Azər Qismət |
O gün yazıçılarla oturub beynəlxalq mükafatlardan danışırdıq. Gənc yazıçı dedi ki, xaricdəki bəzi nasir həmkarlarımız Azərbaycanın əleyhinə yaman döşəyirlər. Ya “Buker”, ya “Nobel” mükafatına layiq görülən ilk azərbaycanlı olmaq istəyirlər. Bu yerdə kiçik düzəliş etdim ki, “Buker” ingilisdilli ölkələrin yazıçılarına verilir. Deməli, qalır yalnız “Nobel”. Özü də o həmkarlarımız bayrağımızdan tutmuş gerbimizə qədər ayaq altına atmaqdan çəkinmirlər. Bir mükafata görə milli atributlarımızı təhqir edən yazıçının qazanacağı mükafatın iyrəncliyini düşündüm. Bütün bunlar Orxan Pamukun “Nobel” mükafatına layiq görülməsindən başladı.
Pamuk Türkiyə dövlətini söyəndən, bayrağını “güvə yemiş türk bayrağı” adlandırandan, üstəlik erməni soyqırımını tanıyandan sonra ona yaşıl işıq yandırıldı. Allah tərəfi Pamuk əla yazıçıdır, amma Türkiyədə onlarla o cür nasirlər var. Nəyə görəsən o yazıqlar siyahıdan kənarda qaldılar. Pamukun beynəlxalq mükafat alması bizim bəzi nasirlərimizi də həvəsləndirdi. Azərbaycan əleyhinə fikirlər səsləndirib xaricdə sığınacaq aldılar. İnsan xaricdə yaşamaq, kitablarını dərc etdirmək, dünyada tanınmaq istəyir. Buna kimsənin sözü ola bilməz. Azad quşdur, hara istəsə uçar. Amma orada oturub bizi yırtıcı gözündə vermək, atributları, milli adət-ənənələrimizi təhqir etmək iyrənclikdən savayı bir şey deyil. Bizim bəzi azərbaycanlı nasirlər elə düşünür ki, yalnız “dissidentliklə” məşğul olub mükafatı Azərbaycana gətirmək mümkündür. Kökündən yanlış fikirdir. Çünki Azərbaycan Amerika Birləşmiş Ştatlarının, eləcə də onun kurasiyasında olan Avropa ölkələrinin starteji nəzərində deyil. ABŞ-ın nəzərində olan ölkələr Rusiya, İran, Əfqanıstan, Pakistan və sairləridir. Azərbaycan kimi kiçik ölkə isə “təhlükəli ölkələr” qrifi altında yerləşdirilməyib. Ondan yalnız əl altında 5-6 nəfəri saxlamaqla nələrəsə güzəşt etdirmək, ya nəsə qoparmaq məqsədi güdülür.
Fikir vermisinizsə, Kann festivalında İran filmləri daha çox mükafat qazanır, özü də ölkələrinin əleyhinə olan filmlər. Niyə əfqan yazıçısı Xalid Hüseynin əsərləri “Nyu-York bestelləri” siyahısına salınır, nəfis tərtibatla nəşr edilir. Ölkəsinin “avam” sakinlərini, İslam quruluşunu iyrənc üsullarla dünyaya çatdırdığına görə. Guya yalnız azadlıq quşu olan super dövlət onları xilas edə bilər. Bizim xaricdəki nasirlərimiz isə böyük mükafatlara ümid etməsinlər. Rusiya kimi güclü ölkədən çıxan yazıçılara - Buninə, Soljenitsına, Bulqakova ağılları getməsin. Adıçəkilən nasirlər onlara istifadəci gözündə lazımdır. Xaricdə yaşayan azərbaycanlı nasirlərə yalnız ayda 3-4 min verməklə kifayətlənirlər. Sabah Azərbaycanı güzəştə məcbur etdirmək istəyəndə lazım olan nasirlər isə hələ də bunu anlamırlar. İstifadə müddəti bitəndən sonra pulu azaldacaq, sonra deportasiya edəcəklər. İllərdir ki, bunu görürük. Böyük ölkələr bizi heç vaxt istəməyib. Bundan sonra da istəməyəcəklər. Kiçik ölkənin varlanması, üstəlik risklərə baxmayaraq sözünü açıq deməsi, kiminsə fiti ilə oynamaması kimləri qıcıqlandırmaz ki?!
Beləliklə, Yeni ilə daxil olduq. Hamımız ölkədə əmin-amanalığın, sabitliyin olmasını dilədi. Əlbəttə, can sağlığı və maddi durumun yaxşılaşması da öz yerində. Saat 12 tamamda ürəyimdən keçdi ki, görəsən erməni əsirliyində olan Dilqəm Əsgərov və Şahbaz Quliyev ürəklərində nə arzu ediblər? Əlbəttə ki, azad olunacağı günü gözləyirlər. Beynəlxalq informasiya agentlikləri isə heç vaxt bu barədə danışmırlar. “Amerikanın səsi” isə ancaq Azad Həsənovun aclıq keçirməsindən yazdı. Yeri gəlmişkən, Mehman Hüseynovun “aclıq” etməsindən sonra digərləri də “aclığa” başladı. Sözüm bunda deyil. Sözüm ondadır ki, sanki bütün bu hadisələr bir mərkəzdən idarə edilir. Bir az da dərinə gedib görürsən ki, yenə də “Soros” barmağı işindədir. O barmaq ki, qanlı hadisələrə sentimental “ərəb baharı” adını verib milyonlarla insanı evindən didərgin saldı, on minlərlə insanın həyatına son qoydu. Beləliklə, indi də siyahıda olanlar bir-birinin ardınca aclıq etməyə başladılar. İşarə verilir, xarici qəzetlər də tirajlayır. Bəli, bir insan kimi heç kimin həbsxanada olmasını arzulamıram. Amma niyə xarici təşkilatlar torpaqlarımızın işğalına dair heç nə yazmırlar. Buna dair məsələ qaldırılanda deyirlər ki, kompromisə gəlin. Anlaşılmır ki, torpaqları işğal edən ölkə ilə hansı kompromisdən söhbət gedə bilər? Bax, adama təsir edən budur. O ki qaldı kiminsə mənim ölkəmdə sabitliyi pozacaq addımlarına... Mən sabah bombaların başımıza tökülməsini istəmirəm. Ağlı başında olan kimsə bunu arzulamaz. Bunu bir vətəndaş kimi bağışlamıram və bağışlamaq fikrim yoxdur.