09 iyul 2020 10:31
1513

Azərbaycan-Türkiyə münasibətləri bütün dünyaya örnəkdir

Məlumdur ki, iyulun 5-də Türkiyə koronavirusla mübarizədə dəstək məqsədilə Azərbaycana humanitar yardım göndərib. Bu yardıma 30 ədəd süni tənəffüs aparatı, 55 min ədəd kombinezon, 50 min ədəd N95 maska, 100 min ədəd cərrahi maska, 5 min tibbi eynək, 200 min əlcək və virusun müalicəsində istifadə olunan 40 min qutu müxtəlif dərman preparatı daxildir. Türkiyənin ölkəmizə pandemiya ilə mübarizədə mühüm rol oynayacaq yardım göndərməsi ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha təsdiqləməklə yanaşı, iki qardaş xalq arasında əlaqələrin sarsılmazlığını da isbatladı.

Dünyada bir-birinin dövlət müstəqilliyini Azərbaycan və Türkiyə qədər dəstəkləyən, həmrəylik göstərən başqa bir nümunə tapmaq çətindir. Azərbaycan və Türkiyə xalqlarının eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə doğma etmiş, sevincli, kədərli günlərdə də bir-birinin yanında olmasına şərait yaratmışdır. Xalqlarımızın yaxşı gündə də, pis gündə də bir-birinə dayaq olması, yardım əlini uzatması, əlbəttə ki, Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyəsini, möhkəm əlaqələrin salsılmaz xarakterini bir daha təsdiqləyir.

Qürurverici haldır ki, Azərbaycan və Türkiyə hər bir məsələdə olduğu kimi, COVID-19-a qarşı mübarizədə də birgə səy göstərirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birbaşa təşəbbüsü ilə Azərbaycana çatdırılan bu yardım, bizim qardaşlığımızın daha bir nümunəsidir. Dövlətlərarası yaxın münasibətlərin nəticəsi olan bu yardım iki ölkənin dövlət başçıları - cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın hər fürsətdə nümayiş etdirdikləri birliyin təzahürüdür.

Hazırda Azərbaycan Türkiyənin Qafqazda ən böyük müttəfiqi və iqtisadi tərəfdaşıdır. Naxçıvan Muxtar Respublikası istisna olmaqla, quru və dəniz sərhədlərinin olmamasına baxmayaraq, Türkiyə və Azərbaycan münasibətlərini strateji səviyyədə inkişaf etdirməyə nail olmuşlar. Azərbaycan Türkiyənin Qafqazda olduğu kimi, həm də Orta Asiya və Xəzər bölgəsində digər dövlətlərlə, xüsusən türkdilli dövlətlərlə əlaqə yaratması üçün mühüm vasitə rolunu oynayır. Türkiyə-Azərbaycan əlaqələri strateji ortaqlıq anlayışını tam mənası ilə daşıyır.

Qarşılıqlı etimad və həmrəylik əsasında formalaşan Azərbaycan-Türkiyə əlaqələri beynəlxalq platformalarda da davam edir. Hər iki dövlət Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və İslam Əməkdaşlıq Təşkilatında birgə əməkdaşlıq nümayiş etdirir.

Bu gün Azərbaycan və Türkiyəni bir-birinə möhkəm bağlayan strateji layihələr fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi- Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır. Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşır, iqtisadi sahədə əlaqələrin gücləndirilməsinə dair mühüm addımlar atılır.

Onu da qeyd edək ki, Türkiyəyə səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün viza tələbi də 90 günə qaldırılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişi təsdiq edib. Sazişə əsasən, 90 günədək müddətə səfər etmək istəyən Türkiyə və Azərbaycanın etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir. Bundan əvvəl isə Azərbaycan və Türkiyə vətəndaşları 30 gün vizasız qala bilirdilər.

Göründüyü kimi, Azərbaycan-Türkiyə əlaqələri bütün istiqamətlərdə uğurla inkişaf edir. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən iki və çoxtərəfli çərçivədə əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli istifadə edir. Hər bir məsələdə, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın yanında olan qardaş Türkiyə dövləti daim Azərbaycanın haqlı tələblərini ardıcıl müdafiə edib, Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxması tələbi ilə çıxış edərək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində səylər göstərir. Münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini bəyan edən rəsmi Ankara bu məsələ öz ədalətli həllini tapmayana qədər Ermənistan ilə diplomatik münasibətlər qurmayacağı və heç bir iqtisadi əlaqə yaratmayacağı barədə qəti mövqeyini yüksək dövlət və hökumət nümayəndələri səviyyəsində, beynəlxalq qurumların tribunalarından bəyan edir.

İki ölkə arasında əldə edilmiş uğurlar sarsılmaz birlik, dostluq və qardaşlıq bağının mühüm göstəricisidir. İki ölkə arasında əlaqələrin hərbi, müdafiə sənayesi, siyasi, iqtisadi və digər bütün sahələr üzrə dinamik artımda davam etməsi böyük bir coğrafi məkanda iqtisadi yüksəlişə təkan verir. Bu nailiyyətlərin əldə olunmasında, əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradələri, dövlət başçılarımızın qardaşlıq münasibəti tarixi rol oynayır.

Yaqut Ağaşahqızı, “İki sahil”