31 may 2019 17:15
1348

Final oyunu Azərbaycanın yüksək təşkilatçılıq təcrübəsini bir daha dünyaya göstərdi

May ayının 29-da paytaxt Bakı bir daha dünyanın diqqət mərkəzində oldu. İdmanın ən maraqlı növü olan futbol üzrə UEFA Avropa Liqasının final oyunu məhz Bakıdakı Olimpiya Stadionunda baş tutdu. Oyundan öncə bir çox qurum və şəxslər finalın Bakıda keçirilməsinin təhlükəsizlik baxımından arzuolunmaz olduğunu bildirərək tədbirin əhəmiyyətinə kölgə salmaq, Azərbaycanın adına qara yaxmaq istəsələr də, bu, baş tutmadı. İstər ölkəmizə gələn turistlər, istərsə də ekran başında olan yüz milyonlarla tamaşaçı final oyununun nə qədər təhlükəsiz və yüksək səviyyədə keçirildiyinin şahidi oldular. Azərbaycan böyük beynəlxalq tədbirləri, o cümlədən bütün dünyanın diqqət mərkəzində olan idman yarışlarını yüksək səviyyədə təşkil etmək bacarığını bir daha nümayiş etdirdi. Bir daha sübut olundu ki, Azərbaycan belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktira - idman komplekslərinə, xidmət sektoruna, təhlükəsizliyə malik ölkədir.

YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin Şura üzvü Kubra Əliyarlı mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, idman tarixində mühüm hadisə olan və milyonlarla insanın maraqla izlədiyi UEFA Avropa Liqasının final oyunu yüksək təşkilatçılıqla baş tutdu: “Dünyaca məşhur futbolçuların və geniş turist axınının bir neçə gün ərzində ölkəmizi, xüsusilə paytaxt Bakı şəhərini gəzib görmələri, xalqımızın yüksək qonaqpərvərliyi ilə qarşılaşaraq buradakı inkişafla yaxından tanış olmaları yüksək təəssüratların yaranmasına səbəb oldu. Bildiyimiz kimi, Azərbaycan həyata keçirilən uğurlu xarici siyasətin nəticəsi olaraq dünyada özünə layiqli yer tutub, ölkəmizin birbaşa təşəbbüskarlığı ilə reallaşan irimiqyaslı iqtisadi layihələr və islahatların nəticəsi olaraq davamlı inkişafımız təmin edilib”.

K. Əliyarlı bildirdi ki, oyundan öncə narahat olan şəxslər və qurumlar bilməli idilər ki, Azərbaycan daha əvvəl də bu kimi tədbirlərə ev sahibliyi edib və heç bir xoşagəlməz hadisə baş verməyib: “Azərbaycan bu cür yarışların keçirilməsi ilə dünyada artıq özünü təsdiq edib. Belə ki, bu, ölkəmizdə keçirilən ilk beynəlxalq tədbir deyil. Müxtəlif illərdə Azərbaycan siyasi, ictimai, mədəni, kütləvi, idman və mədəniyyət yarışlarına ev sahiliyi edərək dünyanın rəğbətini və diqqətini qazana bilib. “Eurovision” mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və sair belə tədbirlər ölkəmizin artıq bu sahədə yetərincə təcrübəyə malik olduğunu göstərir. Sözsüz ki, bu dünya əhəmiyyətli beynəlxalq layihələrin və tədbirlərin ölkəmizdə keçirilməsi təsadüfi deyil. Bütün bunlar ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti, dünyadakı nüfuzu və ölkəmizə olan böyük etimadın göstəricisidir. Bütün tədbirlərin yüksək səviyyədə keçirilməsi ilə ölkəmiz ona olan etimadı və ümidləri doğrulda bilib və tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi etməyi bacarıb. Dünənki final oyunu da öz peşəkar təşkilatçılığı, yerli və xarici azarkeşlərin kütləvi iştirakı, dünya mediasında geniş işıqlandırılması ilə öz sözünü demiş oldu”.

Final oyununu Bakı Olimpiya Stadionunda canlı izləyən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev də bildirdi ki, ölkəmiz UEFA Avropa Liqasının final mərhələsinə yüksək şəkildə ev sahibliyi etdi: “Qeyd etmək lazımdır ki, Azərbaycanın bu cür idman yarışlarına ev sahibliyi etməsi məlum antiazərbaycan qüvvələri əvvəldən narahat etməyə başlamışdı və bu səbəbdən onlar ölkəmizə qarşı müxtəlif təxribatlar həyata keçirməyə cəhdlər edirdilər. Xüsusilə, erməni lobbisinin təsiri altında olan qüvvələr tərəfindən ölkəmiz haqqında reallığı əks etdirməyən məlumatlar dərc edilirdi. Ancaq qürürla və fəxrlə qeyd edə bilərəm ki, mayın 29-da Azərbaycan bu idman yarışını yüksək səviyyədə keçirdi. Bir daha reallıq və gerçəklik onu göstərdi ki, Azərbaycan sabit və təhlükəsizliyin yüksək səviyyədə olduğu ölkədir. Xüsusilə, Bakı Olimpiya Stadionunda olarkən, futbola tamaşa etmək üçün gələnlərin əksəriyyətinin ingilis əsilli əcnəbilər olduğunu müşahidə etdim. Eyni zamanda, bu cür mötəbər yarışların keçirilməsi ölkəmiz üçün turizm baxımından da olduqca önəmlidir. Orada olarkən bir neçə əcnəbi ilə söhbət edib ölkəmizlə bağlı təəssüratlarını soruşdum. Bir neçə azarkeş Bakını çox sevdiyini, bir neçə gün ölkəmizdə qalıb turistik yerləri gəzəcəklərini bildirdi”.

Taleh Bağırov, “İki sahil”