![]() |
Vəli İlyasov |
Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini Aleksey Çepa Moskva-Bakı münasibətləri ilə bağlı diqqətçəkən açıqlama verib. Məlumata görə, deputat bildirib ki, bütün çətinliklərə baxmayaraq Rusiya və Azərbaycan arasındakı dostluğun bərpası labüddür.
Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq qarşıdurmadan qat-qat daha faydalıdır, xüsusilə də iqtisadi sahədə. O, deyib: “Dostluq münasibətlərinin və iqtisadi maraqların inkişaf perspektivləri çox böyükdür. İstənilən halda istiləşmə qaçılmazdır – bu, sadəcə, zaman məsələsidir. Sual yaradan məqamlar var, amma yavaş-yavaş hamısı həll ediləcək”.
Üç-dörd cümləlik açıqlamasında bir neçə məsələni bir-birinə qatan deputat yəqin nə danışdığının fərqində olmayıb. “İstiləşmə qaçılmazdır”, “labüddür” deyən dumanın komitə sədrinin müavini “soyuqlaşma”nı kimin saldığını xatırlatmır. Çünki sərf eləmir, yoxsa tapşırıqdan kənara çıxmış olar. O da Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuq kimi etdikləri düşmənçilikdən deyil, birbaşa “qaçılmaz dostluq”dan dəm vurur. Qətllərlə, həbslərlə, təhqirlərlə, deportlarla dolu olan bu “dostluq” kiməsə lazımdırmı? Bəyəm dostluq belə olur? Bir tərəfdə ölüm-itim, zorakılıq, o biri tərəfdə dostluq. Bu, necə olur? Yəni Rusiya hakimiyyətində bir ağıllı təmsilçi tapılmır ki, səmimiyyətlə danışsın, hər şeyi öz adı ilə çağırsın, ölkəsində günahsız azərbaycanlılara qarşı törədilmiş cinayətlərin kökünü göstərsin və səbəbini izah etsin?
Təəccüblüdür ki, çox fikirləşdikdən sonra Aleksey Çepa ilə Aleksey Overçuq yeni və inanılmaz metod tapıblar. Bunlar Rusiyanın indiyədək Azərbaycan xalqına və dövlətinə etdiyi saysız düşmənçiliyi qatlayıb bir kənara qoymağı, ancaq iqtisadiyyatı birgə inkişaf etdirməyi məsləhət görürlər. Yəni başını yar, ətəyinə qoz tök. Bu boyda mənsəb sahiblərində bir qram ağlın olmadığı söylədikləri bir cümlədən aydın olur. Belə düşünmək üçün ali məktəb bitirmək, dövlətdə yüksək vəzifə tutmaq lazım deyil. Belə ağıl və məntiq üçün orta məktəb şagirdi olmaq da bəs edər. Nəhəng bir əraziyə malik imperiyanı idarə edənlərin bəsit ağılları, insanlıqdan uzaq davranışları adamı lap təəccübləndirir.
Dövlətin məsul vəzifəli şəxslərinin səkkiz ay əvvəl Qroznı səmasında vurduqları Azərbaycanın sərnişin təyyarəsinin hesabını vermək, ondan sonra ta indiyədək törətdikləri digər cinayətlərə aydınlıq gətirmək əvəzinə söylədikləri şirin nağıldan başqa bir şey deyil. AZAL-ın sərnişin təyyarəsində həlak olanların ailələri və Azərbaycan xalqı belə nağıllara inanmır. Rusiya hakimiyyətində oturanlar nə qədər qudurublarsa hələ indiyədək başsağlığı vermək, kompensasiya ödəmək və günahkarları cəzalandırmaq barədə heç düşünmürlər də. Bunları tələb etdiyimizə görə isə Rusiya ərazisində yaşayan azərbaycanlıların sıxışdırılması, ölkədən əsassız deport olunması, döyülüb-öldürülməsi, təhqir edilməsi və s. vəhşiliklər baş alıb gedir. Qəribəlik ondan ibarətdir ki, bütün bu cinayətlərin hələ də davam etdiyi şəraitdə alekseylər kimi başıboşlar peyda olub “iqtisdadi əməkdaşlıqdan” və “dostluqdan” danışmağı “prob” edirlər. Əlbəttə, Azərbaycanda bunların boş danışıqlarına qulaq verən yoxdur. Əksinə, ölkəmizin ictimaiyyəti Rusiya rəhbərlərinin üzrxahlığını, vurulmuş ziyanın ödənilməsini, günahkarların tapılıb cəzalandırılmasını gözləyir. Amma daha bu da gecdir. Lap gözlədiklərimizə əməl olunsa da, ona dostluq demək olmaz, biz dəfələrlə kimin dost, kimin düşmən olduğunu gördük. Bir daha inandıq ki, iki yüz ildən artıq müddətdə Azərbaycana olmazın zərbələr vuran, ərazilərini param-parça edən, bir hissəsini kimə gəldi paylayan Rusiya yenə də öz ampluasındadır. Nəhayət, onun Qarabağı əlimizdən alıb Ermənistana bağışlamaq planı pozuldu. Rəşadətli ordumuz cəmi 44 gün müddətində işğal altında saxlanan ərazilərimizi düşmənlərin caynağından xilas etdi. Bu, Rusiyaya dərs olmadı. Son beş ildə Zəngəzur dəhlizini mübahisələndirib “baş münsif”-vasitəçi olmaq, yenə hansısa fəsadlara müəllif olmaq istəsə də alınmadı. Bu dəfə özünün qondardığı Ermənistan da ona qarşı çıxdı. Heç vaxt heç kəslə dinc əməkdaşlıq və dostluq etməyən Rusiyanın qoşunları və hərbi bazaları Azərbaycan ərazisindən qovulub çıxarılıb. Ona qətiyyətlə “bəsdir”, “yetər” dedik və bu gün də sözümüzün üstündə durmuşuq.
Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən də əliboş qayıdan Rusiya prezidenti orada əvvəlki təmtəraqlı qarşılanmanı görmədi. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Putinlə barmaqucu salamlaşıb ona yaxınlaşmadılar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vladimir Putinə Azərbaycan və Ermənistan barədə söylədiyi bir neçə cümlədə ittihamedici sözlər cavabsız qaldı. Çünki cavab verməyə arqumenti yox idi.
Bütün bunlara baxmayaraq, rəsmi Kreml Rusiyada azərbaycanlılara qarşı vəhşilikləri davam etdirir, uzun illər işləyib qazandıqlarını əllərindən alır, ticarətlə məşğul olduqları bazarları, mağazaları dağıdırlar. Hətta uşaqlara belə rəhm etmirlər, cismani cəza verərək onları da həbsxanaya aparırlar.
Gözlərinin qarşısında baş verən bu barbarlıqlardan sonra iki vəzifəli Alekseyin ortaya çıxıb “iqtisadi əməkdaşlıqdan”, “dostluqdan”, gülünc “böyük qardaşlıqdan” dəm vurmaları yalnız özlərini axmaq vəziyyətinə salmaqdır. Təbii ki, bu cür axmaqlıqlara özlərindən başqa kimsə inanmaz.
Belə çıxır ki, yüksək vəzifəli iki Alekseydə bir qram ağıl yoxdur. Əgər Rusiya bu ağılda olanların çiynindədirsə, onda bu dövlətin varlığı əmin əllərdə deyil. Bəlkə də Rusiya rəhbərliyinin tələskənliyi, hər şeyi tez qamarlamaq istəməsi bundan irəli gəlir? Artıq bir az irəlini görən bəzi ruslar Vladimir Putinin onları haraya aparıb çıxardığını yaxşı bilirlər. Bəlkə heç bir sahədə uğur qazana bilməyən, əksinə, uduzaraq geri çəkilən prezident Vladimir Putin lap kiçik da olsa bir qələbə qazanıb xalqın inamını yenidən qaytarmağa çalışır? Təki belə olsun. Öyünmək üçün heç vaxt qələbə üzü görməsin. Belələri haqqında deyiblər ki, Allah qotur versin, qaşımaq üçün dırnaq verməsin. Axır ki, amansız rus şovinistlərinin başqalarına verdikləri dərmansız dərdlər qoy indi özlərinin olsun. Bəlkə onda başa düşdülər ki, fironluq edənlərin sonu necə acınacaqlı qurtarırmış.