KÖŞƏ

Nigar Orucova

Bakıdan dünyaya açılan pəncərə

24 iyun 2020 09:16
2666

Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Ölkəmiz bir sıra beynəlxalq təşkilatların, o cümlədən Birləşmiş Millətlər Təşkilatının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin üzvüdür. Azərbaycan həm də GUAM regional qrupunun təsisçilərindən biridir. Bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə ölkəmiz öz milli maraqlarını gerçəkləşdirir. Yürüdülən xarici siyasət Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin və risklərin aradan qaldırılması kimi həyati əhəmiyyətli məqsədə xidmət edir.

Respublikamızın beynəlxalq təşkilatlarda nüfuzunun yüksək olmasının nəticəsidir ki, Azərbaycan 2019-cu ildən etibarən Qoşulmama Hərəkatına sədrlik edir, bir sıra qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində  keçən dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilmiş, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olmuşdur. Xüsusilə BMT çərçivəsində çoxtərəfli əməkdaşlıq Azərbaycana nisbətən qısa müddətdə beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirməyə, istər üzv dövlətlər, istərsə də təşkilatın özü ilə sıx əlaqələr yaratmağa imkan vermişdir. Azərbaycan – BMT münasibətləri çərçivəsində ölkəmiz müxtəlif layihələrlə bağlı uğurla əməkdaşlıq edir. Bundan əlavə, UNESKO, UNİCEF və BMT-nin digər xüsusiləşdirilmiş təşkilatları ilə əməkdaşlığımızı da vurğulamaq olar.

Azərbaycan dünyanın ikinci güc mərkəzi sayılan Avropa İttifaqı (Aİ) ilə əlaqələrə də xüsusi əhəmiyyət verir. Avropa İttifaqı ilə imzalanmış “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”ndə (TƏS) tərəflər arasında siyasi və ticarət sahəsində əməkdaşlıq, Azərbaycanın qanunvericiliyinin Avropanın hüquq sisteminə uyğunlaşdırılması məsələləri öz əksini tapmışdır. Azərbaycanda Avropa İttifaqı ölkələrinin 1600-dan çox şirkəti fəaliyyət göstərir. Ölkəmiz həm də Avropa İttifaqının əsas enerji tərəfdaşlarından hesab olunur. Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması bu sahədə əməkdaşlığın daha da genişlənməsi müşahidə olunur. Azərbaycan Aİ-nin enerji sahəsində strateji tərəfdaşı olmaqla, hazırda Aİ-nin neft tələbatının 5%-ni ödəyir. Azərbaycan həmçinin Xəzər dənizinin qaz resurslarının Cənub Qaz Dəhlizi vasitəsilə Aİ bazarına çatdırılmasında həlledici rol oynayır.  Paralel olaraq Azərbaycan regionun mühüm nəqliyyat və logistika mərkəzidir və Avropa İttifaqı ölkələri ilə bu sahədə uğurlu əməkdaşlıq həyata keçirilir. Ölkəmizin ərazisindən keçən Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizləri yükdaşımalar üçün məsafə və müddət baxımından olduqca əlverişlidir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması, müasir gəmiqayırma zavodu, son standartlara cavab verən avtomobil yolları bu nəqliyyat dəhlizlərinin imkanlarını daha da genişləndirir.

Azərbaycan xarici siyasət kursunda beynəlxalq təşkilatlarla münasibətlərin qurulmasını və inkişaf etdirilməsini prioritet istiqamətlərdən biri hesab edir. Məhz belə siyasi kursun nəticəsi olaraq da Azərbaycan bu gün dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının – BMT, ATƏT,  Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər mötəbər qurumların üzvü kimi onların işində yaxından iştirak edir. Bu siyasət göstərir ki, Azərbayca bundan sonra da nüfuzlu beynəlxalq qurumlarla əlaqələrini daha da inkişaf etdirəcək.