KÖŞƏ

Sevinc Mürvətqızı

“Söylə... ürəyincəmi?”

08 may 2019 20:52
2989

...Vaxt keçir, vədə dolanır, biri(ləri) üçün dediklərin, yazdıqların və etdiklərin üçün hansısa “mübarək” günün birində mütləq peşman olursan. Və bu peşmanlıqdan doğan məyusluq iliklərinəcən elə işləyir ki, indiyəcən oxuduğun və yazdığın hər şeyi, bəxtinə yazılan bütün cızma-qaraları (alnındakı da daxil olmaqla), etdiyin bütün fədakarlıqları didik-didik olmuş ruhuna sarıyıb ərşə tolazlamaq istəyirsən...

Bəs nə sanırdın? Yoxsa elə bilirdin ki, çoxlarının nəinki baş açmadığı, heç fərqinə belə varmadığı, ağlının ucundan belə keçirmədiyi - bədəndə və beyində gedən müxtəlif kimyəvi, fizioloji, bioloji prosesləri, mənəvi təbəddülatları, ruhi böhranları sözə çevirmə bacarığın, gözlə görünməyən duyğuların əsl mahiyyətini anlamaq qabiliyyətin düzəni pozulan narahat ruhuna əvəzsiz şəkildə lütf edilib? Heç fəhm eləmirdin ki, gec-tez o mürəkkəblikdə gedişatı sözə, kəlməyə, ibarəyə, cümləyə, mətnə çevirmək istedadının ödənişi ölçüsüz peşmanlıqdı, miqyassız məyusluq olacaq? Yaşanan məyusluğun miqyasını tam görmək üçün öz “müdrikləşmə” dərəcəni görə bilsən kifayətdir... İnsan anadan müdrik doğulmur, ya səni yaxşıca “başa salıb”- müdrik edirlər, ya da doğulduğuna peşman. Məyusluq müdrikliklə düz mütənasibdir. Nə qədər çox məyusluq yaşayırsansa, bir o qədər sakit, soyuqqanlı, rasional və müdrik olursan. Anlayırsan ki, gözündə böyütdüyün dəyər-filan deyilmiş, hər nəymişsə bilmirəm, sən özün onu dəyərə mindirməyə çalışmısan. Çalışmağına çalışmısan, amma alınmayıb, sürüşüb hər dəfə ayaq altına düşüb. Bax, müdrikləşmə prosesinə də onda start verilib. Məyusluq dərəcəsi yüksək olduqca, bu “proses” bir o qədər sürətli və keyfiyyətli gedir.

Əvvəlcə xatirələr burulğanında fırlana-fırlana dibə gedirsən, qayda budur. Sonra yenidən qalxırsan, ilk başda qorxu alır canını, amma mütləq qalxırsan. Əvvəlcə can ərazinə düşmüş minanın təsiri ilə ortalığa səpələnmiş tikə-parça xəyalların dağıntıları altında ələgələsi sağ nəsə tapmaq ümidiylə dolaşırsan bu mənhus xarabalığı... Hələ “partlayış” gözlənilmədən olubsa, bu, lap işin xeyrinədir. İlk şok effekti keçər-keçməz özünə gəlməyə başlayırsan. Zaman keçdikcə, düz canının özəyindən vuranların gözünün içinə sakitcə baxmağı da, hətta üzlərinə içdən gülümsəmək vərdişin də yaranır. Unudursan bütün umu-küsüləri, nə özünü, nə də başqalarını qınamırsan artıq, günahlandırmaqdan vaz keçirsən. Sadəcə, əvvəllər dolu zənn etdiyin yeri boş görürsən. Və ən maraqlısı da budur ki, o boş yer səni incitmir, üzmür artıq. Sənə necə lazımdır “anladırlar” ki, yiyə durmaqla yiyələnmək ayrı-ayrı anlayışlardır... Bu “könül”lü anlatma nəticəsində də yiyə durmağın böyüklük, yiyələnmənin kiçiklik nişanəsi olduğunu dərk etməyin bir azca zaman alır. Məhz yetkin olmayanlardan “dərs alıb” yetkinləşirsən.

Ən çılğın, dəli-dolu birisi belə məyusluqdan sonra yaxşıca ipə-sapa yatır... Düzdür, ayaq üstəsən, zahirən yıxılmamısan, amma zərbənin təsirindən hələ də səndələyirsən, “ani partlayış”dan sonra bir müddət ruhunun qulağı batır, deyiləni eşitmirsən, kimsə nəsə söyləyəndə də elə bil boşuna ağzını açıb-yumur, nə demək istədiyini anlaya bilmirsən, amma sonra vəziyyət düzəlir. Ruhun müvazinətini bərpa edən kimi, məyusluğun sərxoşluğundan yaranan ağır “deliriy” halı keçən kimi alınmağa başlayır.

...Sonra yenidən gülümsəyirsən və necə də sevinirsən hələ gülümsəməyi yadırğamadığına: əvvəlcə küçədə anasının əlindən yapışıb dil-boğaza qoymadan danışan şirin uşağa, sonra sənə yol vermək üçün ehtiramla kənara çəkilən yeniyetməyə, sonra oturmaq üçün yer elədiyin nurani ağbirçəyə, sonra ilk görüşə getdiyini gözünün təsvirəgəlməz parıltısı ilə ələ verən gənc qıza, sonra... sonra... və beləcə bütün insanlara, həyata gülümsəyirsən.

Yenidən özünü sevməyə başlayırsan, səni sevməyənlərin yerinə də sevirsən, özünlə dopdolu bir təklik yol yoldaşın olur, görürsən ki, sənə özündən yaxın heç kim yoxmuş. “Stəkanda fırtınalar”, “qaşıq dərinliyi” artıq “boğulmağına” yox, səni əyləndirməyə xidmət edir bundan sonra...Ya sən böyüyürsən, ya da kim(lər)sə kiçilir, hər nə səbəbdənsə, indiyədək horizontal yanaşdığ(lar)ınla arandakı şaquli məsafə gözişləməz olur... Zamanla yenidən ümid etməyi, rəngli xəyallar qurmağı öyrənirsən. Amma əvəzində inanmaq hissini itirirsən, artıq insanların gözünə baxmaqla ürəklərindən keçəni maqnit-rezonans tomoqrafiyası kimi müəyyənləşdirməyi bacarırsan - sıfır tam yüzdə bir dəqiqliyinəcən...

Bəzilərinin beyninin içi ekran kimi açılır: görürsən, orada qırx tülkü dolaşır, hamısının da quyruğu bir-birinə dolaşıb. Bütün bunları “görməyə” başlamısansa, demək ki, böyümüsən, bağışlayası, unudası və cismini də götürüb ruhunun aid olduğu yerə gedəsi qədər böyümüsən. Və beləcə ürəyində “tellərindən incə” bir arzu tutub qaldığın yerdən davam edirsən... “Söylə... ürəyincəmi?”