![]() |
Vəli İlyasov |
“Xəzər” adında dəniz yoxdur və Xəzər vəhşi bir tayfanın adı olub.
Bu sözləri İran İslam Respublikası Mazandaran əyalətinin İslami Mədəniyyət Təşkilatının müdiri Məhəmməd Məhəmmədi deyib.
Mədəni tədbirdə çıxış edən İran rəsmisi Xəzər dənizi yerinə “Mazandaran” dənizi ifadəsininin işlədlməsini tövsiyə edib. Öz işini bir yana qoyub Xəzərin adı ətrafında var-gəl etməyə cəhd göstərən mədəniyyət işçısi başı girməyən kola bədənini soxmağa çalışıb. İranın ali dövlət rəsmiləri isə məsuliyyətini bilməyən yekəbaşa dilinə yiyəlik etməyi tapşırmır. Unutmuruq ki, Məhəmmədi bu iddianı təsadüfi səsləndirmir. Onun ölkəsi Xəzərin hüquqi statusu müəyyənləşdiriləndə də maniələr yaradırdı.
Problem ondadır ki, Xəzərin statusu məsələsində İran hər zaman qeyri-konstruktiv mövqe tutub. Bunun da səbəbi odur ki, İran əvvəllər Xəzəri göl hesab edirdi. Tehran bundan çıxış edərək iddia edirdi ki, Xəzərin bütün sərvətləri sahilyanı ölkələr arasında bərabər şəkildə bölünməlidir. Ancaq Azərbaycan da daxil olmaqla digər 4 sahilyanı dövlət Xəzəri beynəlxalq aləmdə qəbul olunduğu kimi, dəniz statusunda görmək istəyirdi. Nəhayət, 20 ildən çox çəkən müzakirələrdən sonra İran Xəzərin indiki statusu ilə razılaşdı. 2018-ci ilin avqustunda Xəzərin statusuna dair sahilyanı ölkələr tərəfindən Konvensiya imzalandı. Lakin indiyə qədər Konvensiyanı yeganə olaraq İran parlamenti ratifikasiya etməyib. Bu da İranın əvvəlki destruktiv mövqeyi ilə bağlı olan məsələdir. Tehran süni olaraq məsələnin birdəfəlik həllini yubadır. Görünən odur ki, İran yenə də əvvəlki kimi Xəzəri göl statusunda görmək istəyir. Bu, Tehran rejiminin qeyri-sağlam siyasətindən irəli gəlir. İran istəmir ki, 3 sahilyanı türk dövləti – Azərbaycan, Türkmənistan və Qazaxıstan güclənsin. Ona görə də belə məntiqsiz siyasət yeridir.
İranın addımları pozuculuqdan başqa bir şey deyil və xoş məramdan xəbər vermir. Molla rejimi hər yerdə türk və müsəlman aləminin buxovuna çevrilib. Bu səbəbdən də iki ayağını bir başmağa soxan Məhəmmədi başından böyük laflar edib. O, “Xəzər dənizi” ifadəsindən istifadə etməyi “mədəni və tarixi işğalçılığın” davam etdirilməsi kimi dəyərləndirib. Bir bu yaramaza baxın, işğalçı özü ola-ola kimə işğalçı deyir? Hazırda bir neçə xalq İranın əsarəti altında, insan azadlıqları, haqq və hüquqları əllərindən alınmış vəziyyətdə qalmaqdadır. Molla rejiminin Suriyada, Əfqanıstanda, Azərbaycanda çıxardığı hoqqalardan kimin xəbəri yoxdur?
Qeyd edək ki, Xəzər dənizinin adı məşhur türk etnosu Xəzərlərlə bağlıdır. Göytürk imperiyasından axınla gələn Xəzərlər yurd saldıqları həmin ərazidə sürətlə artaraq yüzillərlə davam edən, indiki Ukraynaya qədər uzanan böyük bir imperiyaya sahib olmuşdular.
Məhəmmədinin istehza etdiyi Xəzərlər eramızın VII əsrindən X əsrinə qədər mövcud olmuş güclü bir türkdilli xalq və dövlət idi. Onlar şimaldan Xəzər dənizinə, qərbdən Dnepr çayına, şərqdən İtil çayına (indi Volqa) qədər uzanan geniş ərazidə güclü hakimiyyət qurmuşdular. Bütün müharibələrdən qalib çıxırdılar. Bəzi dövlətlər onların bacarıqlı əsgərlərindən muzdlu döyüşçü kimi istifadə edir, hərbi qüdrətini yüksəldirdi. Xəzərlər həm də Bizans və ərəb xilafəti ilə mübarizə apararaq slavyanlara böyük təsir göstərmişdilər. Xəzərlər qədim Kiyev dövlətinin yaranmasında müəyyən rol oynamışdılar. Eramızın 455-ci ilində fateh Atillanın ölümündən sonra Hun imperiyası dağılmışdı. Onu əvəzləyən Xəzərlər imperiyası ən güclü dövlət sayılırdı. Nizami ordusu, hərbi istedada malik qoşun başçıları və bacarıqlı, qorxmaz döyüşçüləri qarşısında heç bir ordu dayana bilmirdi.
Belə görünür ki, “qara qızın dərdi varmış.” Məhəmmədiyə təsir edən odur ki, Xəzərlər həmişə Sasani imperiyasına baş qaldırmağa imkan verməmişlər. Onlar dəfələrlə Sasani imperiyasını ağır məğlubiyyətə uğratmışlar. Həm də Xəzərlərin böyük bir qismi yəhudiliyi, kiçik qismi isə müsəlmanlığı qəbul etmişlər. Ona görə də Məhəmmədi “Xəzərlər” sözündən qıcıqlanır və nə danışdığını bilmir. Görünür, təkcə söz deyil, o, Xəzərlərin Sasaniləri darmadağın etməsini sinirə bilmir...