KÖŞƏ

Sevinc Mürvətqızı

Rusiyalı hərbi ekspert Sarkisyanın “millət-ordu” konsepsiyasını yıxıb-sürüdü

28 aprel 2017 23:44
1950

Düşmən ölkənin prezidenti Sarkisyanın hakimiyyəti əlində saxlamağa və 2018-ci ildə dövlət başçısı postunda qalmağa hesablanmış “millət-ordu” konsepsiyası ətrafındakı ölkədaxili tənqidlər, ittihamlar səngimək bilmir. Bu məsələ artıq ölkə ərazisinin sərhədlərini də aşır desək, yanılmarıq. Belə ki, bu dəfə beynəlxalq aləmdə ermənipərəstliyi ilə seçilən Rusiyanın hərbi eksperti Pavel Felqanquer Ermənistanın birinci informasiya agentliyinə verdiyi müsahibəsində sözügedən konsepsiyaya toxunaraq qeyri-ciddi yanaşma ortaya qoyub.

Erməni jurnalistin mövzu ilə bağlı sualını cavablandıran rusiyalı hərbi ekspert bildirib ki, konsepsiyada Ermənistanın konkret olaraq nə təklif etməsi aydın şəkildə göstərilmir və insanlarda bir növ çaşqınlıq yaradır. Pavel Felqanquer bənzər sistemlərin Norveçdə, İsveçrədə və İsraildə də olduğunu qeyd edərək, bunun müharibə zamanı ümumi səfərbərliyin qısa müddətdə həyata keçirilməsi üçün yaxşı vasitə olduğunu bildirib: “Bunu ümumi səfərbərlik sistemi” də adlandırırlar. Amma Ermənistanda da eyni sistemin reallaşacağı o qədər də inandırıcı görünmür. Vaxtilə Saakaşvili və onun nazirləri də buna oxşar modeldən danışırdılar. Həmin vaxt Gürcüstan ümumxalq müdafiəsinə hazırlaşırdı və eyni zamanda Rusiya ilə münaqişədə idi. Kağızda bu, heç də pis görünməsə də, reallıqda heç nə əldə olunmadı. Bəlkə Ermənistan bu məsələyə ayrı nöqteyi-nəzərdən yanaşır, deyə bilmərəm. Amma bunu bəyan etmək həyata keçirməkdən daha asandır”.

Hərbi ekspert sözügedən konsepsiyaya “xala xətrin qalmasın” mövqeyindən yanaşaraq, bunu belə əsaslandırıb ki, hakimiyyət xalqı müharibə vəziyyətinə hazırlayır: “O zaman Gürcüstanda “Milli qvardiya” yaradıldı. Onlarda diqqəti cəlb edən və gözəl hərbi ekipirovkalar var idi. Ara-sıra toplanırdılar. Lakin 2008-ci il gəldi və bundan sonra bəlli oldu ki, onların heç bir əhəmiyyəti yox imiş. Onlar yalnız ayaq altına ilişdilər. Beləliklə, könüllülərin səmərəli tərəfləri ilə yanaşı, səmərəsiz və uğursuz tərəfləri də ortaya çıxdı”.

Pavel Felqanquer Türkiyə və Azərbaycanın Ermənistana düşmən ölkə olduğunu deyərək bildirib ki, bu ölkələr Ermənistan ordusunu istər canlı, istərsə texniki, istərsə də silah baxımından üstələyir: “Ona görə də ermənilər türklərin qarşısında durmaq üçün hər an hazır olmalıdırlar. Sadəcə konsepsiya ətrafında bəyanatlar vermək azdır. Mən bilmirəm, bu Ermənistanda baş tutacaq, ya yox. Düşünürəm ki, həmin istiqamətə xərclənən pulları oğurlayacaqlar və bununla da hər şey başa çatacaq”.

Rusiyalı hərbi ekspert Serj Sarkisyanın “millət-ordu” konsepsiyasının hələ ki, boş bəyanat olduğunu söyləyərək bunun həyata keçirilməsinin kifayət qədər çətin proses olduğunu vurğulayıb. O, işğalçı ölkə iqtidarının oğrulardan ibarət yığınaq olduğunu da dolayı yolla bildirərək, adıçəkilən konsepsiya istiqamətində xərclənəcək vəsaitlərin yoxa çıxarılacağına eyham vurub. Qısacası, Sarkisyanın “millət-ordu” konsepsiyasının proqnozu elə öz yaxın qonşusu tərəfindən lağ obyektinə çevrilib. Bu isə ermənilər üçün heç də ürəkaçan hal deyildir.