük payı var...”

Sevinc Abdullayeva, “İki sahil”