Vəli İlyasov |
“Nikol Paşinyan hakimiyyət başına gəldiyi ilk gündən Qərbpərəst siyasət apararaq Ermənistan vassalı olduğu Rusiyadan uzaqlaşdırmaq xətti götürüb. Soyuyan münasibətlər artıq düşmənçiliyə çevrilməkdədir. Rusiya hakimiyyətinin İrəvana qarşı inamsızlığı güclənir, qarşılıqlı münasibətlər daha da kəskinləşir”.
Bu məlumatı Ermənistanda nəşr olunan “Past” qəzeti yayıb. Qəzet son iki ildə Ermənistan-Rusiya münasibətlərinin hələ də qeyri-müəyyən olduğunu bildirib: “İşlər o həddə çatıb ki, indi xarici işlər naziri Zöhrab Mnatsakanyan və baş nazir Nikol Paşinyanın özü Rusiya ilə real problemlərin olması faktını açıq etiraf edirlər. Lavrovun kəskin Qarabağ bəyanatı, Paşinyanın Moskvaya səfərindən imtinası, qaz qiymətləri, Lavrovun zəngi və Köçəryanın həbsinin müzakirə edilməsi, eləcə də spiker Ararat Mirzoyanla Duma sədri Vyaçeslav Volodin arasında qalmaqallı telefon danışığı Moskvanın təzyiq etdiyinə açıq nümunədir.”
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Nikol Paşinyanın Ermənistana satılan təbii qazın qiymətinin aşağı salınması barədə dəfələrlə etdiyi xahişlərə mənfi reaksiyası soyuq münasibətlərin məntiqi nəticəsi idi. Bundan sonra Putinin həbsdə olan eks-prezident Robert Koçaryanın azadlığa buraxılması barədə olan istəyini baş nazirin qulaqardına vurması və buna kobud münasibəti Kremlin sahibini daha da əsəbiləşdirdi.
Rusiya Ermənistan münasibətlərinin son bir il ərzində kifayət qədər pisləşməsi, iki ölkənin əlaqələrinin kəskin ziddiyyətlər mərhələsinə qədəm qoyması müşahidə olunmaqdadır. Bütün bunların kökündə dayanan başlıca amil isə baş nazir Nikol Paşinyanın Rusiyanın mövqeyinə zidd addımlar atması, komandasında Moskva əleyhinə olan şəxslərin çoxluq təşkil etməsidir. Məhz belə bir vaxtda Yerevanda Rusiyanın heç də xoş qarşılamayacağı daha bir addım atılıb. Belə ki, Rusiyanın dövlət bayrağını açıq-aşkar tapdalayan David Gevorkyan Araqason vilayətinin qubernatoru təyin edilib.
Bayraqla bağlı hadisə Rusiyanın Yerevandakı səfirliyinin binasının qarşısında keçirilən etiraz aksiyası zamanı baş verib. Ermənistan parlamentindəki “İşıqlı Ermənistan” müxalif fraksiyasının başçısı Edmon Marukyan bununla bağlı hakimiyyətdən izahat tələb edib: “Bu günlərdə mediada Araqason vilayətinin qubernatorunun etiraz aksiyasında iştirak edib Rusiyanın dövlət bayrağını yandırmaq cəhdi barədə məlumatlar yayılmışdı.
Həmin aksiyada bunu etməyə polis imkan verməyib. Ancaq o, Rusiyanın dövlət bayrağını ayağı altına ataraq tapdalayıb. Fikrimcə, vətəndaş öz mövqeyini başqa dövlətin bayrağını yandırmaq və ya tapdalamaqla bildirə bilər. Ancaq belə bir adamın Ermənistanda qubernator kimi yüksək vəzifəyə təyin edilməsini başa düşə bilmirəm. Halbuki hakimiyyət Rusiya ilə əlaqələrin gücləndirilməsi istiqamətində fəaliyyət göstərdiyini iddia edir”.
David Gevorkyan 2018-ci il oktyabrın 10-dək Ermənistanın ərazi idarəetmə və inkişaf nazirinin müavini vəzifəsində işləyib. O, həmin tarixdə istefa verərək qubernator vəzifəsinə təyin edilib. Hesab edilir ki, belə bir adamın yüksək vəzifədə qalması Rusiya-Ermənistan münasibətlərini daha da pisləşdirəcək.
Digər tərəfdən, Ermənistanda Rusiyanın adamları kimi tanınan şəxslərin sıradan çıxarılması Moskvada xoş qarşılanmır. Yerevana xəbərdarlıq edilsə də, Paşinyan bunu nəzərə almır. Elə bunun nəticəsidir ki, Rusiyanın adamları kimi tanınan Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, müdafiə naziri Seyran Ohanyan, müdafiə nazirinin keçmiş müavini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş katibi Yuri Xaçaturov və Ermənistanın baş nazirinin keçmiş müavini Armen Gevorkyanın artıq məhkəməsi keçirilir. Halbuki Rusiya bu şəxslərə toxunmamaq üçün Yerevana dəfələrlə mesaj göndərib. Lakin bu da nəzərə alınmayıb. Həmin şəxslərlə bağlı məhkəmə prosesi isə Yerevanın Avan və Nor Nork rayonunda keçirilir.
Xatırladaq ki, Dağlıq Qarabağda Rusiyanın “adamı” olan Bako Saakyanın deyil, Paşinyanın namizədinin “seçilməsi” dərinləşməkdə olan narazılığın pik həddə çatmasına səbəb olub. Rusiya telekanallarında və mətbuatında Ermənistan əleyhinə güclü təbliğatın aparılması da buna sübutdur. Həmin veriliş və məqalələrdə ermənilərin Qafqaza gəlmə olduqları tarixi faktlarla açıqlanır. Təbii ki, Rusiya cəmiyyətində ermənilərə qarşı allergiya yaradılması Ermənistana öldürücü zərbələrdən biridir. Artıq neçə vaxtdır ki, RF-nin bir neçə vilayətində yuva salmış ermənilərə qarşı yerli sakinlərin etirazı və kütləvi dava-dalaşları haqqında məlumatlar yayılır.
Bütün bunlara baxmayaraq baş nazir Nikol Paşinyanı ram etmək mümkün olmur. Beləliklə, Rusiya-Ermənistan münasibətləri kəskinləşərək öz apogeyinə çatmaqdadır. Bu isə həyatın bütün sahələrində vəziyyəti gərgin olan Ermənistana yaxşı heç nə vəd etmir.
Vəli İlyasov, “İki sahil”