Azər Qismət |
Nəhayət ki, çoxmənzilli binalarda yaşayan vətəndaşlar mənzillərinin əsl sahibinə çevrildilər. Prezident İlham Əliyevin fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanı əmlak mənzil bazarında canlanma yaratmaqdadır. Vətəndaş indiyə qədər yaşadığı mənzilin idarə edilməsi hüququ qazandı. Bu fərmanla vətəndaşlar qeydiyyat və sosial problemlərinin həllini təmin edəcəklər. Həmin mənzillər girov əməliyyatlarına sərbəst şəkildə cəlb oluna biləcək, bağışlama, vərəsəlik hallarında dövlət büdcəsinə vəsaitlər daxil olacaq. Bundan başqa, bütün mənzillərin saxlanılması və idarə edilməsində uzun müddətdən bəri yığılıb qalmış problemlər həll olunacaq.
Yasamal rayonunda tikilən çoxmənzilli binanın sakini Habil Rzayevlə uzun illərin dostuyuq. Oturub-durub gileylənirdi ki, “bu günə qədər anlaya bilmirdik: “Bu ev bizimdirmi? Həmişə narahatlıq içində qalırdıq ki, istənilən vaxt bizi evdən çıxara bilərlər. İndi ürəyimiz yerinə gəldi”. Habil Rzayev computer proqramçısıdır. 6 il idi ki, mənzil alsa da, hələ öz evinin sahibi deyildi. Dəfələrlə müraciətlər etsə də, mənzilinə sənəd ala bilmirdi. Son iki ildə ümidini üzərək daha məktub yazmır, müraciət etmirdi. Onun kimi sakinlərin sayı isə minlərlə idi. Elə Habilin simasında o minləri anlamaq heç də çətin deyil. Binalar istismara qəbul edilmirdi.
İlkin təhlillərə görə ölkədə belə binaların sayı 400-ə çatır. Lakin yaxın aylar ərzində bu rəqəm bir qədər də dəqiqləşə bilər. Dövlət başçısının müvafiq fərmanına əsasən isə vətəndaşların mənzil hüqüqlarının qeydiyyata alınması ilə bağlı problem həllini tapacaq. 2019-cu ilin 1 yanvar tarixinədək tikilən və yaşayış olan binalara şamil edilən fərman təxminən 50-60 min mənzili əhatə edəcək. Binaların qeydiyyatının gecikdirilməsini bir neçə səbəblə izah edirlər. Birincisi, tikintidə icraatın tamamlanmaması. Belə ki, mənzil tikinti kooperativləri və ya tikinti şirkətləri tərəfindən bu məsələyə məsuliyyətlə yanaşılmayıb. İkinci səbəb təsdiq olunan layihələrdən kənara çıxılması halları ilə bağlıdır. Bəzən binalarda əlavə tikinti işləri aparılıb. Hansısa tikinti şirkəti 10 mərtəbə əvəzinə 12 mərtəbə tikib. Sənədləşməsi düzgün olan Mənzil Tikinti Kooperativlərinin bir qrupu isə binanın istismara qəbul olunmasına tələsmirdi ki, bu da vətəndaşa əlavə problem yaradırdı.
İndi vətəndaşlarasılı vəziyyətdə qalmayacaq. Onların mənzilə qeydiyyat sənədi olacaq. Necə deyərlər, “mənim evim mənim qalamdır” prinsipi sənədlə rəsmiləşdi. Kommunal problemlərin həlli də bir çox hallarda sakinlərin üzərinə düşürdü, alqı-satqıda problemlər yaranır, vətəndaş övladını yaxınlıqdakı məktəbə yerləşdirə bilmirdi. Prezidentin imzladığı fərman bu kimi problemlərin həlli ilə yanaşı, həmin mənzillərin girov əməliyyatlarına sərbəst şəkildə cəlb olunmasına imkan verəcək. Bird aha qeyd edək ki, alqı-satqı əməliyyatları üzrə dövlət büdcəsinə daxilolmalar artıracaq, binanın idarəçiliyi baxımından yığılıb qalan problemlər sakinlərin xeyrinə həllini tapacaq, mənzil bazarında canlanmaya səbəb olan proses, ipoteka ilə mənzil almaq istəyənlərə də əlavə imkan yaradacaq.
Neçəillik dostum Habil Rzayev deyir ki, bankdan kredit götürə bilmirdik. İş yerimizdən arayışa görə cüzi miqdarda kredit alırdım. Amma iri məbləğ üçün mənzilin sənədini istəyirdilər. İndi dostum istehlak krediti götürüb kiçik biznesə başlamaq istəyir. Uğurlar arzuladım. Sevincini görsəydiniz…
Bundan sonar mülkiyyət hüququnu təsdiqləyən sənədlərin olması həmin mənzillərin əmlak bazarına inteqrasiyasını sürətləndirəcək. Mənzil bazarında tələb-təklifin artması, qiymətlərin optimallaşdırılmasına və sabitləşməsinə gətirib çıxaracaq. Mənzil bazarında dövriyyənin artması həm də inşaat sektoru üçün çox vacibdir. Çünki, inşaat sektoru da bu halda daha çox mənzili bazara çıxarmağa maraqlı olacaq. Amma bu heç də o demək deyil ki, sözügedən binaların dövlət qeydiyyatına alınması ilə onların təhlükəsizliyi unudulur. Dövlət başçısının fərmanı təhlükəsizliyi ön plana çıxarır. Təhlükəsizlik sahəsində norma və standartların pozulması bağışlanmır. Sahibkara 5 il müddət veriləcək ki, təhlükəsizliyi yerinə yetirsinlər. Çünki təhlükəsizlik əsas amildir.
Beləliklə, minlərlə vətəndaş öz mülkünün sahibi olmaqla büdcəyə əmlak vergisi ödəyəcək, əqdlər rəsmi dövlət qeydiyyatına salınacaq, bu isə milyon manatlarla əmlak vergisinin ödənişi deməkdir. Problemin həlli, binaların idarəedilməsində daha müasir menecement yaradacaq. Kommunal haqların məbləği optimallaşdırılacaq. Ən əsası odur ki, dostum Habil Rzayev kiçik biznesə başlayacaq. Deməli, bir fərmanla nə qədər insanın evində sevinc işığı yanacaq.